AZ | RU | EN
AZ | EN | RU

Şəkidə icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

07 Aug 2019

Avqustun 7-də Şəki Şəhər İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şəki şəhərində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. 

Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbəri Həsən Cəfərov, Səhiyyə İşçilərinin Həmkarlar İttifaqları Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov, Mingəçevir şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Allahverdi Alıyev, agentliyin əməkdaşları Elvin Abbasov və Pərvin Baxşəliyeva iştirak ediblər. C.Alxasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir. Z.Cavadova bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır. E.Əmirov son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq. C.Məmmədov çıxışında icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqi çərçivəsində tibb işçilərinin əməkhaqlarının artırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. A.Alıyev pilot layihə olaraq üç regionda tətbiq edilən icbari tibbi sığorta sisteminin müsbət nəticələri və sistemin əhəmiyyəti haqqında danışıb. Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış ediblər. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər. Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb. Bu gün maarifləndirici tədbirin, həmçinin Oğuz rayonunda, avqustun 8-də isə Qəbələ rayonunda keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar, Balakən, Qax və Zaqatala rayonlarında keçirilib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