Xalqımıza qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi
17 Feb 2017
Tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir.
Erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara
qarşı həyata keçirdikləri Xocalı soyqırımı məhz insanlığa qarşı törədilmiş bu
cür amansız cinayətlər sırasındadır.
Keçmiş SSRİ dövlətinin süqutu ərəfəsində xarici himayədarlarının
dəstəyi ilə bu barbarlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli
sürərək, qanlı və dəhşətli faciələr törətdilər.
Tarixən xalqımıza məxsus Qarabağda - bu gözəl və səfalı
torpaqlarda hələ də sönməyən münaqişə ocağı alovlandıran xain qonşularımız özlərinin
"böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün ən humanist
prinsiplərə zidd olan layaqətsiz üsullardan, ən dəhşətli vasitələrdən qəddarlıq
və amansızlıqla istifadə etməkdən, hər addımda öz vəhşi xislətlərini büruzə
verməkdən çəkinməyərək saysız-hesabsız qətllər, irimiqyaslı dağıntılar törətdilər,
qədim yurd yerlərimizi xarabazara çevirdilər.
Qatı şovinizm və mürtəce millətçilik ideyalarına əsaslanan
erməni-daşnak qaragüruhunun etnik təmizləmə və soyqırımı siyasətinin iki əsrlik
tarixinin hər səhifəsində qanlı cinayətlərin pozulmaz izləri qalmışdır. Ancaq həmin
cinayətlər arasında Xocalı soyqırımı daha dəhşətlisi və daha amansızıdır. XX əsrin
sonunda, dünyanın siyasi mənzərəsinin olduqca mürəkkəbləşdiyi bir dövrdə
imperialist qüvvələrdən dəstək alaraq erməni-daşnak millətçilərinin törətdikləri
bu soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən
biri kimi qiymətləndirilir.
Ulu Öndərimiz Heydər Əliyev "bütövlükdə Azərbaycan
xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı", eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bəyan etmişdir.
Dünyanın bütün humanist və sülhsevər insanları bu gün
Xocalı faciəsini tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Xirosima,
Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrlə bir
sırada görürlər.
Möhtərəm Prezident İlham Əliyev demişdir ki, Xocalı
soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq,
suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı
zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman
oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və
mütəşəkkil mübarizəyə səfərbər etmişdir.
Xocalıda planlı şəkildə həyata keçirilən soqırımında ermənilərin
bir məqsədi də Azərbaycanın bu torpaqların şəriksiz sahibi kimi tarixi haqqını
öz varlığı ilə sübuta yetirən qədim bir yaşayış məskənini yer üzündən silmək
olmuşdur. Belə ki, Xocalı Azərbaycanın tarix və mədəniyyət abidələri ilə xüsusi
seçilən qədim yaşayış məskənlərindən idi və bura bizim eradan əvvəl XIV-VII əsrə
aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi sayılırdı. Yeddi min nəfərdən
çox azərbaycanlı əhalisi olan, ötən əsrin 80-ci illərində sürətlə böyüməyə
başlayan və şəhər statusu alan bu yaşayış məntəqəsi sonralar İran və Türkiyə ərazisindən
Qarabağa köçürülmüş ermənilərin məskunlaşdığı kəndlərinin əhatəsində idi və
respublikamız üçün strateji əhəmiyyət daşıyan çoğrafi mövqedə - Ağdam-Şuşa və
Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi.
