AZ | RU | EN
AZ | EN | RU

Respublika müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib

19 Jul 2018

2018-ci il iyulun 19-da  Bakı Biznes Mərkəzində «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti,  Milli Məclisin deputatı Səttar Möhbalıyev giriş sözü ilə çıxış edib.
S.Möhbalıyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bizim bugünkü görüşümüz əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunur.
Bu il Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi günü (28 aprel) və Ümumdünya Uşaq Əməyi ilə Mübarizə günü (12 iyun) çərçivəsində «Yeni nəslin təhlükəsizliyi və sağlamlığı» şuarı ilə birgə illik kampaniya keçirmək qərara alınmışdır.
Bu mövzu gənclərin təhsildən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə keçidinin təhlükəsiz və gənclərin sağlamlığı üçün ziyansız ötüşməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Birgə kampaniya BMT-nin 25 sentyabr 2015-ci ildə keçirilən sammitində qəbul edilmiş dayanıqlı inkişaf üzrə 17 qlobal məqsədin əldə edilməsi üçün fəaliyyətin sürətləndirilməsinə yönəldilib.
Son onilliklər ərzində iş yerləri intensiv texnoloji təkmilləşməyə məruz qalır ki, bu da sürətli qloballaşma ilə birlikdə dünyada bir çox insanların əmək şəraitini dəyişdirib.
Bəzən dəyişmə prosesi o qədər sürətlə baş verir ki, bu, əmək şəraitinin və əməyin mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda təhlükələri və risqləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni texnologiyalar yeni risqlər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini və yeni yanaşmalar tətbiq edilməsini tələb edir.
BƏT-in məlumatına görə işdə alınan xəsarətlərlə və peşə xəstəlikləri ilə əlaqədar hər gün dünya üzrə 7600-dən çox insan həyatını itirir ki, bu da bir ildə 2 milyon 780 min nəfər təşkil edir.
İnsan sağlamlığına ziyan vurulması ilə yanaşı həmin bədbəxt hadisələr ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri nəticəsində dünya ÜDM-in 3,94 faizini itirir.
AHİK sədri qeid edib ki, bu gün dünya üzrə 15-24 yaş arası 541 milyon gənc işçi vardır ki, bu da bütün işçilərin 15 faizini təşkil edir. Bütün dünyada qeyri-qanuni olaraq 152 milyon uşağın əməyindən istifadə olunur. 73 milyon uşaq sağlamlıqlarına, təhlükəsizliklərinə və mənəviyyatlarına zərər vura bilən sahələrdə çalışır.
Uşaqlar arasında istehsalat xəsarətinin səviyyəsi 25 yaşdan yuxarı olanlarla müqayisədə 40 faizdən çoxdur.
BƏT-in 104-cü sessiyasında təşkilatın Baş direktoru Qay Rayder qlobal müzakirələrin «Əmək sferasının gələcəyi» şüarı ilə keçirilməsi təklifini irəli sürmüşdür və eyniadlı konsepsiyadan irəli gələn təşəbbüslər respublikamızda diqqət mərkəzindədir.

Azərbaycan höküməti ilə BƏT arasında imzalanmış 2016-2020-ci illər üçün Layiqli əmək üzrə dövlət proqramı sosial inkişaf naminə vacib məqsədlərin həyata keçirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 dekabr 2016-cı il tarixində təsdiq olunmuş strateji yol xəritəsində inklüziv məşğulluğun artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları və təminatlarının etibarlı müdafiəsi kimi vəzifələr nəzərdə tutulub. 
Respublika prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dair tədbirlər planı» təsdiqlənmişdir. Bu tədbirlər planının yerinə yetirilməsi nəticəsində qeyri-formal şəraitdə işləyən bir milyondan çox işçinin formal şəraitə cəlb edilməsi gözlənilir.

