Səttar Möhbalıyev: Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək
13 Jan 2021
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir.
O
cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələsinə bu sənəddə
xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar
Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu
da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
2021-ci
il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın
müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin
olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Moskva
görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda
sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına
xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri “Şərq-Qərb” nəqliyyat dəhlizinin
tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da ilk növbədə
Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə
ki, bu layihələrin reallaşması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da
güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni
zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Təsadüfi
deyil ki, üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev mətbuata verdiyi bəyanatda bu məqamı xüsusi vurğulayaraq demişdir:
“Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi
əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat
kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük
dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat
kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim
qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim
regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin
yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən
və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.”
Beləliklə,
yanvarın 11-də Moskva görüşünün nəticəsi olaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindəndən imzalanmış Bəyanat
Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət
dinamikasının təmin olunması yönümündə tamamilə yeni perspektivlər açmış oldu.
Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı