Təbiəti qoruyanların hüquqları necə müdafiə olunur?
22 Nov 2019
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi keçirilmişdir.
Respublika Komitəsinin sədri Telman Quliyev gündəlikdə
duran məsələlərlə tədbir iştirakçılarını tanış etmişdir. Əvvəlcə təşkilati məsələyə
baxılmışdır. Sonra RK sədri “İttifaqın son bir ildə fəaliyyəti, problemlər və vəzifələr”
mövzusunda məruzə etmişdir. O, ətraf mühitin mühafizəsini respublikada aparılan
sosial-iqtisadi islahatların mühüm tərkib hissəsi adlandırmışdır. Bildirmişdir
ki, ölkə rəhbərinin ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində
saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan
vermişdir.
T. Quliyev qeyd etmişdir ki, Dövlət proqramlarının uğurla
həyata keçirilməsində ittifaq üzvlərimizin də zəhmət payı çoxdur. Ətraf mühitin
mühafizəsinə nəzarət, meşələrin bərpa olunması və artırılması, yaşıllaşdırma,
geoloji kəşfiyyat işlərinin, hidrometeoroloji müşahidələrin aparılması və digər
sahələrdə ittifaq üzvlərimiz sanballı nailiyyətlər əldə etmişlər.
İttifaq üzvlərinin layiq olduqları iş şəraitində
çalışması və yaşamasını təmin etmək üçün nazirliklə yanaşı, həmkarlar ittifaqı
da səylərini əsirgəmir. Tərəfdaşlarımızla bağladığımız kollektiv sazişdə,
kollektiv müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artır,
vaxtında və dəqiq yerinə yetirilir.
Öhdəliklər arasında işçilərin əməyinin təhlükəsizliyi
mühüm yer tutur. Kollektiv saziş və müqavilələri əsas tutaraq ilin əvvəlindən
Respublika Komitəsinin baş texniki əmək müfəttişi ilk təşkilatların və əməyin
mühafizəsi xidmətlərinin fəaliyyətini peşə xəstəliklərinin qarşısının
alınmasına, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də
avadanlıqların, texnoloji proseslərin normalara uyğun saxlanmasına,
aparılmasına, zərərli və təhlükəli işlərdə çalışan işçilərin vaxtaşırı təlimatlandırılmasına,
tibbi müayinələrdən keçirilmələrinə, işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən
sosial sığorta edilməsinə istiqamətləndirmişdir. Keçirilən baxış və
yoxlamaların nəticələrinə dair arayışlar hazırlanmış, həmkarlar ittifaqı komitələrinə
və işəgötürənlərə xüsusi tapşırıqlar və tövsiyələr verilmişdir.
T.Quliyev bildirdi ki, biz təkcə yoxlamalarla kifayətlənmir,
maarifləndirici tədbirlərə də işimizdə geniş yer ayırırıq. Buna misal olaraq
aprelin 22-də Bakı şəhərində 28 Aprel - Ümumdünya Əməyin
Mühafizəsi Gününə həsr edilmiş “Əməyin Mühafizəsi və əmək sferasının gələcəyi”
mövzusunda konfransı xatırlatdı.
“Stimullaşdırıcı tədbirlər də əslində üzvlərin sosial
durumuna təsir göstərən mühüm amillərdəndir”, -dedi. Biz hər il dövlət, milli,
dini bayramları və peşə gününü təntənə ilə qeyd edirik. Ekologiya sahəsində 15
il və daha artıq çalışan əməkdaşlar yubiley (50-70) yaşına çatdıqda səmərəli əmək
fəaliyyətinə görə Fəxri Fərman və pul ilə mükafatlandırılırlar.
Ayda bir dəfə İcraiyyə Komitəsində maddi yardımla bağlı
edilən müraciətlərə baxılır və ehtiyacı olanlara köməklik göstərilir. Ötən 10
ay ərzində ümumilikdə 136 nəfərə maddi yardım olunmuşdur.
İttifaq üzvlərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığı,
istirahətinin təşkili daim diqqət mərkəzində saxlanılır. İyun-avqust aylarında
500 nəfər əməkdaş Quba rayonuna qısamüddətli gəzintilərə aparılmışdır. İttifaq
üzvlərimizə 446 ədəd sanatoriya-kurort yollayışı verilmişdir.
Xidmətimizə daxil olan idarə və müəssisələrdə çalışanlar,
xüsusilə seçkili orqanlarda fəaliyyət göstərən üzvlər arasında gənclər böyük əksəriyyət
təşkil edir. Gənclərimizin iş yerlərində peşə hazırlığına, əmək, sosial
hüquqlarının qorunmasına diqqəti daim nəzarətdə saxlayırıq. İlk təşkilatların
sıralarında onları ictimai işlərə cəlb edirik. Gənclərin yaxından iştirakı və təşkilatçılığı
ilə respublika əhəmiyyətli bayramların, anım günlərinin qeyd edilməsi ənənə
halını almışdır.
İstər Yeni il şənliklərinin, istər Novruz bayramının kütləvi
şəkildə qeyd edilməsi işçilərin özlərinin, həmçinin ailə üzvlərinin mənəvi
dünyasına xoş təsir bağışlayır. Bu tədbirlərin keçirilməsi onlarda əmək fəaliyyətinin
artmasına layiqli stimul yaradır.
Respublika Komitəsi, hər il olduğu kimi, bu ilin ötən
dövrü ərzində də həm beynəlxalq, həm də ümumrespublika tədbirlərində fəal
iştirak etmişdir.
BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının Tərəflər
Konfransının (COP) ondördüncü sessiyasında UNCCD katibliyinin tövsiyəsinə uyğun
olaraq təşkilatımız müşahidəçi statusu əldə edib.
Meşə, Tikinti Sənayesi Beynəlxalq Təşkilatı, MDB Meşə Sənayesi
İşçiləri Federasiyası və Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri
Həmkarlar İttifaqı Federasiyası ilə əlaqələr yaradılıb. AHİK-in xəttilə Beynəlxalq
Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və s. ilə əlaqələr qurulmuşdur.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, həmçinin
AHİK-in qərarları və təlimatlarına uyğun olaraq öz fəaliyyətini bundan sonra da
məqsədyönlü şəkildə davam etdirəcək. İttifaq üzvlərimizin hüquqlarının müdafiəsi,
sosial, sağlamlıq və digər problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Məruzə ətrafında çıxışlar oldu. Məclislərarası görülən
işlər qənaətbəxş sayıldı. Digər məsələlərə də baxıldı. Sonda müvafiq qərar qəbul
olundu.
Tədbirdə
AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış etdi.