Sahibkarlarla görüş
21 Nov 2019
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirmişdir.
Görüşdə Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov
giriş sözü söyləmişdir. O, Respublika Prezidenti cənab İlham Əliyevin
sahibkarlığın inkişafına göstərdiyi qayğıdan danışmışdır. Demişdir ki, dövlətimiz
qeyri-neft sektorunun tərəqqisində sahibkarlığın rolunu yüksək qiymətləndirir və
bu sahənin azad fəaliyyət göstərməsi üçün hər cür şərait yaradır. Sahibkarlığın
sosial siyasətin həyata keçirilməsində rolunu vacib amillərdən sayır. Həmkarlar
ittifaqı təşkilatları da bu vacib amilin reallaşdırılması işində sahibkarlarla
birlikdə iştirak edir.
M.Salmanov diqqətə çatdırdı ki, həmkarlar ittifaqı işçilərin
əmək, sosial hüquqlarını qorumaqla həm də istehsalın yüksəlməsinə,
sahibkarların gəlirlərinin artmasına töhfə vermiş olur. Bizim birlikdə, sıx əməkdaşlıq
şəraitində çalışmağımız, ortaya çıxan problemləri dialoq yolu ilə aradan
qaldırmağımız istər işəgötürənlər, istərsə də işçilər üçün fayda gətirir.
Tədbirdə “Bakı Rezin Məmulatları” ASC-nin direktoru
Ağahüseyn Fərəcov, “İnşaat” MMC-nin direktoru Ziyafət Mustafayev, “İnsan”
Diaqnostika Mərkəzinin baş həkimi Ceyran Mahmudova, süd və süd məhsulları
istehsalı sexinin təsisçisi və rəhbəri Ağaverdi Məmmədov və başqaları çıxış edərək
onlardan ötrü yaradılan imkanlardan və həmkarlar ittifaqı ilə əməkdaşlığın
verdiyi faydalardan danışdılar. Əmin olduqlarını bildirdilər ki, əməkdaşlığımız
gələcəkdə də davam edəcək.
Tədbirdə 12 nəfər sahibkara Respublika Komitəsinin
Fəxri fərmanları təqdim olundu.