Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin Azərbaycan müəllimlərinin XV qurultayında ÇIXIŞI
28 Nov 2018
Hörmətli qurultay nümayəndələri, əziz müəllimlər, xanımlar və cənablar!
İlk növbədə hər birinizi Azərbaycan müəllimlərinin XV qurultayında salamlayır,
Azərbaycanın bütün təhsil işçilərini təbrik edir, hər birinizə xoşbəxtlik və səadət
arzulayıram!
Hörmətli qurultay iştirakçıları!
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən
olunur. Bu günün güclü təhsil sistemi sabahın, qüdrətli dövlətinin təminatıdır.
Azərbaycanda da təhsilin inkişafı, gənclərimizin savadlı vətəndaş kimi
formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin
yaxşılaşdırılması, cəmiyyətdə müəllim nüfuzunun daha da artırılması Ulu Öndərin
həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi.
Heydər Əliyev öz müəllimini xatırlayaraq deyirdi: “Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə
vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər
birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə,
minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Bu, Heydər Əliyevin təhsil işçilərinə
qarşı qəlbində bəslədiyi ülvi hisslərin təzahürü idi.
Təhsilin inkişafı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevin və Azərbaycanın birinci
Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzindədir.
Bu gün əminliklə demək olar ki, strateji sahə olan təhsil cəmiyyətin bütün
sahələrinə nüfuz etmişdir. Cənab Prezident ölkəyə rəhbərliyinin ilk illərindən
başlayaraq təhsil sahəsinin inkişafını təmin edən əhəmiyyətli fərman və sərəncamlara
imza atıb.
Azərbaycanda hər il yeni-yeni məktəb binaları tikilir, köhnə məktəb
binaları əsaslı təmir edilir, laboratoriyalar, emalatxanalarla təchiz edilir. Təhsil
müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, Azərbaycan
Respublikasının dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi də ilbəil
artırılır. Müəllim əməyinin qiymətləndirilməsinə, onların sosial durumunun
yaxşılaşdırılmasına yönəlmiş addımlar atılır, dövlət proqramlarının icrası
davam etdirilir, yeni strateji layihələr qəbul olunur.
Mən buna misal olaraq hazırda icrası uğurla davam etdirilən “Azərbaycan
Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nı göstərmək istərdim.
Bu Strategiya Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və
dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun təhsil sisteminə
çevirir.
Azərbaycanda təhsilin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkə
Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş və ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirən
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin
başlıca istiqamətləri”ndən birini təhsilin inkişafı, təhsil işçilərinin
sosial-iqtisadi müdafiəsinin yaxşılaşdırılması və müəllim nüfuzunun artırılması
sahəsində təşəbbüslərin dəstəklənməsi təşkil edir.
Bilirsiniz ki, bu günlərdə təhsillə bağlı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə uzunmüddətli və strateji hədəflərə
nail olunmasına hesablanmış daha bir dövlət proqramı təsdiq olundu. Bu, Azərbaycan
Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Həqiqətən də bu sənəd,
Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi və Azərbaycan
Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində
keyfiyyətli təhsil almaq imkanının yaradılması baxımından, mükəmməl bir dövlət
proqramıdır.
Hörmətli qurultay nümayəndələri!
Azərbaycanda təhsil siyasətini həyata keçirən dövlət orqanı - Təhsil
Nazirliyi uğurlu fəaliyyəti ilə seçilir və üzərinə düşən vəzifələri layiqincə
icra edir. Son beş ildə Azərbaycanda təhsil sahəsində həyata keçirilən
islahatlara, əldə olunan uğurlara diqqət yetirdikdə, bir daha bunun təsdiqini
görə bilərik. Bu illərdə biz ölkə təhsilinin Azərbaycanın yeni inkişaf konsepsiyasına
uyğun qurulmasının, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının
yaradılmasının, təhsil sisteminin infrastrukturunun və insan resurslarının
inkişaf etdirilməsinin, müəllimlərin maddi rifahının yaxşılaşdırılmasının
şahidi olduq.
