AZ | RU | EN
AZ | EN | RU

Tatarıstan həmkarlar ittifaqlarının nümayəndə heyəti Bakıda səfərdədir

21 Oct 2016

Respublikamıza işgüzar səfərə gələn Tatarıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyəti ilk öncə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, daha sonra isə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın  məzarı üstünə gül dəstələri qoymuşlar.  Qonaqlar Şəhidlər Xiyabanında da olmuş, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin məzarları üstünə güllər düzmüşlər.

Nümayəndə heyətinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi və üzv təşkilatların nümayəndələri ilə görüşü olmuşdur.

 Görüşdə AHİK sədrinin birinci müavini İlyas Əliyev son illərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, son 10 ildə makroiqtisadi siyasət iqtisadi sabitlik üçün münbit şərait yaradıb, neft sektoruna qoyulan xarici investisiyalar isə ölkənin inkişafına daha da təkan verib. Bu illər ərzində minlərlə yeni iş yerləri açılıb. Nəticədə Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında nəzərdə tutulmuş işsizliyin səviyyəsi 5 faizədək azalıb. Azərbaycan həmkarlar ittifaqları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasəti dəstəkləyərək, öz fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdiriblər.

İ.Əliyev  Azərbaycanda Həmkarlar İttifaqlarının yaranma tarixi, fəaliyyəti və müstəqillik illərində görülən işlərdən də danışıb. Bildirib ki, 1993-ci il fevralın 5-də keçirilən Azərbaycan Həmkarlar İttifaqlarının qurultayı xüsusi əhəmiyyət kəsb edir. Qurultayda AHİK-in yaradılması haqqında qərar qəbul edilib. Bu gün AHİK ölkənin ən böyük ictimai təşkilatlarından biridir. Konfederasiya ümumi sayı1 milyondan çox  həmkarlar ittifaqı üzvündən ibarət 27 üzv təşkilatı birləşdirir.  O, həmçinin AHİK-in tabeliyində olan  "Ülfət" qəzetinin redaksiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, "Kurort" səhmdar cəmiyyəti, Respublikası Turizm və Ekskursiyalar Şurası və digər təşkilatlar haqqında məlumatları da qonaqların diqqətinə çatdırıb.

AHİK sədrinin birinci müavini daha sonra bildirib ki, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan Baş Kollektiv Saziş  Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinəəsaslanır. Onu da diqqətə çatdırıb ki, bu il sentyabrın 30-da Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalanıb. Eyni zamanda "Layiqli əmək üzrə ölkə Proqramı" qəbul edilib.Azərbaycan həmkarlar ittifaqlarıölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir.AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, Konfederasiyanın sədri S.MehbalıyevBHİK-in və PARS-ın vitse-prezidentidir.

İ Əliyev vurğulayıb ki, Respublika həmkarlar ittifaqlarının beynəlxalq fəaliyyətinin perspektiv istiqaməti  keçmiş sovet respublikaları olan suveren dövlətlərin,  həmçinin Türkiyə, Almaniya, Fransa, İtaliya, İngiltərə, Braziliya, Macarıstan, İsrail, Polşa, İrlandiya, Norveç, Bolqarıstan, Çin, Yaponiya və s. ölkələrin həmkarlar ittifaqları ilə olan əməkdaşlıqdır.  

Bu gün bölgədə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı anlaşma və sıx əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlərin gələcək inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yaxşı bilirik ki, Tatarıstan Rusiya Federasiyasının tərkibində özünə layiqli yer tutan geniş iqtisadi və intellektual potensiala malik bir respublikadır. Əlbəttə, bu nəticələrin əldə olunmasında respublika həmkarlar ittifaqlarının rolu böyükdür.

İ.Əliyev daha sonra qeyd edib ki, milli maraqlarına və prinsiplərinə sadiq  tatar xalqı ilə əməkdaşlıq respublikalarımız arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə şərait yaradır.Bizim xalqlarımızın etnik kökləri eynidir, ümumi adət və ənənələrə malikik.Ona görə də bütün tarixi dövrlərdə xalqlarımız arasında sıx dostluq münasibətləri yaranıbdır.