S.Möhbalıyev bildirib ki, Həmkarlar ittifaqları üçün işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinin əsas aləti Baş Kollektiv Saziş, kollektiv-tarif sazişlər və kollektiv müqavilələr olub.
2008-2009-cu ildən mütəmadi olaraq Azərbaycmaan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişlərə Azərbaycan həmkarlar ittifaqları tərəfindən «Tikintidə təhlükəsizlik texnikası» qaydalarının təkmilləşdirilməsi  təklif edilməsinə və Baş Kollektiv Sazişdə nəzərə alınmasına baxmayaraq bu normativ hüquqi sənəd bu günə kimi işlənib hazrlanıb.
 Sazişlərin əsas məqsədləri bütün işçilərin, xüsusən də gənclərin layiqli əmək hüququ və onların ailə üzvlərinin həyat səviyyəsinin qaldırılmasına xidmət edir.
AHİK-in əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində fəaliyyəti nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti 14 dekabr 2017-ci il tarixində «İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısı»nın təsdiq edilməsi təmin edilib.
Azərbaycan həmkarlar ittifaqları gənclərin məşğulluğunun, təhsilinin, peşə hazırlığının təmin edilməsi, onlar üçün təhlükəsiz və layiqli iş yerləri yaradılması üçün mühüm işlər görür.
Gənclər siyasəti yönümündə AHİK-in İcraiyyə Komitəsi «Gənc həmkarlar ittifaqı liderləri məktəbi haqqında – gənc işçilər üçün kompleks proqram» adlı qərar qəbul edib.
Proqram gənc işçilərin peşəkar kadrlar səviyyəsində inkişaf etdirilməsində həmkarlar ittifaqlarının iştirakının əsas istiqamətlərini müəyyən edir.
Gənclərin dərin biliklərə yiyələnməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası «İlin peşəkar gənci» fəxri adını təsis edib. Bu ada artıq 107 gənc işçi layiq görülüb. Bundan əlavə təhsildə və ictimai fəaliyyətdə uğurlar qazanan 156 ali və orta ixtisas məktəbinin tələbələrinə həmkarlar ittifaqının adlı fərdi təqaüdü, imkansız ailələrdən olan dörd min tələbəyə isə həmkarlar ittifaqı hesabına pulsuz nahar verilib.
AHİK sədri iştirakçıların nəzərinə çatdırıb ki, həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırmasına nail olublar.
2017-ci il ərzində onlar 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.
Nəticədə 319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 4760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin təhlükəsizliyini artırıb və risk faktorunu azaldıb.
Görülən bütün bu işlər əmək kollektivlərinin hər bir üzvündə sosial müdafiəyə və iş yerində xəstəlik və xəsarət almayacağına əminlik yaradır.
S.Möhbalıyev qeyd edib ki, 2017-ci ildə respublika üzrə istehsalat zədələnməsinin vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 28,4 faiz (95 hadisəyə qarşı 68 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 36,7 faiz (49 nəfərə qarşı 31 nəfər) azalıb.
Respublika üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9 faiz (249 nəfərə qarşı 182 nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4 faiz (84 nəfərə qarşı 61 nəfər) azalıb.
Cari ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə  (15 nəfərə qarşı 6 nəfər) azalmasına səbəb olub. Respublika üzrə bu göstərici 42,8 faiz azalaraq 35 nəfərə qarşı 20 nəfər olub.

Baş vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə risqləri fonunda baş verib. Buna istehsal proseslərinin texniki təkmilləşməsi, kollektivdə və işçinin ailəsində baş verən sosial və təşkilati dəyişikliklərin təsiri də az olmayıb.
Təkcə 2017-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin 40,6 faizi təlimat və qaydalara əməl edilməməsi, 21,6 faizi təhlükəsizlik qaydalarının pozulması, 5,4 faizi işin düzgün təşkil olunmaması, işə rəhbərlik və nəzarətin olmaması, 2,7 faizi maşın və mexanizmlərdən istifadə qaydalarının pozulması səbəbindən baş verib.
Araşdırma aparılarkən gənc işçilərin xəsarət alma hallarına xüsusi diqqət yetirilib. Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində biz 15-30 yaş arası 2, son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirmişik ki, bu da xəsarət nəticəsində həlak olan 186 nəfərin 11,3 faizini təşkil edir.
Hamıya məlumdur ki, hər bir işçi işə öz ailə-məişət və sosial-iqtisadi problemləri ilə gəlir.
İş əsnasında istehsalatla bağlı problemlər də ortaya çıxdıqda gənc işçilər daha dözümsüz və həssas olurlar, bu da onların sağlamlığına və təhlükəsizliyinə zərər vurur.

Zona seminarlarında iştirak edən gənc işçilərin məlumatlarını təhlil edərək belə nəticəyə gəlmək olar ki, onlar istehsal prosesləri, təhlükəsiz iş üsulları barədə kifayət qədər biliyə və səriştəyə malik deyillər, nəticə etibarilə istehsalat xəsarətləri əmək qabiliyyətinin uzun müddətə itirilməsinə, bəzən isə əlilliyə gətirib çıxarır.
 İştirakçıların nəzərinə çatdırılıb ki, risq qrupuna görə tikinti sektoru istehsal sahələri arasında daha çox potensial təhlükəsi olan sahədir. Buna səbəb tikinti işlərinin  xarakteri və xüsusiyyətləri, yüksəklikdə aparılan işlər, çox sayda zərərli və təhlükəli istehsalat faktorlarının olmasıdır ki, bu da həm işəgötürənlər, həm də işçilər tərəfindən əməyin mühafizəsi məsələlərinə yüksək diqqət yetirilməsini tələb edir.
Əməyin mühafizəsi normaları və qaydalarının istənilən pozuntusu  bədbəxt hadisələrin baş verməsinə səbəb olur, istehsalata xeyli maddi ziyan vurur.