Xocalı soyqırımı respublikamızda siyasi hakimiyyətin zəifləməsindən
istifadə edərək fəallaşan erməni-daşnak qüvvələrinin Dağlıq Qarabağda xalqımıza
qarşı başlatdığı mənfur düşmənçiliyin zirvəsi oldu. Hələ soyqırımından bir neçə
ay əvvəldən şəhərə gedən bütün avtomobil yollarını bağlayan və buranı mühasirəyə
alaraq əhalini ağır mərhumiyyətlərə düçar edən düşmən onların Azərbaycanın digər
bölgələri ilə nəqliyyat-kommunikasiya əlaqələrini kəsmişdi. Öz himayədarları tərəfindən
sürətlə silahlandırılan ermənilərin Xankəndidən raket atəşi açmaqla 28 yanvar
1992-ci ildə Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotunu Xəlfəli kəndinin üzərində
vurması, nəticədə 3 nəfər heyət üzvünün və 41 sərnişinin həlak olması isə artıq
Qarabağ səmasının müharibə alovuna büründüyünü, bu yolun da keçilməz olduğunu
göstərdi. Bölgəyə yerləşdirilmiş Ermənistan ordusu bundan sonra bir-birinin
ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini
də işğal etdi. Buradakı 30-dan çox yaşayış məntəqəsini, o cümlədən Tuğ, İmarət-Qərvənd,
Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi strateji əhəmiyyətli
kəndlərimizi viran qoyub talan edən erməni silahlıları 1992-ci il fevralın 25-dən
26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və
Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi
texnikasının köməyi ilə Xocalıya hücum edərək, şəhəri tamamilə dağıdıb, azərbaycanlı
sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Onların vəhşiliklərini sözlə
ifadə etmək çox çətindir: dinc əhali arasında başı kəsilən, gözləri çıxarılan,
dərisi soyulan, diri-diri yandırılan və fiziki cəhətdən ağlasığmaz şəklə
salınanlar çox idi.
Xocalıda törədilmiş soyqırımının nəticələrini öz gözləri
ilə görmüş amerikalı yazıçı-jurnalist Tomas Qolts "Kiçik, uzaq və indi ölü
şəhər Xocalı" məqaləsində yazırdı: "Mən artıq Xocalıdaydım. Dərələrdə,
təpələrdə, qar üzərində hələ xeyli meyit qalmışdı. Yəqin temperatur yüksələndə
çürüməyə başlayacaqlar. Artıq ruhların dolaşdığı, yalqız, yeməyin, suyun və həyatın
olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü,
öldürülmüşdü. Mən sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım..." Bir əcnəbi
söz adamının dərin kədər və acı göz yaşları ilə yazdığı bu sətirləri həyəcansız
oxumaq olmur. Amma çox təəssüf ki, dünyada heç də hamı ermənilərin törətdiyi dəhşətli
cinayətdən Tomas Qolts kimi xəbərdar deyil, bu vəhşiliyi hələ də diqqətə
almayanlar, xalqımızın ağrılarına biganəlik göstərənlər vardır.
Tarixi sənədlər əsasında sübuta yetirilmişdir ki,
Xocalıda soyqırımı cinayətini törədənlərə Ermənistanın indiki rəhbərliyində təmsil
olunan şəxslər, qaniçən S.Sarkisyan və əlaltıları şəxsən rəhbərlik etmişlər. Bu
soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki,
onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə
tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı
uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Soyqırımının miqyasını göstərən bu rəqəmlər nəinki ayrı-ayrı kitablarda və nəşrlərdə
daim qeyd edilməli, həm də xalqımızın hər bir vətənpərvər övladının yaddaşına həkk
olunmalıdır. Çünki bizim indiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç
vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə ifşa etməlidir.
Təəssüf ki, bu qanlı hadisənin baş verdiyi dövrdə Azərbaycanın
rəhbərliyində olan səriştəsizlər və xəyanətkarlar, həmçinin xalqın faciəsindən
istifadə edərək hakimiyyətə gəlməyə nail olan AXC-Müsavat cütlüyü Xocalı
soyqırımı haqqında həqiqətlərin vaxtında dünya ictimaiyyətinə çadırılmasına
çalışmaq əvəzinə vəzifə davası aparırdılar. Məhz bu səbəbdən dünyanın biganə
qaldığı dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ulu Öndər Heydər Əliyevin
respublikada siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxarıldı. Məhz
xalqımızın bu dahi oğlunun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət
verildi. Bundan əlavə, Ulu Öndər azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş
soyqırımı ilə əlaqədar 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi
barədə 26 mart 1998-ci il tarixli Fərman imzaladı. 25 fevral 2002-ci ildə
Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində
Ulu Öndər Heydər Əliyev bu amansız soyqırımını belə səciyyələndirmişdir:
"Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən
azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımının iyirmi beşinci
ildönümü haqqında" imzaladığı Sərəncamda isə deyilir: "Xocalı faciəsini
törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və
Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə
siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox
insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz
qalmışdır".