 Tatarıstan Respublikası Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətininölkəmizə səfərinin məqsədini yüksək qiymətləndirərək belə hesab edirəm ki, hazırki görüş və ilk növbədə Tatarıstan Respublikası və Azərbaycan Respublikasının ərazi həmkarlar təşkilatları arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında imzalanacaq Saziş bizim təşkilatlar arasındakı münasibətlərin müsbət inkişafına daha da kömək edəcək.

Tatarıstan Respublikası Həmkarlar İttifaqları Federasiyasının sədri (TRHİF) Tatyana Vodopyanova səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirib. AHİK-lə qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Sonra isə təmsil etdiyi qurum haqqında məlumat verib. Deyib ki, TRHİF Rusiyada ən böyük təşkilatlardan biridir. Üzv təşkilatlarımızın sayı 20-dən çoxdur. Yeddi yüz min üzvü olan Federasiyada gənclərin sayı üç yüz minə çatır. Bu da təxminən 41 faiz deməkdir. Biz yenə də sıralarımıza gəncləri daxil etməyə davam edirik. Üzv təşkilatlarımızda qadın rəhbərlərin sayı da az deyil.

O, Federasiyanın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində həmkarlar ittifaqlarına hakimiyyət nümayəndələri, müəssisə və təşkilatların rəhbərləri ilə konstruktiv dialoq qurmaq mümkün olub. Bu da Tatarıstanda sabitliyin və sosial mühitin daha da qorunmasına, habelə zəhmətkeşlərin maraqlarının müdafisəsi üzrə məsələlərin səmərəli həllinə xidmət edir. Respublika həmkarlar ittifaqları öz başlıca prinsiplərini heç bir zaman dəyiməyib. Əmək adamları, veteranlar və gənclərin həyat və istəklərinə laqeyd qala bilmərik. Ona görə bu gün də həmkarlar ittifaqları müasir vətəndaş cəmiyyətinin ən güclü və dinamik inkişaf edən ictimai təşkilatı olaraq qalmaqdadır. Bizim vəzifəmiz həmkarlar ittifaqı üzvlərinin etimadını doğrultmaqdır. Bizim gücümüz birliyimizdədir və birlikdə qarşımızda duran vəzifələri həll etməyə qadirik. Həmkarlar ittifaqlarına və onun üzv təşkilatlarına inam hər il yeni ilk həmkarlar ittifaqı təşkilatlarını yaratmağa imkan verir. Tatarıstan iqtisadiyyatının dinamik inkişafı sosial tərəfdaşlığın da inkişafına səbəb olubdur. Bu mənada həmkarlar ittifaqlarının, hökumətin və işəgötürənlərin üçtərəfli partnyorluq çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilməlidir. Sosial tərəfdaşlıq sisteminə mülkiyyət formalarından asılı olmayaraq daha çox müəssisə və təşkilatları cəlb etmək lazımdır. Tatarıstan Respublikası prezidenti tərəfindən keçən ilin sonlarında imzalanan Fərman da bu işlərə yeni təkan verib.

Sonra T.Vodopyanova həmkarlar ittifaqları tərəfindən həyata keçirilən gender və gənclər siyasəti, işçilərin hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən də danışıb. 

Tədbir daha sonra iştirakçılar arasında  diskussiyalarla davam etdirilib.

Görüşün sonunda  AHİK və TRHİF arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Saziş imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyəti respublikamızın bir sıra sənaye müəssisələrində, həmkarlar ittifaqlarının tabeliyində olan “Şıx” sanatoriyasında olmuş, Bakının görməli yerlərini gəzmiş, tarixi, mədəniyyəti ilə tanış olmuşlar.  

FAYDALI KEÇİDLƏR