Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib
28 Apr 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövsusunda videokonfrans keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti Məmməd Musayev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı
nümayəndəsi Hande Harmancı, həmçinin beynəlxalq təşkilatların, sosial tərəfdaşlığın,
aidiyyəti dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Nazir S. Babayev çıxışı zamanı ölkəmizdə
əməyin mühafizəsi istiqamətində silsilə addımlar atıldığını, ilk dəfə olaraq
2020-ci ildə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitənin
təsis edildiyini, digər tərəfdən Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi
hazırlandığını bildirib. Nazir qeyd edib ki, əməyin mühafizəsi Azərbaycanda
dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir və BƏT-nin əməyin
mühafizəsi ilə bağlı konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin
mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir.
Nazir həmçinin bütün işçilərin işəgötürənlər tərəfindən iş yerlərində bədbəxt
hadisələrdən sığortalanmasının vacibliyini vurğulayıb.
Daha sonar çıxış edən Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev pandemiya
şəraitində əməyin mühafizəsi istiqamətində görülən işlərdən söz açıb. Sədr qeyd
edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə pandemiyaya qarşı təxirəsalınmaz
profilaktik tədbirlərin həyata keçirilməsi üçün zəruri qərarlar qəbul edilib,
sosial təcrid qaydalarının tətbiqi ilə əlaqədar bir çox müəssisə və təşkilatların
fəaliyyəti dayandırılıb, iş vaxtları azaldılıb, məsafəli iş rejiminə keçirilib,
kollektivlər daxilində virusun yayılmasının qarşısının alınması üçün məhdudlaşdırıcı
tədbirlər müəyyən edilib.
S.Möhbalıyev pandemiya dövründə Azərbaycan
həmkarlar ittifaqları tərəfindən 76 şəhər və rayonda yaşayan 3 900 aztəminatlı
ailəyə 2 dəfə olmaqla 136 ton ərzaq sovqatı paylandığını, maddi yardımlar göstərildiyini
qeyd edib və bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək
məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən 6 milyon manatdan çox vəsait sərf
edilib.
Konfederasiya sədri əmək
qanunvericiliyinin və əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsi ilə
bağlı əmək müfəttişləri tərəfindən aşkara çıxarılmış nöqsanların 93 %-dən
çoxunun aradan qaldırılmasına nail olunduğunu bildirib. Onun sözlərinə görə, həmkarlar
ittifaqı təşkilatlarının fəaliyyət göstərdiyi müəssisələrdə 2020-ci il ərzində istehsalatda
xəsarət alanların sayı 24,4 %, istehsalat xəsarəti nəticəsində həlak olanların
sayı isə 28,1 % azalıb.
S.Mehbalıyev qeyd edib ki, 2009-cu ildən
Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar
ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, onlar üçün sağlam və təhlükəsiz
əmək şəraiti yaratmaq, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin
yaradılması sahəsində həmkarlar ittifaqı təşkilatlarını və işəgötürənləri mənəvi
və maddi cəhətdən həvəsləndirmək məqsədilə “Sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsi
keçirilir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, həmçinin Ümumdünya Səhiyyə
Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışları zamanı mövzu
ilə bağlı öz fikirlərini bölüşüb və təkliflərini irəli sürüblər.
Daha sonra mövzu ilə bağlı təqdimatlar
dinlənilib.