AZ | RU | EN

SUBORDİNATİON ORG.

AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri
Nuriyev Fikrət   Lütvəli oğlu

 
turizm
1949-cu ildə anadan olmuşdur. Ali təhsillidir, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.
1972-1977-ci illərdə Azərbaycan Neft və Kimya institutunun “Polimerlər və monomerlər kimyası” kafedrasının problemlər laboratoriyasında mühəndis, 1977-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində xarici əlaqələr şöbəsinin müdiri,1979-1981-ci illərdə Bakı səyahətlər və ekskursiyalar bürosunda şöbə müdiri,1981-1982-ci illərdə Bakı soyuducular zavodunda mühəndis-texnoloq,
1982-1987-ci illərdə “VNİPİQAZ” elmi-tədqiqatlar institutunda sex rəisi və təcrübi-eksperimental istehsalatının rəis müavini, 1987-1989-cu illərdə “Dinamo” Azərbaycan Respublika Şurasının idman kombinatının direktoru vəzifələrində çalışıb.
1989-1990-cı illərdə Azərbaycan KP MK-də işlər idarəsinin təsərrüfat şöbəsinin müdiri,1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifələrində işləyib.
1990-ci ilin dekabr ayından bu günə kimi AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışır.
F.Nuriyev 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinin, Nəsimi rayon Sovetinin deputatı və Nəsimi rayon Partiya Komitəsinin büro üzvü seçilmişdir. Respublikanın ictimai-sosial həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2007).
Ailəlidir, iki övladı var.
 
AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurası


SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 17 aprel 1936-cı il tarixli qərarına əsasən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (Az.MİK) 11 may 1936-cı il tarixli, 25 saylı qərarı ilə Az.MİK nəzdində fəaliyyət göstərən Proletar turizmi və ekskursiyalar cəmiyyəti ləğv olundu və onun bütün əmlakı - Bakı turist bazası, Hacıkənd turist evi, Göygöl sahilində turist çadır düşərgəsi və s. Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası (ÜHİMŞ) nəzdində yeni təşkil olunan Turizm və Ekskursiyalar İdarəsinə (TEİ) verildi. Bu vaxta qədər, əsasən, həvəskarlar səviyyəsində fəaliyyət göstərən turizm-ekskursiya sahəsi yeni təşkilatın tərkibinə keçdikdən sonra plan-maliyyə əsasında inkişaf etməyə başladı.
İkinci Dünya müharibəsi illərində turizm-ekskursiya təşkilatlarının fəaliyyəti dayandırıldı.
Müharibədən sonra Bakı turist bazasının fəaliyyəti bərpa olundu (10 noyabr 1947-ci il). 1950-ci ilin sentyabr ayında Turizm-Ekskursiya İdarəsi nəzdində Bakı ekskursiya bazası yaradıldı.
Turizm-Ekskurisya İdarəsinin 278 saylı, 24 yanvar 1952-ci il tarixli qərarına əsasən Bakı turist bazası Bakı ekskursiya bazasının tərkibinə daxil edildi.
20 iyul 1962-ci il tarixində ÜHİMŞ Rəyasət Heyətinin “Turizmin gələcək inkişafı haqqında” qərarına əsasən Azərbaycan turizm-ekskursiya idarəsi ÜHİMŞ-in Turizm üzrə Azərbaycan Respublika Şurasına çevrildi.
Azərbaycan Həmkarlar İttifaqları Şurası (AHİŞ) 28.09.1969-cu il tarixli, №44 b.9 saylı qərarı ilə Turizm üzrə Azərbaycan Respublika Şurası Azərbaycan Turizm və Ekskursiyalar Şurası adlandırıldı.
1969-cu ilədək Turizm Şurasının maddi-texniki bazası zəif inkişaf etmişdi: Mingəçevirdə (1957), Yalamada “Xəzər” (1963) və Hacıkənddə (1966) turist bazaları turist qəbulu ilə, respublikamızda Bakı (1965), Abşeron (1967) və Gəncə (Kirovabad 1967) ekskursiya büroları ekskursiyaların təşkili ilə məşğul olurdular.
1969-cu ilin iyul ayında ulu öndərimiz Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsi ilə əlaqədar bütün sahələrdə olduğu kimi turizm sahəsində canlanma dövrü başlandı. 1970-ci ildə Zaqatalada, 1972-ci ildə Şuşada, 1975-ci ildə Qəbələdə və Nabranda turist bazaları, Bakıda “Qarabağ” turist mehmanxanası istifadəyə verildi. 1969-cu ildə Sumqayıt və Naftalan, 1971-ci ildə Xankəndi və 1972-ci ildə Mingəçevir ekskursiya büroları açıldı, 1978-ci ildə Naxçıvanda səyahətlər və ekskursiyalar bürosu yaradıldı.
Sonrakı illərdə respublikada turizm-ekskursiya müəssisələri şəbəkəsi genişləndi, turizm təsərrüfatının maddi-texniki bazası möhkəmləndirildi. 1983-cü ildə turizm ləvazimatlarının kirayəsi atelyesi, 1982-ci ildə təmir-tikinti sahəsi fəaliyyətə başladı. 1983-cü ildə Naxçıvanda, Xankəndi və Mingəçevirdə, 1984-cü ildə Gəncədə və Sumqayıtda turist klubları açıldı. 1985-ci ildə ekskursiya bürolarının sayı artaraq 19 oldu. 1986-cı ildə Bakıda “Abşeron” turist mehmanxanası ilk turistlərini qəbul etdi.
Həmkarlar ittifaqları xətti ilə gələn əcnəbi turistlərin qəbulu üçün 1987-ci ildə Respublika Turizm və Ekskursiyalar Şurasının nəzdində “İnturbüro” yaradıldı.
1988-ci ildə məlum Qarabağ hadisələrinin başlanması, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın kütləvi deportasiyası, respublikamızda hökm sürən xaos həmkarlar ittifaqlari turizminin fəaliyyətinə də böyük ziyan vurdu. Məcburi köçkün və qaçqın ailələrinin bir hissəsi (2500 nəfər) Respublika Turizm və Ekskursiyalar Şurasının turist bazalarında yerləşdirildi.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə daxilində sabitliyin tədricən bərpa olunması, Bakıda və bölgələrdə sosial-iqtisadi durumun yaxşılaşması turizm sahəsində öz müsbət nəticəsini verdi. Həmkarlar ittifaqlarının turizmi inkişaf etməyə başladı.
1996-cı ildən başlayaraq həmkarlar ittifaqlari üzvləri güzəştli yollayışlarla “Xəzər” və “Dostluq” turist bazalarında ailəvi istirahət etmək şansı əldə etdilər.
Son illərdə “Xəzər” və “Dostluq” turist bazalarında, “Bakı-Tur” icarə müəssisəsində hər yay mövsümündə 3 min nəfərdən çox həmkarlar ittifaqi üzvü ailəvi istirahət edir.
2007-ci ildə respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə turizm sistemində çalışan doqquz əməkdaş “Tərəqqi” medalına layiq görülmüşdür.