“Təmiz Azərbaycan dilimizi, milli musiqilərimizi məhz sizin səhnələrinizdə eşidə bilirik”
26 Nov 2019
Noyabrın 26-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib.
Bu sənət ocağının dövlət statusu alması münasibətilə təşkil
olunmuş tədbirdə Respublika Komitəsinin sədri Cəmilə Səttarova bildirdi ki,
teatr mədəniyyətin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək
əxlaqi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna
rola malik sənət növüdür. Azərbaycan teatrı xalqımızın azadlıq və müstəqillik
uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O öz fəaliyyəti ilə
xalqın milli sərvətinə çevrilmişdir: “Mən çox istərdim ki, bizim teatrımızın tərtibatı
dünyada ən qabaqcıl teatrların tərtibatına gəlib çatsın. Məlumdur ki, mədəniyyətin
çox növü teatrda öz əksini tapır. Bunun ən mükəmməl nümunələrini daha çox sizin
teatrda görmək mümkündür. Təmiz Azərbaycan dilini, milli musiqilərimizi məhz
sizin səhnələrinizdə eşidə bilirik”.
Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü Nurəddin Mehdixanlı çıxışında bildirdi ki, Azərbaycan Akademik Milli
Dram Teatrı Zaqafqaziyada və Şərqdə ilk dövlət teatrı statusu alan bir
teatrdır: “Bu gün biz sizin görüşünüzə 147 yaşı olan və dövlət teatrı statusu
almağının 100 illiyini qeyd etdiyimiz Akademik Milli Dram Teatrının kollektivi
olaraq gəlmişik. Teatrımız yaradıcılığının parlaq dövrünü yaşayır. Sənət ocağı
maraqlı, baxımlı və günün tələblərinə cavab verən tamaşaları ilə tamaşaçıların
diqqət mərkəzində olmağa, onları narahat edən problemləri nümayiş etdirməyə
qadirdir”.
Sonda teatrın bir qrup əməkdaşına Respublika Komitəsinin
Fəxri fərmanları və mükafatları təqdim olundu.