AZ | RU | EN
AZ | EN | RU

Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqının IV qurultayı keçirilib

14 Oct 2017

Oktyabrın 14-də keçirilən qurultayda Respublika Komitəsinin sədri Telman Quliyev hesabat məruzəsi ilə çıxış edib. 

O, məruzəsində beş il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, təşkilatlanma və idarəetmədə yeni metodların tətbiqi, həmkarların hər birinin səsinin eşidilməsi, çətin anlarda hər bir üzvün yanında olması əsas məsələlərdən olmuşdur. Əmək, İnzibati Xətalar məcəllələrinə, "Həmkarlar ittifaqları haqqında" qanuna əlavə edilən dəyişikliklər həmkarlar ittifaqının vəzifələrini layiqincə yerinə yetirməyə, nüfuz səlahiyyətlərinin artmasına, işəgörürənlə işçilər arasında münasibətlərin tənzimlənməsinə, maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Hesabat dövrü ərzində xidmətimizdə olan müəssisələrdə bir sıra struktur dəyişiklikləri aparılmış, birləşmələr, ayrılmalar olmuş, yeni müəssisələr yaradılmışdır. Təşkilat sədrləri, fəallar müntəzəm olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarına, treninqlərə göndəriliblər.

RK- nın sədri daha sonra sahə kollektiv sazişindən danışarkən bildirib ki, hazırda qüvvədə olan 2017-2019-cu illər üçün sahə kollektiv saziş əvvəlkindən daha çox fəqlənir. Bu saziş və müqavilələrdə əsasən işəgötürənlə əmək kollektivi arasında olan öhdəliklər öz əksini tapıb. Öhdəliklərin təmin olunması sahəsində kifayət qədər işlər görülüb.

Məruzəçi qeyd edib ki, biz Beynəlxalq Əmək Təşkilatının ekologiya və təbii sərvətlər sahələri üçün normativlərinin, müddəalarının kollektiv müqavilələrə daxil edilməsinə nail olmuşuq. Lakin elə müəssisələr var ki, orada dediklərimizi həyata keçirə bilmirik. Səbəb Sahəmizə aid olan taxta və taxta emalı müəssisələri, həmçinin mebel fabriklərində sahibkarların işçilərin həmkarlar ittifaqlarında birləşməsinə imkan verməməsidir.
Respublika Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri işçilərin sosial-iqtisadi mənafelərinin qorunmasıdır.

Natiq təşkilatlarda çalışan qadın və gənclərlə bağlı məsələlərdən danışarkən qeyd edib ki, idarə və müəssisə işçilərinin əksəriyyətini qadınlar təşkil edir. Qadınların əməyinin mühafizəsi xüsusi diqqət tələb edən və çox vacib məsələdir.

Bu gün həmkarlar ittifaqı üzvlərinin 50%-dən çoxunu gənclər təşkil edir. Respublika Komitəsi və onun üzv təşkilatlarının fəaliyyətində gənclərlə bağlı məsələlər, onların təhsili, ailə-məişət problemləri, mənzil təminatı və s. diqqət mərkəzindədir.

Respublika Komitəsi idman sahəsinə də xüsusi diqqət ayırır. "Ekosport" və "Geosport" idman klubları təşkilatımız tərəfindən maliyyələşdirilir.
Beynəlxalq həmrəyliyi möhkəmləndirmək üçün bir sıra beynəlxalq təşkilatlarla əlaqələr qurulmuş, müxtəlif beynəlxalq tədbirlərin iştirakçısı olmuşuq.
İşçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məqsədilə hər il yay aylarında Quba, Qusar, Xaçmaz, Lerik, Gəncə və digər rayonlara qısamüddətli gəzintiləri təşkil olunub.

Həmkarlar ittifaqı təşkilatları ən yeni informasiya - kommunikasiya vasitələri ilə təmin olunub. Respublika Komitəsinin elektron poçtu yaradılıb.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının VI Məclisində, həmçinin xidmətimizdə olan həmkarlar ittifaqlarının hesabat-seçki yığıncaqlarında Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci ildə keçiriləcək V qurultayında Konfederasiyanın sədrliyinə Möhbalıyev Səttar Suliddin oğlunun namizədliyinin irəli sürülməsi və AHİK-in qurultayında müdafiə olunması tövsiyə edilib. Biz də sizin təkliflərinizi müdafiə edirik.

Sonra təftiş və mandat komissiyalarının hesabatları dinlənilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev  nazir Hüseyn Bağırovun təbrikini qurultay iştirakçılarına çatdıraraq söyləyib ki, son illərdə ölkəmizin təbii sərvətlərinin və ekologiyasının qorunmasında çox böyük işlər görülüb. Milyonlarla ağac əkilib, yeni yaşıllıqlar salınıb. Ümumiyyətlə, ölkəmizin flora və faunası xeyli yaxşılaşıb. O, bütün bu işlərdə həmkarlar ittifaqı təşkilatlarının əməyini xüsusilə vurğulayıb.
Qurultayda çıxış edən  AHİK sədrinin müavini Cavanşir Alxasov bu əlamətdar hadisə ilə bağlı AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təbrikini nümayəndələrə çatdırıb, qurultayın işinə uğurlar arzulayıb.

Açıq səsvermə yolu ilə Telman Quliyev yenidən Respublika Komitəsinin sədri seçilib.Sonda fərqlənən həmkarlar ittifaqı fəallarına Fəxri fərmanlar təqdim edilib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