Ümummilli Liderin əziz xatirəsi anılıb
08 May 2018
Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, nəsillərə nümunə olan fəaliyyətindən, onun rəhbərliyi dövründə ölkəmizin müstəqillik və demokratiya yolunda atdığı uğurlu addımlardan danışıb.
S.Möhbalıyev qeyd edib ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillər onun çətin və mürəkkəb siyasi şəraitdə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin ilk günlərindən ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Bildirilib ki, müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada amansız müharibə də arxa plana keçmişdi. Bu çətin dönəmdə vətəndaşlarımız müdrik qərar qəbul edərək təkidlə Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas faktoru oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu Öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.
AHİK sədri bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək. Bu gün Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının sübutudur. Əminliklə demək olar ki, aprelin 11-də keçirilən prezident seçkilərində xalqdan etimad mandatı alan İlham Əliyevin ölkəmizi uğurlu gələcəyə aparan siyasəti növbəti illərdə də davam etdiriləcək, Azərbaycan qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin ideyalarının yaşadığını, daim Azərbaycana uğur gətirdiyini bir daha sübut edir.
Tədbirdə digər çıxış edən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Həmkarlar İttifaqının sədri Sahib Həsənov, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Bayramov və digərləri Ulu Öndər fəaliyyətinin hər bir məqamının xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etdiyini bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. O, azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi rəhbəri, Ümummilli Lideri olduğu üçün xoşbəxtdir. Həm də ona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.