Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifələri müzakirə edilib
14 May 2020
Mayın 14-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) Rəyasət Heyətinin onlayn iclası keçirilib.
İclasda ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda
vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti, 2019-cu ilin
yekunlarına dair ümumi statistik hesabatın təsdiqi, ötən ilin yekunlarına görə
Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi və gündlikdə olan digər məsələlər
müzakirə edilib. Gündəliyə daxil edələn məsələlərin hər biri barədə məlumat
verilib və müvafiq qərarlar qəbul edilib.
İclasda ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev çıxış edib. Müzakirə olunan məsələlərə öz münasibətini
bildirən S. Möhbalıyev iclas iştirakçılarına qarşıdakı görüləcək işlər barədə məlumat
verib.
Daha sonra S. Möhbalıyev bütün dünyada, eləcə də ölkəmizdə
yaşanan pandemiyadan danışaraq indiki şəraitdə həmkarlar ittifaqlarının üzərinə
yeni vəzifələr düşdüyünü vurğulayıb. Qeyd edib ki, ölkə Prezidenti İlham
Əliyevin tapşırığı ilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində
xəstəliyə yoluxmuş insanların tibb müəssisələrində çevik şəkildə qəbul edilib
müalicə olunması, yeni tipli modul nüalicə ocaqlarının tikilib istifadəyə
verilməsi, infeksiya şəraitində qoruyucu
vasitələrin ölkə daxilində operativ istehsalına başlanması işləri görülüb. Pandemiya
ilə əlaqədar dünya iqtisadiyyatına, eləcə də respublikamızın iqtisadiyyatına
vurulan ziyana baxmayaraq Prezident İlham Əliyev ilk günlərdən bəyan edib ki, mənim
üçün ən vacib məsələ ölkə vətəndaşlarının sağlamlığıdır. Buna görə də, insanlarımızın
sosial vəziyyətinin, rifahının pisləşməsinə yol verməmək üçün bütün zəruri
addımlar atılmalıdır. Xüsusilə cəmiyyətin həssas, aztəminatlı təbəqələri,
qeyri-leqal şəraitdə çalışanlar, işsiz insanlar hər cür qayğı ilə əhatə
olunmalıdır. Bu məqsədlə 600 minə yaxın belə insanlara yardım göstərilib. 900
minə yaxın özəl sektorda çalışan insanların əməkhaqqının bir qismi büdcə
hesabına ödənilib.
S. Möhbalıyev bildirib ki, yaşadığımız indiki pandemiya şəraitində
Azərbaycan həmkarlar ittifaqları ölkə
Prezidentinin çağırışına ilk günlərdən dəstək olmuşlar. AHİK və sahə həmkarlar
ittifaqlarının topladıqları vəsait hesabına Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250
min manat, Naxçıvanda yaradılan Fonda 100 min manat vəsait köçürülüb. Bundan əlavə,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai
Birliyi ilə birgə 105 min manatlıq ərzaq yardımları bölgələrdəki aztəminatlı
ailələrə paylanılıb. Bu günlərdə isə, ölkənin 76 şəhər və rayonlarında yaşayan
3900 ailəyə 68 ton ərzaq sovqatı göndərlib. Ümumilikdə bütün bu tədbirlərə həmkarlar
ittifaqları tərəfindən 2,5 milyon manat vəsait xərclənib.
S. Möhbalıyev bildirib ki, biz bu çətin günlərdə
xalqımızla bir yerdəyik. Biz Prezident
İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları
siyasəti bundan sonra da həmişə dəstəkləyəcəyik və işimizlə, fəaliyyətimizlə xalqımız qarşısında
öz borcumuzu yerinə yetirəcəyik.
İclasın sonunda S. Möhbalıyev Rəyasət Heyətinin üzvlərinə
öz tövsiyyə və tapşırıqlarını verib.