AZ | RU | EN

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin Azərbaycan müəllimlərinin XV qurultayında ÇIXIŞI

28 Nov 2018

Hörmətli qurultay nümayəndələri, əziz müəllimlər, xanımlar və cənablar!

İlk növbədə hər birinizi Azərbaycan müəllimlərinin XV qurultayında salamlayır, Azərbaycanın bütün təhsil işçilərini təbrik edir, hər birinizə xoşbəxtlik və səadət arzulayıram!

Hörmətli qurultay iştirakçıları!
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu günün güclü təhsil sistemi sabahın, qüdrətli dövlətinin təminatıdır. Azərbaycanda da təhsilin inkişafı, gənclərimizin savadlı vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə müəllim nüfuzunun daha da artırılması Ulu Öndərin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi.
Heydər Əliyev öz müəllimini xatırlayaraq deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Bu, Heydər Əliyevin təhsil işçilərinə qarşı qəlbində bəslədiyi ülvi hisslərin təzahürü idi.

Təhsilin inkişafı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin və Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzindədir.

Bu gün əminliklə demək olar ki, strateji sahə olan təhsil cəmiyyətin bütün sahələrinə nüfuz etmişdir. Cənab Prezident ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq təhsil sahəsinin inkişafını təmin edən əhəmiyyətli fərman və sərəncamlara imza atıb.
Azərbaycanda hər il yeni-yeni məktəb binaları tikilir, köhnə məktəb binaları əsaslı təmir edilir, laboratoriyalar, emalatxanalarla təchiz edilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, Azərbaycan Respublikasının dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi də ilbəil artırılır. Müəllim əməyinin qiymətləndirilməsinə, onların sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş addımlar atılır, dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur.

Mən buna misal olaraq hazırda icrası uğurla davam etdirilən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nı göstərmək istərdim. Bu Strategiya Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun təhsil sisteminə çevirir.
Azərbaycanda təhsilin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş və ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən birini təhsilin inkişafı, təhsil işçilərinin sosial-iqtisadi müdafiəsinin yaxşılaşdırılması və müəllim nüfuzunun artırılması sahəsində təşəbbüslərin dəstəklənməsi təşkil edir.

Bilirsiniz ki, bu günlərdə təhsillə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə uzunmüddətli və strateji hədəflərə nail olunmasına hesablanmış daha bir dövlət proqramı təsdiq olundu. Bu, Azərbaycan Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Həqiqətən də bu sənəd, Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi və Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması baxımından, mükəmməl bir dövlət proqramıdır.

Hörmətli qurultay nümayəndələri!
Azərbaycanda təhsil siyasətini həyata keçirən dövlət orqanı - Təhsil Nazirliyi uğurlu fəaliyyəti ilə seçilir və üzərinə düşən vəzifələri layiqincə icra edir. Son beş ildə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlara, əldə olunan uğurlara diqqət yetirdikdə, bir daha bunun təsdiqini görə bilərik. Bu illərdə biz ölkə təhsilinin Azərbaycanın yeni inkişaf konsepsiyasına uyğun qurulmasının, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılmasının, təhsil sisteminin infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsinin, müəllimlərin maddi rifahının yaxşılaşdırılmasının şahidi olduq.

Mən fürsətdən istifadə edərək, Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, müqəddəs peşə sahibi olan müəllimlərimizin sosial rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən səmərəli islahatlara görə, başda hörmətli nazir Ceyhun Bayramov olmaqla, Təhsil nazirliyinin kollektivinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından təşəkkürümü bildirirəm.
Hörmətli qurultay iştirakçıları!
Hesab edirəm ki, Təhsil Nazirliyi ilə yanaşı digər qurumlar, ictimai təşkilatlar bu sahənin inkişafına kömək göstərməli, öz töhfələrini verməlidir.  Bu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq, bizim də əsas prinsipimizdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyətinin əsas istiqamətlərini ittifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi təşkil edir.
Eyni zamanda ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicələrinin və istirahətlərinin təşkili, bədən tərbiyəsi və idmanın inkişafı, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təminatına ittifaq ciddi nəzarət edir.
Hörmətli qurultay iştirakçıları!

Təhsil Nazirliyi təhsil işçilərinin hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdə ən yaxın tərəfdaşlarımızdan biridir. Nəzərinizə çatdırım ki, 1998-ci ildən başlayaraq ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında Kollektiv Saziş bağlanır.
Bu sənəd təhsil işçilərinin və təhsil alanların sosial hüquqlarının müdafiəsi ilə bağlı bir çox vacib məqamları özündə əks etdirir. Biz, həmkarlar ittifaqı təşkilatları olaraq, bu Sazişdə öz əksini tapan müddəaların yerinə yetirilməsinə bilavasitə nəzarət edir, həmçinin öz öhdəliklərimizi yerinə yetirməyə səy göstəririk.

Biz, həmkarlar ittifaqı üzvü olan müəllimlərimizin sosial problemlərinin həllinə çalışır, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir, hər il minlərlə təhsil işçisi və onların ailə üzvlərinin müalicə və istirahətini təmin edirik.
Bilirsiniz ki, Respublika Komitəsi ittifaq üzvlərinin istirahətini daha yaxşı təşkil etmək məqsədilə Nabran istirahət zonasında “Təhsil” İstirahət Mərkəzini tikərək ittifaq üzvlərinin xidmətinə vermişdir. Müasir standartlara cavab verən bu istirahət mərkəzində hər il minlərlə təhsil işçisi və onların ailə üzvləri istirahət edir.

Hörmətli qurultay iştirakçıları!
Sadaladığım tədbirlər gördüyümüz işlərin sadəcə cüzi bir hissəsini təşkil edir. Sizi əmin edirəm ki, təşkilatımız bundan sonra da təhsilimizin inkişafına öz töhfələrini verən, öz potensialını gənc nəslin təlim-tərbiyəsinə, savadlı, vətənpərvər, layiqli vətəndaşlar kimi yetişməsinə həsr edən, bu ağır yükü çiyinlərində şərəflə daşıyan pedaqoji ictimaiyyətə, təhsil sahəsində çalışan insanlara diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Hörmətli qurultay iştirakçıları!
Mən Azərbaycan müəllimlərinin son beş ildəki fəaliyyətini müsbət qiymətləndirir və bir daha müqəddəs peşə sahibi olan müəllimlərimizi təbrik edir, onlara uzun ömür, cansağlığı və qurultayın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm!