AZ | RU | EN

«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib

06 Mar 2017

Martın 4-5-də İstanbul şəhərində «TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib. Qurultayda AHİK-in sədri, BHİK- in və PARŞ-ın vitse-prezidenti, millət vəkili S. Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

2 gün davam edən tədbirin ilk günündə AHİK sədri Səttar Möhbalıyev çıxış edərək qurultayın işinə uğurlar arzulayıb.

S. Möhbalıyev öz çıxışında bildirib ki, ötən illər ərzində Azərbaycan və qardaş Türkiyə həmkarlar ittifaqları, o cümlədən «TOLEYİS» arasında hərtərəfli əlaqələr geniş vüsət alıb, işbirliyi daha da möhkəmlənib, qarşılıqlı səfərlər və təcrübə mübadilələri genişlənib. Hətta Türkiyə həmkarlar ittifaqları birliklərinin ali orqanlarının yığıncaqlarının Bakı şəhərində keçirilməsi halları bir ənənəyə çevrilib. Təbii ki, bu münasibətlər yalnız bir məqsədə – həmkarlar ittifaqlarımız arasındakı qarşılıqlı əlaqələrin bir daha möhkəmləndirilməsinə, həmrəyliyinin gücləndirilməsinə və ittifaq üzvlərimizin hüquqlarının qorunmasına xidmət edir.

Türkiyə Otel, Restoran İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət dövrü ərzində həm  ölkə daxilində, həm də beynəlxalq arenada gördüyü işlər və həyata keçirdiyi tədbirlər nəticəsində nüfuzunun artmasına nail olub, üzvlərinin mənafeyinin layiqincə müdafiə edilməsi istiqamətində böyük nailiyyətlər əldə edərək dünya həmkarlar ittifaqları hərəkatında layiqli yerlərdən birini tutub. Bütün bunlar Konfederasiyanızın rəhbəri, mənim əziz dostum və qardaşım Cemail bəy Bakındının yüksək təşkilatçılığı nəticəsində əldə olunub. Onun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sonuncu qurultayında Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər və qardaşlıq duyğularını dilə gətirməsi qurultay iştirakçıları tərəfindən hərarətlə qarşılanmışdı. Bax, bu, əsil qardaşlıq nümunəsidir.

 AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz ətrafında milyondan çox insanı əhatə edən 26 üzv təşkilatını birləşdirir. Konfederasiya icra, yerli özünüidarəetmə orqanlarına, işəgötürənlərə, onların   birliklərinə, siyasi partiya və digər ictimai təşkilatlara hesabat vermir, onlar tərəfindən nəzarət olunmur, öz fəaliyyətində tamamilə müstəqildir. Hər il Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə imzalanan Baş Kollektiv Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı məsələlər öz əksini tapır.

Bu gün Azərbaycan həmkarlar ittifaqları özünün prioritet hesab etdiyi istiqamətlər - həmkarlar ittifaqının boy artımına nail olunması, işçilərin sosial-iqtisadi problemlərinin həlli, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Layiqli Əmək, gənclər arasında işsizliyin aradan qaldırılması, gender problemləri, bütün diskriminasiya hallarının aradan qaldırılması, təhlükəsiz iş yerlərinin yaradılması və sairə kimi məsələlər üzrə öz fəaliyyətini qurur. Beynəlxalq həmkarlar ittifaqları həmrəyliyinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi önəm verir, dünya həmkarlar ittifaqlarında baş verən dəyişiklikləri diqqətlə izləyir və onlara çevik reaksiya verməyə çalışır.

Hazırki dünya iqtisadi böhranı şəraitində baş verən hadisələr işçilərin birliyini parçalamaq, transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olmaq, onları milli və dünya səviyyəsində hadisələrin gedişinə təsir etmək imkanlarından məhrum etmək cəhdləri beynəlxalq həmrəyliyin nə qədər vacib olduğunu ortaya qoyur. Yalnız həmkarlar ittifaqlarının birgə səyləri ilə aclıq, işsizlik, diskriminasiya halları, insan alveri, miqrasiya, ekoloji təhlükə kimi problemlərin qarşısını almaq olar.

S. Möhbalıyev daha sonra deyib ki,  bütün bunlara nail olmaq üçün təmsil olunduğumuz ölkələrdə sabitliyin qorunması, daimi xarakter alması, demokratiyanın inkişafı əsas şərtlərdən biridir. Məhz bu baxımdan qardaş Türkiyədə baş verən 15 iyul hadisələrini xatırlamaq istərdim. FETÖ Terror Örgütünün dövlət çevrilişinə cəhdi ilə bağlı hadisə Türkiyədə olduğu kimi Azərbaycanda da böyük narahatlıq və üzüntü ilə qarşılandı. Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı, o cümlədən həmkarlar ittifaqları da Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti dərhal qətiyyətlə pislədiyini rəsmi qaydada bəyan etdi. Eyni zamanda hadisənin sabahı günü qardaş Türkiyə Həmkarlar İttifaqları Birliklərinin hamısına faks və elektron poçt vasitəsilə mesaclarımızı göndərərək narahatlığımızı bildirdik və qardaş xalqa öz iradəsini nümayiş etdirmək üçün  mətin olmağı dilədik. Çünki qardaşlığımızın davamlılığı və biri-birimizə inam iki ölkə həmkarlar ittifaqlarının öz işçilərinin mənafeyinə xidmət etməyinin əsasını təşkil edir. Bizim üçün çox xoşdur ki, qardaş türk xalqının, dövlətinin və millətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində ölkədəki vəziyyət qısa zamanda sabitləşərək əvvəlki məcrasına  düşdü.

 Mən bir daha dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı canlarını qurban verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan həmkarlar ittifaqları üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

 S.Möhbalıyev bir daha əminliyini bildirərək deyib ki, keçirdiyiniz bu qurultay ölkələrimizin həmkarlar ittifaqı təşkilatlarının bilik və təcrübəsinin qarşılıqlı şəkildə mübadiləsinə və mövcud problemlərin həlli yolunda davamlı əməkdaşlığa vəsilə olacaq, qəbul edəcəyiniz qərarlar beynəlxalq miqyasda həmkarlar ittifaqları hərəkatının aktual məsələləri ilə uzlaşacaq və həmkarlar ittifaqı birliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Qurultayın sonunda Cemail Bakındı növbəti müddətə təşkilatın sədri seçilib.

 Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-nin sədri Hikmət Osmanov, Kənd-Qida-İş HİF-nın sədri Tofiq Quliyev və Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri HİRK-nin sədri Məhəmmədəli Salmanov təmsil olunurdular.