"Xalq-Heydər” birliyinin əzəmətli təntənəsi
14 Jun 2019
26-cı ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi an idi.
Milli Qurtuluş Günü "xalq-Heydər” birliyinin əzəmətli
təntənəsi kimi tarixə həkk olunub. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən
xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində görürdü. Bir lider kimi Heydər
Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını
qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam - xalq və lider birliyi
dünya tarixində az rastlanan faktlardandır. Tariximizin 1980-ci illərdən sonra
başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş
Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.
Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və
qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi
və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi
idi. Hələ Gəncə hadisələrinə qədər artıq ölkə idarəolunmaz vəziyyətə gəlib
çıxmışdı, mərkəzdənqaçma meyilləri pik həddə çatmışdı. Hakimiyyətsizlik,
anarxiya baş alıb gedirdi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və
ölkənin parçalanması üçün zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət
kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı və
AXC-Müsavat iqtidarı da buraxdığı kobud səhvlərlə buna rəvac verirdi.
Respublikamızın başını təhlükələr aldığı həmin o günlərdə
bütün nəzərlər ilk vaxtlardan Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən
hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər
Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa və dövlətə nicat bəxş edə bilər.
O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyevin uğurlu siyasət
yürütməsi, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısının qətiyyətlə
alınması, Türkiyə və İranla münasibətlərin yaradılması xalqın diqqətini cəlb
edirdi. Ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya
çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər. Amma iqtidar Heydər
Əliyevin siyasətinə qarşı çıxır və muxtar respublikada hakimiyyət çevrilişi etməyə,
ulu öndəri rəhbərlikdən uzaqlaşdırmağa çalışırdı. Ümumiyyətlə, müstəqilliyimizin
ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz
iqtidarların hamısı Heydər Əliyevin xalq arasındakı nüfuzundan qorxurdu.
Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev ona
bəslənən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi
böyük bir məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyununda Heydər
Əliyevin xalqın iradəsi və çağırışıyla siyasi hakimiyyətə qayıdışı ölkədə yeni
ab-hava yaratdı. Ulu öndərdəki əzmkarlıq, vətəndaş yanğısı, tükənməz enerji və
sarsılmaz iradə bütün xalqda gələcəyə güclü inam formalaşdırdı.
1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Ali Sovetin
Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan
böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi,
azadlığımızı qorudu, xilas etdi və bu gün bizim müstəqil, demokratik, hüquqi
dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi
Heydər Əliyevin adı ilə bağlıdır!
Onun Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə
milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın
arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi
qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif
siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə
yetirməsində ulu öndərin əvəzsiz rolu oldu. Bunların sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının
dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik
metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək
verildi.
Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi
tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən
ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, regionun lider dövlətinə
çevrilməsi, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi təməli
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Ulu öndərin
siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində
Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli,
aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır. İlham
Əliyevin bu istiqamətdə gördüyü işləri dünyanın ən təcrübəli ekspertləri belə qeyri-adi
istedadın, təfəkkürün, gücün məhsulu kimi qiymətləndirirlər.
Azərbaycan Həmkarlar İttifaqları da ölkəmizin artan
nüfuzuna uyğun olaraq dünya həmkarlar hərəkatında sayılıb-seçilən təşkilatlar səviyyəsinə
yüksəlib. Təşkilatımızın beynəlxalq aləmdə, cəmiyyətimizdə nüfuzunun artmasında
cənab İlham Əliyevin xidməti müstəsna əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyi,
müstəqilliyi, dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlərinə görə daim
ehtiramla xatırlanacaq, yad ediləcək. Milli Qurtuluş Günü ilə təməli qoyulan
yüksəliş isə sürətlə davam edir. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən
etdiyi istiqamətlə dövlətimizi yeni nailiyyətlərə doğru aparır.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Azərbaycan qəzeti
14.06.2019-cu il