Qüdrətli Azərbaycanın təminatçısı
25 Dec 2018
Hər bir rəhbərin hansı əməlin sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir.
Bu mənada Prezident İlham
Əliyevin son 15 ildə respublikamıza bəxş etdiyi inkişaf, yüksəliş və quruculuq
dövlət başçısının əsil lider obrazından, yüksək idarəçilik qabiliyyətindən,
xalqın və dövlətin maraqlarını uca tutan bir Prezident olmasından xəbər verir.
Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını inamla davam etdirən cənab
İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə
inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Dövlətimizin
başçısının rəhbərliyi ilə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli
tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət
proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini
daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə
dinamik inkişafı, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli
yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə
imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun uğurlu davamını
göstərir. Bütün bunlar məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam
etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər
Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf
konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun
çevik qərarlar qəbul etməsi, hər bir məsələyə həssaslıqla yanaşması, daim
ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını
təmin edən mühüm nüanslardır. Ötən 15 ildə sosial-iqtisadi inkişaf istiqamətində
böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən Prezident
İlham Əliyev hər bir addımda məhz vətəndaşların mənafeyini əsas götürüb.
Respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan
biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu
ilə inamla addımlamasıdır. Xüsusən beynəlxalq iqtisadi geriləmənin yaşandığı və
hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan Prezidenti İlham
Əliyevin düşünülmüş iqtisadi kursu nəticəsində böhrandan uğurla çıxıb və həyata
keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm
qoyub.
Dünyada qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi
illərdə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə nailiyyətlərin
davamlı olması təmin edilib. Bu mənada Azərbaycanda yaranan inkişaf təcrübəsi
dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər. Dünyada əlverişsiz iqtisadi
proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı
terror aktlarının baş verdiyi son illərdə də Prezident İlham Əliyevin uğurlu
siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və
beynəlxalq nüfuzu daha da yüksəlib.
Azərbaycanda əldə edilən hər bir uğur vətəndaşların
Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi sıx
edib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri
Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun da əsas
səbəbi cənab Prezidentin məqsədyönlü fəaliyyət və bu fəaliyyətin xalq tərəfindən
böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, ötən hər
prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham
Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını
arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş
etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin
əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks
etdirib. Bu il aprelin 11-də keçirilən seçki bir daha bunun təsdiqi oldu.
Son prezident seçkiləri müdrik və qədirbilən xalqımızın öz taleyinə biganə
qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs
verməsinin əyani təsdiqi kimi tarixiləşdi. Xalqımız daxili inamına söykənərək
ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham
Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə
olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə
obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz
mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.
Xalqın seçimi həm də növbəti illərdə Prezident İlham
Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr
verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları Heydər
Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi,
qarşıdakı 7 ildə məhz Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı - Azərbaycan
Prezidenti cənab İlham Əliyevə etibar etdilər.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkəmizdə
milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bu mənada
ulu öndərin siyasi kursunun davamını dəstəkləyən xalqımız bundan sonra da cənab
İlham Əliyevin ətrafında sıx səfərbər olacaq. Odur ki, cəmiyyətdən daim dəstək
alan, ölkəmizi qüdrətləndirən, yüksəldən, milli maraqlarını dünyada layiqincə təmsil
edən Prezident İlham Əliyev xalqımızın alternativsiz lideridir. Səttar Möhbalıyev,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:
"Azərbaycan" qəzeti
25.12.2018-ci il