AZ | RU | EN
AZ | EN | RU

Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

16 Dec 2019

Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.

Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib.  Pan Avropa Regional Şurasının prezidenti İ. Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının Baş katibi Ş. Barrou, PARŞ-ın Baş katibi L. Visentini forumda giriş nitqi ilə çıxış ediblər.

Baş Assambleyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev qeyd edib ki, 3-cü Baş Assambleyadan ötən müddət ərzində Avropa həmkarlar ittifaqlarının əsas məqsədlərinə nail olunması istiqamətində, yəni, əməkçilərin mənafeyi uğrunda mübarizənin zəngin ənənələrindən daha geniş istifadə olunması, həmkarlar ittifaqlarının həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması yolunda əhəmiyyətli addımlar atılıb. Bu mənada, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından üzv ölkələrin həmkarlar ittifaqlarının maraqlarının təmsilçisi olan PARŞ-ın mühüm rolunu yüksək qiymətləndiririk. Biz Regional Şuranın Nizanmaməsinə daxil edilmək üçün işlənib hazırlanmış əlavə və dəyişiklikləin Baş Assambleyada təsdiq edilməsinə öz razılığımızı veririk. Həmçinin, Baş Assambleyanın müzakirəsinə təqdim edilmiş “PARŞ-in 2020-2023-cü illər üçün fəaliyyətinin siyasi orientasiyası və profili” Konsepsiyası ilə razılaşdığımızı bəyan edirik. Bildiyimiz kimi, bu konsepsiyada əsas prioritetlərdən biri kimi Şuranın fəaliyyətinə üzv təşkilatların daha çox cəlb olunmasıının təmin edilməsi, həm də istər qərb, istərsə də şərq regional təşkilatlarının birgə diskussiyalarının keçirilməsi nəzərdə tutulur.

AHİK sədri bildirib ki, “Bir qurşaq və bir yol” beynəlxalq təşəbbüsünün bizim region ölkələrinin inkişafına və əlaqələrinə böyük təsiri olacaqdır. Azərbaycandan da keçən “İpək yolu” iqtisadi qurşağı, Siyasi sənəddə deyildiyi kimi, PARŞ-ın bir çox ölkələri ilə əlaqələr və dəhlizlər yaratmağa imkan verir. Biz həmçinin həmkarlar ittifaqlarının daha təsirli kommunikasiyalara keçidində BHİK-in bütün strukturları ilə birgə işləmək, iqtisadi inkişafın, əməyin, sosial siyasətin strateji problemləri üzrə geniş ictimaiyyətlə qarşılıqlı fəaliyyət göstərmək istəyirik.

Biz Pan Avropa Regional Şurasının BHİK-lə birgə gənc işçilərlə işə, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinə, həmkarlar ittifaqı işinin bütün səviyyələrində fəal iştirak etməsinə diqqət yetirməsini xüsus olaraq qeyd edirik.  Şura bizi motivasiya, gender işinin inkişafına yönəldir. Hesabat dövründə orqanayzinq üzrə keçirilmiş seminarlar, konfranslar praktikasını PARŞ-ın mütəxəssislərinin təcrübəsindən istifadə etməklə  bundan sonra da davam etditmək lazımdır. Ötən hesabat dövründə AHİK-in nümayəndələri PARŞ-ın 33 tədbirində iştirak ediblər. Bakıda 3 maarifçilik təlimləri keçirilib. 2016-cı ildə “Gənclərin məşğulluğunun yeni formaları”,”Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risklər və təhlükələr üzrə həmkarlar ittifaqlarlarının əsas istiqamətləri” mövzusunda, 2017-ci ildə AHİK-in PARŞ-ın Gənclər Komitəsi ilə birgə “Gənclərin məşğulluğu və əməyin gələcək sferası” mövzusunda konfransı təşkil edilib. Hesab edirəm ki, BHİK-in və PARŞ-ın həmkarlar ittifaqı təhsilinin təşkilində rolu daha da yüksəldilməlidir. Biz bu müddəanın 4-cü Baş Assambleyanın Proqram sənədində qeyd olunmasını xahiş edirik.
S. Möhbalıyev iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycanda “2016-2020-ci illər üçün layiqli əməyə görə Ölkə proqramı”nın uğurla həyata keçirilməsi  ölkəmizin sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərə gətirib çıxarır. Həyata keçirilən genişmiqyaslı islahatlar, layiqli əməyin strategiyasının realizə edilməsinə yönəlmiş tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsinin şərtlərindən biridir. AHİK dövlət proqramlarının realizə edilməsində özünün Konsepsiyasına malikdir. Bu Konsepsiyanın yerinə yetirilməsi çərçivəsində Beynəlxalq Əmək Təşkilatının fəal köməkliyi ilə sosial və iqtisadi məsələlər üzrə Respublika Üçtərəfli Komissiyası yaradılıb.

 S. Möhbalıyev çıxışının sonunda deyib: “Yaşadığımız dünyada çoxmillətli kapital qüdrətli işəgötürənə çevrilir. Bununla belə, kapitalın əmək bazarı ilə spesifik münasibətləri yaranıb. Burada sosial ədalətlə bağlı problemlər mövcuddur. Biz bilirik ki, dünyanın həmkarlar ittifaqları transmilli şirkətlərlə qlobal səviyyədə sosial dialoq qurmağa çalışır. Hərçənd ki, bu məsələdə problemlərimiz çoxdur və bizim beynəlxalq təşkilatların köməyinə ehtiyacımız vardır. Pan Avropa Regional Şurasının çoxcəhətli işi bu gün böyük əhəmiyyət daşıyır. Həmkarlar ittifaqı təşkilatı olaraq bu qurum gündəlik fəaliyyətimizdə bizə yaxından köməklik göstərir. Bu gün Şuranın yeni seçiləcək heyətinə bu ənənəni davam etdirməyi arzu edirik”.
Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi iseçilib. İ. Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti seçilib. Baş Assambleyada AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni müddətə qurumun vitse-prezidenti seçilib. Bu münasibətlə PARŞ-ın rəhbərliyinə və üzvlərinə munnətdarlığını bildirən AHİK sədri özünün yenidən bu quruma vitse-prezident seçilməsini bütövlükdə Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib və əmin edib ki, göstərilən yüksək etimadı doğrultmaq üçün bütün imkanlarından istifadə edəcəkdir. 

FAYDALI KEÇİDLƏR