«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib
06 Mar 2017
Martın 4-5-də İstanbul şəhərində «TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib. Qurultayda AHİK-in sədri, BHİK- in və PARŞ-ın vitse-prezidenti, millət vəkili S. Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
2 gün
davam edən tədbirin ilk günündə AHİK sədri Səttar Möhbalıyev çıxış edərək
qurultayın işinə uğurlar arzulayıb.
S. Möhbalıyev
öz çıxışında bildirib ki, ötən illər ərzində Azərbaycan və qardaş Türkiyə həmkarlar
ittifaqları, o cümlədən «TOLEYİS» arasında hərtərəfli əlaqələr geniş vüsət alıb,
işbirliyi daha da möhkəmlənib, qarşılıqlı səfərlər və təcrübə mübadilələri genişlənib.
Hətta Türkiyə həmkarlar ittifaqları birliklərinin ali orqanlarının yığıncaqlarının
Bakı şəhərində keçirilməsi halları bir ənənəyə çevrilib. Təbii ki, bu münasibətlər
yalnız bir məqsədə – həmkarlar ittifaqlarımız arasındakı qarşılıqlı əlaqələrin bir
daha möhkəmləndirilməsinə, həmrəyliyinin gücləndirilməsinə və ittifaq üzvlərimizin
hüquqlarının qorunmasına xidmət edir.
Türkiyə
Otel, Restoran İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət dövrü ərzində
həm ölkə daxilində, həm də beynəlxalq arenada
gördüyü işlər və həyata keçirdiyi tədbirlər nəticəsində nüfuzunun artmasına nail
olub, üzvlərinin mənafeyinin layiqincə müdafiə edilməsi istiqamətində böyük nailiyyətlər
əldə edərək dünya həmkarlar ittifaqları hərəkatında layiqli yerlərdən birini tutub.
Bütün bunlar Konfederasiyanızın rəhbəri, mənim əziz dostum və qardaşım Cemail bəy
Bakındının yüksək təşkilatçılığı nəticəsində əldə olunub. Onun Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sonuncu qurultayında Dağlıq Qarabağ problemi və Xocalı
soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər və qardaşlıq duyğularını dilə gətirməsi
qurultay iştirakçıları tərəfindən hərarətlə qarşılanmışdı. Bax, bu, əsil qardaşlıq
nümunəsidir.
AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası öz ətrafında milyondan çox insanı əhatə edən 26 üzv təşkilatını
birləşdirir. Konfederasiya icra, yerli özünüidarəetmə orqanlarına, işəgötürənlərə,
onların birliklərinə, siyasi partiya və
digər ictimai təşkilatlara hesabat vermir, onlar tərəfindən nəzarət olunmur, öz
fəaliyyətində tamamilə müstəqildir. Hər il Azərbaycan Respublikası Nazirlər Kabineti
və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
ilə imzalanan Baş Kollektiv Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı
məsələlər öz əksini tapır.
Bu gün
Azərbaycan həmkarlar ittifaqları özünün prioritet hesab etdiyi istiqamətlər - həmkarlar
ittifaqının boy artımına nail olunması, işçilərin sosial-iqtisadi problemlərinin
həlli, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Layiqli Əmək, gənclər
arasında işsizliyin aradan qaldırılması, gender problemləri, bütün diskriminasiya
hallarının aradan qaldırılması, təhlükəsiz iş yerlərinin yaradılması və sairə kimi
məsələlər üzrə öz fəaliyyətini qurur. Beynəlxalq həmkarlar ittifaqları həmrəyliyinin
qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi önəm
verir, dünya həmkarlar ittifaqlarında baş verən dəyişiklikləri diqqətlə izləyir
və onlara çevik reaksiya verməyə çalışır.
Hazırki
dünya iqtisadi böhranı şəraitində baş verən hadisələr işçilərin birliyini parçalamaq,
transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olmaq,
onları milli və dünya səviyyəsində hadisələrin gedişinə təsir etmək imkanlarından
məhrum etmək cəhdləri beynəlxalq həmrəyliyin nə qədər vacib olduğunu ortaya qoyur.
Yalnız həmkarlar ittifaqlarının birgə səyləri ilə aclıq, işsizlik, diskriminasiya
halları, insan alveri, miqrasiya, ekoloji təhlükə kimi problemlərin qarşısını almaq
olar.
S. Möhbalıyev
daha sonra deyib ki, bütün bunlara nail olmaq
üçün təmsil olunduğumuz ölkələrdə sabitliyin qorunması, daimi xarakter alması, demokratiyanın
inkişafı əsas şərtlərdən biridir. Məhz bu baxımdan qardaş Türkiyədə baş verən
15 iyul hadisələrini xatırlamaq istərdim. FETÖ Terror Örgütünün dövlət çevrilişinə
cəhdi ilə bağlı hadisə Türkiyədə olduğu kimi Azərbaycanda da böyük narahatlıq və
üzüntü ilə qarşılandı. Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan
xalqı, o cümlədən həmkarlar ittifaqları da Türkiyənin Konstitusiyasına, demokratiyasına
qarşı yönəlmiş bu cinayəti dərhal qətiyyətlə pislədiyini rəsmi qaydada bəyan etdi.
Eyni zamanda hadisənin sabahı günü qardaş Türkiyə Həmkarlar İttifaqları Birliklərinin
hamısına faks və elektron poçt vasitəsilə mesaclarımızı göndərərək narahatlığımızı
bildirdik və qardaş xalqa öz iradəsini nümayiş etdirmək üçün mətin olmağı dilədik. Çünki qardaşlığımızın davamlılığı
və biri-birimizə inam iki ölkə həmkarlar ittifaqlarının öz işçilərinin mənafeyinə
xidmət etməyinin əsasını təşkil edir. Bizim üçün çox xoşdur ki, qardaş türk xalqının,
dövlətinin və millətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində ölkədəki vəziyyət
qısa zamanda sabitləşərək əvvəlki məcrasına düşdü.
Mən bir daha dövlət çevrilişi cəhdinin qarşısının
alınması zamanı canlarını qurban verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan
həmkarlar ittifaqları üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Allah şəhidlərimizə rəhmət eləsin.
S.Möhbalıyev bir daha əminliyini bildirərək
deyib ki, keçirdiyiniz bu qurultay ölkələrimizin həmkarlar ittifaqı təşkilatlarının
bilik və təcrübəsinin qarşılıqlı şəkildə mübadiləsinə və mövcud problemlərin həlli
yolunda davamlı əməkdaşlığa vəsilə olacaq, qəbul edəcəyiniz qərarlar beynəlxalq
miqyasda həmkarlar ittifaqları hərəkatının aktual məsələləri ilə uzlaşacaq və həmkarlar
ittifaqı birliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Qurultayın
sonunda Cemail Bakındı növbəti müddətə təşkilatın sədri seçilib.