S. Möhbalıyev Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclasında çıxış edib
21 Oct 2019
Oktyabrın 21-də Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasda PARŞ-ın Baş Assambleyasının dekabrın 16-da keçiriləcək iclasına hazırlıq
məsələləri və Baş Assambleya tərəfindən növbəti 4 il üçün qəbul ediləcək Siyasi
Sənəd müzakirə olunub.
AHİK-in sədri, Milli Məclisin deputatı, Pan
Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev iclasda çıxış
edib.
S. Möhbalıyev çıxışında həmkarlar ittifaqı təşkilatlarının
yaradılması ilə bağlı təşkilati işlər və
gənclərlə aparılan iş, onların problemləri və həmkarlar ittifaqları
olaraq bu sahələrdə görüləcək və həyata
keçiriləcək tədbirlər haqqında öz
fikirlərimi bölüşüb. Qeyd edib ki, hazırki şəraitdə beynəlxalq aləmdə bəzi
istisnalar olmaqla həmkarlar ittifaqlarının boy artımı ciddi problem olaraq
qalmaqdadır. Təbii ki, bunu həll etmək üçün ilk növbədə həmkarlar
ittifaqlarının yaradılması və fəaliyyəti əsas şərt olaraq qalmaqdadır. Heç kimə
sirr deyildir ki, işəgötürənlər həmkarlar ittifaqlarının yaradılmasına o qədər
də isti münasibət bəsləmirlər. Özəl və xarici sərmayə ilə çalışan müəssisələr,
o cümlədən transmilli kompaniyaların rəhbərləri həmkarlar ittifaqı təşkilatı
yaratmaq təşəbbüsü ilə çıxış edən işçilərə bütün vasitələrdən istifadə edərək
təzyiq göstərməyə çalışırlar. Belə işçiləri iş yerlərini dəyişməklə və ya
tamamilə işdən azad etməklə hədələyirlər. Hazırki şəraitdə işçi üçün iş yerinin
itirilməsinın nə demək olduğunu isə biz həmkarlar ittifaqları olaraq çox yaxşı
bilirik. Məhz bu baxımdan biz çalışmalıyıq ki, həmkarlar ittifaqları
yaradılarkən işçilər bundan az zərərlə çıxsınlar. Bu gün Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası özəl, birgə müəssisələrlə və transmilli kompaniyalarla
həmkarlar ittifaqlarının yaradılması ilə bağlı iş apararkən Beynəlxalq Əmək
Təşkilatının 87, 98 saylı Konvensiyalarına, Azərbaycan Respublikasının
Konstitusiyasına və digər qanunvericilik aktlarına istinad edir.
AHİK sədri həmkarlar ittifaqları üçün daha bir vacib
məsələyə - gənclərlə aparılan işlərdə həmkarlar
ittifaqlarının yeri və rolu ilə bağlı məsələyə toxunub. Hesab edib ki,
gənclərin hüquq mənafelərinin müdafiə
olunması, gənclərə həmkarlar ittifaqlarının mövcudluğunun, təyinatının,
vəzifələrinin zəruriliyinin təbliği,
onların həmkarlar ittifaqı üzvlüyünə cəlbi, işəgötürənlər tərəfindən gənclərin
hüquqlarına riayət olunması Həmkarlar İttifaqlarının gənclər siyasətinin
əsasını təşkil etməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
gənclər siyasətinin həyata keçirilməsində və gənc əməkçilərin hüquqlarının
qorunmasında gördüyü işlər və qarşısında duran vəzifələri özünün Məclisində (2
iyul 2005-ci il) geniş müzakirə etmiş, gənclər siyasəti konsepsiyasını və
proqramını qəbul etmişdir. Hazırda bu Konsepsiya və proqrama uyğun olaraq işlər
davam etdirilir. “Çox təəssüf ki, bu gün
dünya iqtisadiyyatının bazar münasibətləri şəraitində gənclərin sosial iqtisadi
vəziyyəti bir qədər pisləşib. Bu səbəbdən də həmkarlar ittifaqları gənclərin
sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin
gücləndirilməsinə çalışmalıdır”. Pan
Avropa Regional Şurası bu məsələdə öz imkanlarından istifadə edərək
maarifləndirici işlərinin coğrafiyasını genişləndirməyə səy göstərməlidir.
Doğrudur, 2012-ci ildən AHİK-in maliyyə dəstəyi ilə region ölkələri gənclərinin
iştirakı ilə gənclərin məşğulluq problemləri ilə bağlı hər il Bakı şəhərində
seminar və konfranslar keçirilir. Hesab edirəm ki, bu təcrübə davam
etdirilməlidir. Eyni zamanda gənclər forumunun və gənclərin yay məktəblərinin
təşkili də faydalı olar.
S. Möhbalıyev bildirib ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf
təşəbbüslərinə daim yaxından maraq göstərmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan
Həmkarlar ittifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə
iki prioritet təşkilatından biridir. (Moldova və Azərbaycan) . Bununla yanaşı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində Dayanıqlı
İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri
tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri: 2015-2030-cu illər Gündəliyi- Həmkarlar
ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası”
sənədi hazırlanıb. Sənəddə Dayanıqlı
İnkişaf Məqsədləri Gündəliyindən 6 məqsəd AHİK üçün prioritet məqsədlər kimi
seçilib. Bu məqsədlər aşağıdakılardır:
Məqsəd 1: Yoxsulluğa son
Məqsəd 3: Yaxşı səhiyyə və rifah
Məqsəd 4: Keyfiyyətli təhsil
Məqsəd 5: Gender bərabərliyi
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
Həmkarlar
ittifaqları 2015-2030-cu illər Gündəliyi ilə bağlı fəaliyyətlərin həyata
keçirilməsi və qiymətləndirilməsində tam şəkildə iştirak etməlidirlər. Bunun üçün 2030-a qədər olan müddət ərzində
aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:
- BƏT-in
müvafiq konvensiyalarının
ratifikasiyasının dəstəklənməsi və bu konvensiyaların dəstəklənməsi üçün
normativ aktların qəbul edilməsi;
- təhlükəsizlik,
səhiyyə və davamlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli
mexanizmlərin yaradılması;
- davamlı inkişafa
nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması;
- statistik
hesabatlara uyğun olaraq sənaye qəzalarının, zədələnmələrin və peşə
xəstəliklərinin sayının azaldılması üçün mübarizə aparılması;
- işçilərin
təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi və sağlamlığı sahəsində və iş
mühitinin yaxşılaşdırılması sahəsində təhsilin təşkili, peşə hazırlığı və
yenidən hazırlıq işlərinin genişləndirilməsi.
AHİK sədri çıxışının yekununda
ümidvar olduğunu bildirib ki, İcraiyyə Komitəsinin yığıncağında qəbul ediləcək qərarlar üzv
təşkilatların fəaliyyətinin bir daha canlandırılmasına, günün tələblərinə uyğun
olaraq Pan Avropa Regional Şurasının qarşısında duran vəzifələrin uğurla
həllinə yardımçı olacaqdır.