Ölkəmizdə, xüsusilə Bakı və Sumqayıt şəhərlərində inşaat işləri böyük vüsət alıb. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması, «Ağ şəhər» layihəsi də bu işlərə yeni bir təkan verdi. Hal-hazırda respublikada aparılan tikinti işlərinin, körpülərin salınmasında, yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının inşasında istifadə olunan yeni texnikaların, maşın və mexanizmlərin istifadəsində, inşaat, təmir və quraşdırma işlərinin görülməsində postsovet dövründən qalma  və günün tələblərinə cavab verməyən normativ sənədlərdən istifadə olunur. Bunun da nəticəsində istehsalat sahələrində əməyin mühafizəsi məsələlərinin tənzimlənməsi zəifləmiş, tikinti sahələrinin rəhbərlərinin əməyin mühafizəsi məsələlərinə diqqəti azalmış, bu da öz növbəsində vahid surətdə tikinti obyektlərində iş şəraitinin, əməyin mühafizəsinin vəziyyətinin pisləşməsinə gətirib çıxarıb.

Biz həmkarlar ittifaqı olaraq, sosial tərəfdaşlarla, dövlət icra orqanları ilə birlikdə inşaat sahəsində əməyin təhlükəsizliyinə dair norma və standartların təkmilləşdirilməsində, iş yerlərinin təhlükəsizlik normalarının tələblərinə uyğunlaşdırılmasında, işəgötürənlər tərəfindən işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təminatının yaxşılaşdırılmasında, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin əmək müqaviləsi vasitəsi ilə tənzimlənməsində  iştirak etməyə həmişə hazırıq.

S.Möhbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının ənənələrini davam etdirərək bütün səylərini əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini formalaşdırıb inkişaf etdirərək təşkilati və praktiki tədbirlər həyata keçirir, həmkarlar ittifaqı fəallarının, ictimaiyyətin mühafizəsinin yaxşılaşdırılması uğrunda qlobal hərəkata, işçilər üçün layiqli, sağlam və təhlükəsiz iş şəraiti yaratmağa, işəgötürənlərin stimullaşdırılmasına yönləndirir.
Son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)» adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılmış, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

2017-ci ildə  «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
2017-ci ildə 21763 işçini, o cümlədən 4305 qadın işçini əhatə edən 48 müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika  işini yüksək səviyyədə təşkil ediblər.
Müsabiqənin keçirilməsində nəyə nail olmuşuq?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların əməyin texniki müfəttişləri tərəfindən 2017-ci ildə müsabiqəyə qoşulmuş təşkilatlarda 922 yoxlama-nəzarət işləri həyata keçirilmişdir. İdarə və müəssisələrin rəhbərliyi ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınıb və onlar aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434 göstəriş və tələblərin 94 faizdən çoxu yerinə yetirilib. Bununla da 48 müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılıb, qalan müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41 faiz azalıb. 3715 nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılıb. İşəgötürənlərin bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlər əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırıblar.

Gördüyünüz kimi müəyyən müsbət nəticələr əldə olunub və ümidvaram ki, işçilərə normal əmək şəraitinin yaradılması üzrə işlər AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcəkdir.
S.Möhbalıyev çıxışının sonunda «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktuallıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir.

Ərəstun Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son 15 ildə regionların sosial-iqtisadi inkişafı sahəsində üç dövlət proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə də Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıtda yeni sənaye müəssisəsi - polipropilen zavodu açılıb. Əlbəttə, burada da əsasən Azərbaycan vətəndaşları çalışacaqlar. Yeni texnologiyaların tətbiq olunduğu müəssisədə savadlı, peşəkar kadrlara ehtiyac var. Bu müəssisədə çalışanlar öz təcrübələrindən istifadə edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəklər.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, son 15 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 1,9 milyon iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Onların sırasında gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Tədbirdə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək ölkəmizdə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə ötən dövr ərzində çox ciddi işlər görülüb. Bir sıra strategiyalar, proqramlar həyata keçirilib və hazırda bu proses davam etdirilir.

Diqqətə çatdırılıb ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm əmək normasıdır. Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur. Görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisələrin azalması istiqamətində müsbət dinamika müşahidə olunur.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

FAYDALI KEÇİDLƏR