Üçtərəfli Komissiyanın növbət iclası keçirildi
22 Dec 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Sosial və
İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev vurğulayıb
ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan genişmiqyaslı
islahatların əsas hədəfi vətəndaş rifahının təminatı, əmək, məşğulluq, sosial
müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Aparılan
islahatlarla əlaqədar olaraq normativ hüquqi baza daim təkmilləşdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata
görə, S.Babayev bildirib ki, ümumilikdə əmək və sosial sahədə islahat tədbirləri,
əmək bazarı proqramları, əmək, məşğulluq, sosial müdafiə sahələrində hazırlanan
yeni qanunvericilik layihələri mütəmadi olaraq Üçtərəfli Komissiyanın
iclaslarında müzakirə edilir, sosial dialoq müstəvisində sosial tərəfdaşların rəy
və təklifləri öyrənilir.
Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı
(BƏT) ilə fəal, səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Ölkəmizdə aparılan
uğurlu sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin
növbəti təzahürü kimi, son illərdə Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv
seçilib. Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan ölkəmizdə əmək
qanunvericiliyi həmin konvensiyalara uyğun şəkildə təkmilləşdirilib. Hazırkı
iclasın gündəliyində də BƏT-in daha bir Konvensiyasının ratifikasiyası
imkanlarının müzakirə edilməsi var.
Bir çox layihələrin daha təkmil şəkildə hazırlanmasında
ötən dövrdə Komissiyada aparılmış müzakirələrin əhəmiyyətini qeyd edən
S.Babayev hazırkı iclasda bir sıra yeni qanunvericilik layihələrinin sosial tərəfdaşlarla
birgə müzakirəsinin nəzərdə tutulduğunu bildirib.
Komissiya “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi
barədə Qanun layihəsini müzakirə edib. Həmçinin dövlət qulluğunda rotasiyanın tətbiqi
mexanizmləri və s. barədə layihələr, BƏT-in “Sahibkarların ödəmə qabiliyyəti
olmadığı halda zəhmətkeşlərin tələblərinin müdafiəsi haqqında” 173 nömrəli
Konvensiyasının ratifikasiyası imkanları müzakirə edilib.
Daha sonra iclasda təşkilati məsələlərə baxılıb. Bildirilib ki, Azərbaycan
Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə
görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla
bir il müddətinə Komissiyanın sədri seçilir. Beləliklə, ardıcıllığa uyğun olaraq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti
bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli
Komissiyanın sədri seçilib.