AZ | RU | EN
AZ | EN | RU

Təhsil İşçiləri Həmkarlar İttifaqının Məclisi keçirilib

28 Nov 2019

Noyabrın 28-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi olub. Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış edib. 

Məclisə yeni üzvlərin namizədliyi təqdim və təsdiq olunub.
Sonra Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə “Ali təhsil müəssisələrində ittifaq üzvlərinə yaradılmış iş şəraiti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə arayışı oxuyub.
Arayışla bağlı qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Sonra “2020-ci ilin I rübündə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin yaranmasının 100 illik yubileyinin keçirilməsi barədə” və digər məsələlərə baxılıb müvafiq qərarlar qəbul olunub.

Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev Məclisdə müzakirə olunan məsələlərə münasibət bildirərək görülən işləri müsbət qiymətləndirib. Deyib ki, AHİK 2009-cu ildən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ilin ən yaxşı müəssisə (təşkilatı)” devizi altında müsabiqə keçirir. Müsabiqənin keçirilməsində məqsəd idarə, müəssisə, təşkilat rəhbərlərində əməyin təhlükəsizliyi məsələsinə maraq oyatmaq, onları nöqsanları aradan qaldırmağa sövq etməkdir. Təcrübə göstərir ki, bu istəyimizə nail oluruq. Müsabiqənin nəticələri, iştirakçıların sayının ildən-ilə artması da bunu sübut edir.
Millət vəkili bildirib ki, əksər ali təhsil müəssisələrində yeniliklər həyata keçirilir, amma ilk növbədə əməyin mühafizəsi məsələsinə diqqət yetirilməlidir. Bütün dünyada layiqli iş yerlərinin yaradılması ilə bağlı müzakirələr gedir. Beynəlxalq Əmək Təşkilatının müzakirələrində də əsas yer tutan məsələlərdən biri budur. Təhlükəsizlik məsələsinə diqqət edilməsə, əməl olunmasa çox ciddi fəsadlar ola bilər. Ona görə də, qeyd olunan məsələlər daim nəzarətdə saxlanılmalıdır. Həmkarlar ittifaqı təşkilatları bu işlərdə diqqətli olmalıdır.
Təhsil Nazirliyi ilə TİAHİ RK arasında 2019-2021-ci illəri əhatə edən kollektiv sazişin texniki təhlükəsizliklə bağlı olan maddələrinin yerinə yetirilməsinə hər zaman nəzarət etmək lazımdır.

S. Möhbalıyev deyib ki, həmkarlar ittifaqlarının ən məsuliyyətli dövrü hesabat-seçki yığıncaqlarının keçirildiyi ərəfədir. Seçkilərin keçirilməsi ciddi bir məsələdir. Çünki bu, gələcək fəaliyyətin formalaşmasına birbaşa təsir edir. Seçkilərdə RK-nın bütün üzvləri fəal iştirak etməlidir.
Ali təhsil müəssisələrində həmkarlar ittifaqları sıralarına seçkilər ədalətli keçirilməlidir. Tələbə həmkarlar ittifaqı komitəsi də diqqətli olmalıdır. Həmkarlar ittifaqlarının əsas məram və fəaliyyəti gənclərə daha dolğun izah olunmalıdır. Gənclərlə səmimi münasibət qurub, onları dinləməliyik, imkan daxilində problemlərini həll etməliyik.

S.Möhbalıyev bildirib ki, dövlət başçısı tərəfindən ölkədə əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar keçirilir, bu, gələn ildə də davam etdiriləcək. Həmkarlar ittifaqı təşkilatları olaraq biz də bu islahatları dəstəkləyirik.
S. Möhbalıyev gələn il TİAHİ RK-nın 100 illik yubileyinin keçirilməsi ilə bağlı bildirib ki, bununla bağlı tədbirlər planı nəzərdə tutulub. Tədbirlərə xarici qonaqların, beynəlxalq təhsil işçiləri həmkarlar ittifaqı qurumlarının rəhbərlərinin, üzvlərinin, eləcə də Təhsil Nazirliyinin, dövlət qurumlarının nümayəndələrinin dəvət olunacağı gözlənilir. Təhsil işçilərinin yubiley medalının hazırlanması nəzərdə tutulub. Təhsil sahəsində xidməti olan şəxslərin medal və fəxri adlarla təltif olunması barədə ölkə başçısına müraciət ediləcək.

ПОЛЕЗНЫЕ ССЫЛКИ