Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyətinin AHİK-də görüşü oldu
19 May 2016
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvətilə ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti mayın 19-da AHİK-də qəbul edilib.
Konfederasiyanın sədri, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ)
vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları
salamlayaraq onlara Azərbaycan Həmkarlar
İttifaqlarının işi, fəaliyyəti barədə məlumat verib. AHİK sədri daha sonra Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Ümumyunan Əmək Konfederasiyası
arasında münasibətlərin son dövrlərdə daha da inkişaf etdiyini xüsusi
vurğulayıb. 2014-cü ilin noyabr ayında Azərbaycan Həmkarlar İttifaqlarının
nümayəndə heyətinin Yunanıstana işgüzar səfərini xatırladan S.Mehbalıyev ölkənin
müxtəlif həmkarlar ittifaqı mərkəzlərində keçirdikləri görüşlərdən məmnunluqla
söhbət açaraq həmin görüşlərin hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli
əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Yunanıstan
nümayəndə heyətinin ölkəmizə indiki səfərinin işgüzar əlaqələrin inkişafına
daha bir təkan verəcəyinə əminliyini vurğulayıb.
Yunanıstan nümayəndə
heyətinin rəhbəri, Ümumyunan Əmək Konfederasiyasının prezidenti Yanis
Panaqopolus Azərbaycanda səmimi qarşılandıqlarına görə nümayəndə heyəti adından
minnətdarlığını bildirrib, bir sıra dövlət idarələrində və ictimai təşkilatlarda
səmərəli və işgüzar görüşlər keçirdiklərini, Azərbaycan Həmkarlar
İttifaqlarının fəaliyyəti ilə yaxından tanış olduqlarını, qarşılıqlı təcrübə
mübadiləsinin hər iki ölkənin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın
möhkəmlənməsində böyük rol oynayacağını xüsusi vurğulayıb. Nümayəndə heyətinin
başçısı onu da bildirib ki, Azərbaycan və Yunanıstan həmkarlar ittifaqları
arasındakı işgüzar əməkdaşlıq ölkələrimiz
arasındakı münasibətlərin möhkəmlənməsi işinə də öz töhfələrini verir. Azərbaycan və Türkiyə hökumətləri arasında
Trans – Anadolu qaz kəməri layihəsi (TANAP) ilə bağlı sazişin imzalanmasını
yüksək qiymətləndirən Yanis Panaqopolus təbii qazın Türkiyə vasitəsilə
tranziti və Avropaya nəql edilməsinin
ölkəsində yüksək razılıq hissi qarşılandığını diqqətə çatdırıb və eyni zamanda
ARDNŞ-in Yunanıstanla bağlı irihəcmli layihələrini alqışlayıb.