Türkiyə həmkarlar ittifaqları Ermənistanın törətdiyi təxribatı kəskin şəkildə qınadıqlarını bəyan ediblər
17 Jul 2020
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribata yol verməsi və yaşayış məntəqələrini artilleriya atəşinə tutması qardaş Türkiyədə böyük narahatlıq və hiddətlə qarşılanıb.
“Türk-İş” Türkiyə İşçi Sendikaları
Konfederasiyasının, “HAK-İş” Konfederasiyasının, “Eğitim-Sen”
Konfederasiyasının və digər sendikaların
sədrlərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
üzvü Səttar Möhbalıyevin ünvanına həmrəylik məktubları göndərilib.
Həmin məktublarda Türkiyə həmkarlar
ittifaqlarının rəhbərləri Ermənistanın törətdiyi təxribatı kəskin şəkildə
qınadıqlarını bəyan ediblər. Döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimovun
və digər hərbçilərin şəhid olması ilə əlaqədar başsağlıqlarını çatdırıblar.
Bəyanatlarda
yeni təxribat axtarışına çıxan Ermənistanın Azərbaycan hərbçilərinin şəhid
olmasına səbəb olduğu, bunun qarşılığında Azərbaycan Ordusunun cavab zərbələri
ilə yerinə oturdulduğu vurğulanıb. Qeyd edilib ki, təcavüzkar Ermənistan və
onun havadarları bilməlidirlər ki, Azərbaycana qarşı işğalçılıq siyasətini
davam etdirən Ermənistan hər zaman öz layiqli cavabını alacaqdır.
Türkiyənin Həmkarlar İttifaqlarının
liderləri aparılan danışıqların nəticəsiz qaldığını, Ermənistanın seçdiyi
taktikanın işğal müddətinin uzadılmasına xidmət etdiyini vurğulayıblar. Türkiyənin
hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu, Ermənistanın təcavüzkar
siyasətinə son verilməsinin zamanının gəldiyini, Azərbaycan Ordusunun bunu həyata
keçirmək qüdrətində olduğunu bildiriliblər.
Qardaş ölkənin Həmkarlar İttifaqlarının rəhbərləri
məktublarında ölkəmizin ərazi bütövlüyünün qorunması istiqamətində hər zaman Azərbaycan
xalqının yanında olmaqda davam edəcəklərini bir daha bəyan ediblər.