Mən fürsətdən istifadə edərək, Azərbaycanda təhsilin keyfiyyətinin
artırılması, müqəddəs peşə sahibi olan müəllimlərimizin sosial rifahının
yaxşılaşdırılması ilə bağlı həyata keçirilən səmərəli islahatlara görə, başda
hörmətli nazir Ceyhun Bayramov olmaqla, Təhsil nazirliyinin kollektivinə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası adından təşəkkürümü bildirirəm.
Hörmətli qurultay iştirakçıları!
Hesab edirəm ki, Təhsil Nazirliyi ilə yanaşı digər qurumlar, ictimai təşkilatlar
bu sahənin inkişafına kömək göstərməli, öz töhfələrini verməlidir. Bu, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq, bizim də əsas prinsipimizdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyətinin əsas
istiqamətlərini ittifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi təşkil
edir.
Eyni zamanda ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı
göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicələrinin və
istirahətlərinin təşkili, bədən tərbiyəsi və idmanın inkişafı, əməyin mühafizəsi,
ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması,
üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təminatına ittifaq ciddi nəzarət
edir.
Hörmətli qurultay iştirakçıları!
Təhsil Nazirliyi təhsil işçilərinin hüquqlarının müdafiəsi ilə bağlı həyata
keçirilən tədbirlərdə ən yaxın tərəfdaşlarımızdan biridir. Nəzərinizə çatdırım
ki, 1998-ci ildən başlayaraq ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi
arasında Kollektiv Saziş bağlanır.
Bu sənəd təhsil işçilərinin və təhsil alanların sosial hüquqlarının müdafiəsi
ilə bağlı bir çox vacib məqamları özündə əks etdirir. Biz, həmkarlar ittifaqı təşkilatları
olaraq, bu Sazişdə öz əksini tapan müddəaların yerinə yetirilməsinə bilavasitə
nəzarət edir, həmçinin öz öhdəliklərimizi yerinə yetirməyə səy göstəririk.
Biz, həmkarlar ittifaqı üzvü olan müəllimlərimizin sosial problemlərinin həllinə
çalışır, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər
həyata keçirir, hər il minlərlə təhsil işçisi və onların ailə üzvlərinin müalicə
və istirahətini təmin edirik.
Bilirsiniz ki, Respublika Komitəsi ittifaq üzvlərinin istirahətini daha
yaxşı təşkil etmək məqsədilə Nabran istirahət zonasında “Təhsil” İstirahət Mərkəzini
tikərək ittifaq üzvlərinin xidmətinə vermişdir. Müasir standartlara cavab verən
bu istirahət mərkəzində hər il minlərlə təhsil işçisi və onların ailə üzvləri
istirahət edir.
Hörmətli qurultay iştirakçıları!
Sadaladığım tədbirlər gördüyümüz işlərin sadəcə cüzi bir hissəsini təşkil
edir. Sizi əmin edirəm ki, təşkilatımız bundan sonra da təhsilimizin inkişafına
öz töhfələrini verən, öz potensialını gənc nəslin təlim-tərbiyəsinə, savadlı, vətənpərvər,
layiqli vətəndaşlar kimi yetişməsinə həsr edən, bu ağır yükü çiyinlərində şərəflə
daşıyan pedaqoji ictimaiyyətə, təhsil sahəsində çalışan insanlara diqqət və
qayğısını heç vaxt əsirgəməyəcəkdir.
Hörmətli qurultay iştirakçıları!
Mən Azərbaycan müəllimlərinin son beş ildəki fəaliyyətini müsbət qiymətləndirir
və bir daha müqəddəs peşə sahibi olan müəllimlərimizi təbrik edir, onlara uzun
ömür, cansağlığı və qurultayın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür
edirəm!