"Sosial Bağlar" Layihəsinin ikinci mərhələsinə start verilib
28 Jun 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.
Tədbirdə deyilib ki, dövlət başçısının təşəbbüsü ilə icra
olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə
çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər,
1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini cəzaçəkmə
müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər
təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin
cəlb olunması nəzərdə tutulub.
Bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi
olan bağçılığın inkişafına fəal dəstək verildiyi vurğulanıb. Qeyd edilib ki,
nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə
“Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri,
əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s.) 125 ailə üçün intensiv
meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə
sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi,
logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib.
Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim
kursları təşkil edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev də iştirak edib.