Tələbələrə adlı təqaüdlər təqdim edilib
13 Mar 2019
Martın 13-də 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ
Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib.
Sədr
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, həmkarlar
ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs
edərək bu istiqamətdə həyata keçirilən tədbirləri sadalayıb. Qeyd edibdir
ki, ATİAHİ Respublika Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif intellektual
oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili
ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin
sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər
il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə
pulsuz yeməklə təmin olunur. Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı
və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (61 nəfər) ATİAHİ
Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə
marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü
təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay
sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2270 nəfər tələbə bu təqaüddən
yararlanıb.