Şəffaflıq qarşılıqlı məsuliyyət yaradır
18 Apr 2019
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi ilə Mərkəz (MEMİM) rəhbərliyi arasında kollektiv müqavilə imzalanıb.
Tədbirdə akademiyanın rektoru, professor Hüseyn Qaraşov
qonaqları salamlayaraq əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin öz
hüquqlarından məlumatlı olmasının vacibliyini qeyd edib. Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova
müəssisələrdə həmkarlar ittifaqının fəaliyyətinin əhəmiyyəti barədə danışıb.
Qeyd edib ki, həmkarlar ittifaqının mövqeyi hər bir əməkdaşın,
bütövlükdə kollektivin maraqlarını ifadə etməlidir.
MEMİM-in HİK sədri Cavid Əliyev əməkdaşların maraqlarının
müdafiəsinin vacib şərt kimi qarşıya qoyulduğunu vurğulayıb. Bildirib ki, əməkdaşların
fəaliyyətinin qiymətləndirilməsində həmkarlar ittifaqı komitəsi fəal mövqe
tutmalıdır. Natiq ittifaq tərəfindən hazırlanan yeni qiymətləndirmə
meyarlarının əməkdaşlarda sağlam rəqabət mühitinin dəstəklənməsinə töhfə verəcəyini
qeyd edib. Söyləyib ki, “əməkdaşların reytinqi” adlı sistemin tətbiqi nəticəsində
fəaliyyətin daha ədalətli və obyektiv qiymətləndirilməsi təmin olunacaq.
Mərkəzin gənc mədəniyyət işçiləri ilə iş sektorunun
müdiri Ceyhun Əhmədov “Kollektivdə münaqişələrin həllində həmkarlar ittifaqı
komitəsinin rolu” barədə çıxış edib.
Mərkəzin direktoru Asif Usubəliyev bu tədbiri təqdirəlayiq
hal kimi qiymətləndirib. Bildirib ki, həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin
və qiymətləndirmə mexanizminin açıq formada ictimaiyyətə təqdim olunması sağlam
əhvali-ruhiyyənin göstəricisidir. Şəffaflıq yalnız rəhbərin kollektiv
qarşısında deyil, eyni zamanda kollektivin rəhbərlik qarşısındakı ədalətsiz və əsassız
iddiasının qarşısını alacaq.
Sonda
ictimai işlərdə fəallığı ilə seçilən əməkdaşlara Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova tərəfindən Fəxri fərmanlar
təqdim olunub.