Üçtərəfli komissiyanın iclası keçirilib
12 Feb 2019
Fevralın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.
Üçtərəfli Komissiyanın 2019-cu ildəki ilk iclasının gündəliyi
2019-cu il üçün iş planının müzakirəsinə həsr olunub. İş planına tərəflərin təklifləri
nəzərə alınmaqla, 18 məsələ salınıb. Müzakirələr zamanı komissiya üzvləri iş
planının ayrı-ayrı bəndləri ilə bağlı mövqelərini bildirmiş, bəzi dəyişikliklər
etmişlər. İclasda həmçinin iş planında nəzərdə tutulan məsələlərin il ərzində
müəyyən təqvim planı əsasında müzakirə olunması qərarlaşdırılmış, eləcə də
oxşar bir sıra bəndlər birləşdirilmişdir. İş planına əsasən, sosial və iqtisadi
sahədə olan bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanması,
onların müzakirəsinin təşkili və həmin sənədlərlə bağlı mövqelərin
razılaşdırılması nəzərdə tutulur. İş planına eləcə də Beynəlxalq Əmək Təşkilatının
100 illiyi ilə əlaqədar hökumət və sosial tərəfdaşlar tərəfindən il ərzində
keçiriləcək tədbirlərin müzakirəsi əlavə edilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının müzakirəsi
aparılıb, Sahibkarlar Konfederasiyasının və onun üzvü olan biznes
assosiasiyaların mövqeləri hökumətin və həmkarlar ittifaqı təşkilatlarının diqqətinə
çatdırılıb.
İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum əməkhaqqının
artırılması olub. Tərəflər cənab Prezident tərəfindən minimum əməkhaqqının
artırılmasını yüksək qiymətləndirərək bu məsələni il ərzində diqqətdə saxlayıb.
İlin sonunda, sosial tərəfdaşların mövqelərini nəzərə almaqla, həm minimum əməkhaqqının
məbləği, həm də hesablanma meyarları barədə təkliflərin Komissiya adından hökumətə
çatdırılmasını razılaşdırıblar. İclasın yekununda Sosial və İqtisadi Məsələlər
üzrə Üçtərəfli Komissiyanın 2019-cu il üçün iş planı əsas etibarilə təsdiq edilib.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında yaradılan Sosial
və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya ölkəmizdə ümumən sosial-iqtisadi
siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Ötən
dövr ərzində Komissiyanın 10 iclası keçirilib, bu iclaslarda onlarla normativ
aktın müzakirəsi baş tutub.
Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov, şöbə
müdiri Çingiz Tağıyev, Mədəniyyət İşçiləri Hİ Respublika Komitəsinin sədri Cəmilə
Səttarova iştirak ediblər.