AZ | RU | EN
AZ | EN | RU

Tələbə adını qazananlara təqaüdlər təqdim edilib

23 Sep 2019

Sentyabrın 23-də “Bakı Metropoliteni” QSC-də yüksək nəticələr əldə edərək tələbə adını qazanmış metropoliten işçilərinin övladları ilə görüş keçirilmişdir.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov tələbə adını qazanmış gəncləri təbrik edərək demişdir ki, siz gənclər bilməlisiniz ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı və bizlərə əmanət etdiyi Müstəqil Azərbaycan Dövləti məhz Sizlərin sayəsində daha da inkişaf etməli və öz iqtisadi, elmi-texniki inkişaf gücünə görə müasir dünyanın öndə gedən dövlətlərinin sırasına qoşulmalıdır. Burada əyləşənlərin əksəriyyəti məlumatlıdırlar ki, son illər ərzində ölkəmizdə gənclərlə bağlı bir çox layihələr həyata keçirilmiş və bu iş davam etməkdədir.Bütün bunlar Müstəqil Azərbaycanın və onun başçısının gənclərə böyük qayğısından və ümidindən xəbər verir.

Bu gün Azərbaycan dövləti özünün iqtisadi potensialına görə nəinki yaxın qonşularımız-postsovet respublikaları, həmçinin dünyanın inkişaf etmiş bir çox dövlətləri ilə müqayisə ediləcək səviyyədədir. Son illər ərzində ölkə başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş iqtisadi yüksəliş bizə gələcəyə ümidlə baxmağa imkan verməklə yanaşı gələcəyimizin parlaq olmasını söyləməyə əsas verir. Bu gün Azərbaycanın yerləşdiyi coğrafi məkanda həyata keçirilən istənilən iqtisadi layihənin bizim iştirakımız olmadan reallaşması qeyri-mümkündür. Təbii ki, bütün bunlara səbəb ölkəmizdə bərqərar olmuş siyasi sabitlikdir. İqtisadi tərəqqi üçün siyasi sabitlik önəmli faktordur. Dünyanın aparıcı şirkətləri, ümumiyyətlə iş dünyasının nümayəndələri siyasi sabitlik olmayan yerə yatırım etmirlər. Məhz bizim respublikamızda mövcud siyasi sabitlik Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində vəsaitin, xarici investisiyanın ayrılmasına səbəb olmuşdur.

 Bu gün hamımızın ən böyük problemi işğal altında olan torpaqlarımız və öz ata-baba torpaqlarından məcburi şəkildə köçə məruz qalmış həmvətənlərimizin taleyidir. Ümid edirəm ki, yaxın gələcəkdə bu ağrılı məsələ də öz həllini tapacaq, torpaqlarımız işğalçılardan azad ediləcək və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar.Bütün bu dediklərimin bir səbəbi vardır. Siz gənclər onu bilməlisiniz ki, yüksək bal toplayaraq ali məktəbə qəbul olmaqla nəinki öz valideynlərinizin etimadını doğrultmusunuz, həmçinin öz biliyinizlə, bacarığınızla bütün xalqımıza və ən əsası, dövlətimizə dayaq ola biləcək bir qüvvəyə çevrilmisiniz. Sizin peşəkar bir mütəxəssis kimi yetişməyiniz üçün dövlətimiz əlindən gələni əsirgəmir və bundan sonra da əsirgəməyəcəkdir.

Bu gün bu möhtəşəm iclas zalında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin Siz gəncləri təbrik etməsi həmin dövlət qayğısının bir təzahürüdür.Nəzərinizə çatdırmaq istəyirəm ki, hələ 2015-ci ilin əvvəlində MİHİ-nin İK-nin iclasında metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik mükafat (təqaüd) verilməsi müzakirə olunmuş və perspektiv iş planına salınmışdır. Yəni, 2015-ci ildən bu yana hər il MİHİ tərəfindən bu iş yerinə yetirilir və inanıram ki, bizim bu təşəbbüsümüz metropolitençi övladlarının sevincinə səbəb olur.  

Bu il də biz ənənəmizə sadiq qalaraq metropolitençi övladlarını mükafatlandırmaq qərarına gəlmişik. Belə ki, MİHİ İK-nin 04.09.2019-cu il tarixdə keçirilmiş iclasında bu il respublikamızın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş 5 (beş) nəfər metropolitençi övladlarının hər birinə 500 (beş yüz) manat məbləğində mükafat verilməsi barədə qərar qəbul edilmişdir. Düşünürəm ki, gələn il daha çox metropolitençi övladı yüksək bal yığaraq tələbə adını qazanacaqdır.Bir daha Sizin hamınıza möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Tədbirin sonunda mükafata layiq görülmüş tələbələrə təqaüdlər təqdim edilmişdir.

FAYDALI KEÇİDLƏR