AZ | RU | EN
AZ | EN | RU

Türkiyənin təhsil işçiləri həmkarlar ittifaqının nümayəndələri AHİK-də qəbul edilib

01 May 2019

Mayın 1-də AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türkiyənin “Egitim-Bir-Sen” Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Bakıda səfərdə olan nümayəndələrini qəbul edib. Qeyd edək ki, beş yüz min ittifaq üzvünü özündə birləşdirən “Egitim-Bir-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatıdır.

Qonaqlara Azərbaycan  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı haqqında məlumat verən S.Möhbalıyev bildirib ki,  İttifaq öz sıralarında 400 minə yaxın təhsil işçisini birləşdirir. Onların da əhəmiyyətli hissəsini tələbələr təşkil edir. Təhsil işçilərinin qarşılaşdıqları problemlər, qayğılar, onların əmək hüquqlarının qorunması, istirahətlərinin təşkili  və digər məsələlər gündəlik olaraq sahə həmkarlar ittifaqının diqqət mərkəzindədir.  AHİK sədri qeyd edib ki, təhsil işçilərinin və onların ailə üzvlərinin istirahətlərinin səmərəli təşkili məqsədilə  Təhsil İşçiləri Həmkarlar İttifaqının vəsaiti hesabına respublikanın səfalı güşələrindən birində yaradılmış  böyük  istirahət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə istirahət edənlərin vaxtlarını maraqlı keçirməsi, müalicə alması, yaxşı dincəlməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, onların respublikanın digər sanatoriya-kurort müəssisələrində istirahətinin təşkili üçün də mövsüm ərzində lazımi tədbirlər görülür.
S.Möhbalıyev vurğulayıb ki, həmkarlar ittifaqı üzvü olan tələbələrə hərtərəfli qayğı göstərilməsi fəaliyyətimizin vacib sahələrindəndir. Tələbələr dövlətdən aldıqları təqaüdün 2 faizini həmkarlar ittifaqının hesabına köçürürlər. Biz isə bunun qarşılığında onların istirahətlərini təmin edirik, mədəni-kütləvi, idman tədbirləri təşkil edirik, problemləri ilə yaxından maraqlanırıq. Həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə uyğun olaraq bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Qeyd etmək istəyirəm ki, aztəminatlı ailələrdən olan gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Yaxud yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə İttifaqın adlı təqaüdləri verilir. Lap bu günlərdə ali məktəb tələbələrinin Respublika Universiadasının açılışını keçirdik. Universiadada 16 ali məktəb müəssisəsinin tələbələri iştirak edirlər. Həmin yarışlar idmanın 10 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcəkdir. Belə misalları çox gətirmək olar və məqsədimiz Təhsil işçiləri Həmkarlar ittifaqqının gördüyü işlərlə sizi tanış etməkdir. Bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirmək əzmindəyik.
 AHİK sədri daha sonra ümumilikdə Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti və həyata keçirdiyi işlər barədə qonaqları məlumatlandırıb. Görüşdə  qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

FAYDALI KEÇİDLƏR