AZ | RU | EN
AZ | EN | RU

Turizmin inkişafında mühüm amillərə diqqət yetirilməlidir

05 Oct 2018

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası Gənclər Şurasının təşəbbüsü ilə Ümumdünya Turizm Gününə həsr olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında turizmin inkişaf strategiyası” devizi altında dəyirmi masa keçirilib. 

Həmkarlar ittifaqı liderləri, turizm və otel sahə işçiləri nümayəndələrinin iştirak etdikləri tədbiri Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov açaraq məlumat verib ki, BMT-nin Beynəlxalq Turizm Təşkilatının 1979-cu il sentyabrın 27-də Ümumdünya Turizm Gününü təsis etməkdə başlıca məqsədi turizmin təbliği, onun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirmək, müxtəlif ölkə xalqları arasında sıx əlaqələrin yaradılmasıdır.  2001-ci ildən Azərbaycan Beynəlxalq Turizm Təşkilatının üzvüdür. Həmin gün sahədə çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyətinin peşə bayramı kimi qeyd olunur. Ölkəmiz turizm sahəsinin inkişafı üçün zəngin imkanlara malikdir. Bunun nəticəsidir ki, bu ilin 7 ayı ərzində respublikamıza 1,700 minə yaxın turist gəlib. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. Bu konsepsiya gənc kadrların gələcəkdə işlə təmin olunmasına çox böyük töhfə verəcək.

Azərbaycan Kooperasiya Universitetinin marketinq və turizm xidməti kafedrasının müdiri, dosent Gülnisa Mustafayeva çıxışında qeyd edib ki, turizmin inkişafına nail olmaq üçün sahələrdə dünya standartlarına uyğun xidmət edə biləcək kadrlar çalışmalıdır.
Turizm sahələrinin inkişaf etdirilməsi və peşəkar kadrların sayının artırılmasının vacibliyi onların nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, turizm şirkətləri və otellərdə təcrübə keçmələrini zəruri edir.

“Nyu Baku” otelinin və “Skaut” birliyinin rəhbəri Ceyhun Aşurov, “Bakı Turizm Ekskursiya” MMC-nin direktoru Əlixan Mürvətov təklif ediblər ki, otellərlə təcrübə keçmək üçün işəgötürən və təhsil ocaqları arasında müqavilə bağlanmalıdır, Turizm Agentliyi ilə həmkarlar ittifaqının birgə məlumat bazasının yaradılması da zəruridir.
Digər otel sahibləri çıxışlarında təəssüflə qeyd ediblər ki, Təhsil Nazirliyi yay mövsümündə gələcək kadrların təcrübəsini qadağan etmiş və bu təcrübə qış aylarına keçirilmişdir. Bu isə kadrların keyfiyyətli və peşəkar hazırlığına mənfi təsir edir.
“Xidmət-İş” Hİ Səbail Rayon Komitəsinin sədri Tofiq Qədimov, Xətai Rayon Komitəsinin sədri Roza Eyyubova   müzakirələr zamanı təklif veriblər ki, irəli sürülmüş tələbləri gerçəkləşdirmək üçün təmsil olunan müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması zəruri olardı.       
                           
Sonda C.İsmayılov vurğulayıb ki, bütün çıxışlarda toplantı iştirakçıları gənclərin öz sənətinə mükəmməl yiyələnməsi üçün lazımi şərait yaradılmadığını bildirriblər. Buna görə də Federasiya tərəfindən gənclər üçün “Həyati əhəmiyyətli qərarlar” mövzusunda maarifləndirici seminarlar keçirilməlidir.

FAYDALI KEÇİDLƏR