Sərəncamda qeyd edilir ki, BMT-nin Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq
Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına
baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq
normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək
tapmamışdır.
Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq
aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində
Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə Heydər Əliyev
Fondunun, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti
olduqca əhəmiyyətlidir. Xocalı soyqırımı ilə bağlı real və konkret faktların
daha dolğun şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Fond
sistemli və ardıcıl iş aparır.
Fondun dəstəyi və hazırladığı təbliğat materialları
ilə hər il Xocalı faciəsinin ildönümü dünyanın müxtəlif ölkələrində yad edilir.
2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə Heydər Əliyev
Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis
olunmuş "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat
kampaniyası Xocalı soyqırımı barədə dürüst və təsirli məlumatları dünya
ictimaiyyətinə çatdırmaqla, bu qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsinə, bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail
olmaqdadır.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü
siyasətin nəticəsində Xocalı soyqırımını Pakistan və Sudan dövlətləri rəsmən
tam səviyyədə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru,
Honduras, Panama, İordaniya və Rumıniya isə parlament səviyyəsində qətliam kimi
tanıdıqlarını elan etmişlər. Dünyanın supergücü olan ABŞ-ın 21 ştatının
Xocalını qətliam kimi tanıyan sənəd qəbul etməsi də Azərbaycan diplomatiyasının
uğurlu fəaliyyətinin nəticəsidir. Bundan başqa, Şərq dünyasının nüfuzlu beynəlxalq
birliyi olan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 20
noyabr 2012-ci ildə Cibutidə keçirilmiş 39-cu sessiyası Xocalıda törədilmiş
cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir. Belə bir qətnamə bu
yaxınlarda Cibuti Respublikasının Milli Assambleyasının (parlamentin) plenar
iclasında da mütləq səs çoxluğu ilə qəbul olunmuşdur.
Bu gün böyük təəssüf hissi ilə etiraf etmək lazım gəlir
ki, 25 ildən artıqdır iğalçı Ermənistan özünün təcavüzkarlıq siyasətini dünya
ictimaiyyətinin gözü qarşısında davam etdirir. BMT-nin Təhlükəsizlik Şurasının
işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnaməsinə
etina etməyən Ermənistan öz qəsbkarlıq siyasətini dünya birliyinin biganəliyi şəraitində
yürüdür. Möhtərəm Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının 25-ci
ildönümü ilə əlaqədar imzaladığı sərəncamda deyilir: "BMT-nin Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq
Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına
baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq
normalarına uyğun ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək
tapmamışdır".
Sürətlə inkişaf edən, güclənən və qüdrətlənən müstəqil Azərbaycan
təbii ki, öz ərazisinin bir hissəsinin uzunmüddətli işğalına, separatçı və
ekstremist qüvvələrin, təcavüzkar Ermənistanın xalqımızın tarixi torpaqlarında
törətdikləri cinayətlərə dözə bilməz, düşmənin xülyalarının gerçəkləşməsinə
imkan verə bilməz. Ötən il aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin
göstərdiyi şücaət də bunu təsdiqləyir. Həmin vaxt növbəti dəfə atəşkəs rejimini
pozan Ermənistanın təxribatına cavab olaraq qəhrəman ordumuz torpaqlarımızın
bir qismini işğalçılardan azad etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünü hərbi
yolla bərpa etmək üçün kifayət qədər hərbi gücə, iqtisadi potensiala və siyasi
iradəyə malik olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud
status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin
torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.
Həmin uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni
işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz
yaşaması mümkün olmuşdur. Tarixən bu torpaqda yaşamış dinc əhalinin öz doğma
yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş
həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.
Məhz buna görə də möhtərəm Prezident cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi
yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dövlət
büdcəsindən vəsait ayırmışdır. Beləliklə də, Qarabağa qayıdışın əsası
qoyulmuşdur və bu prosesin davamlı olacağına xalqımızın inamı böyükdür.
Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərinə
qeyri-qanuni səfərlər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası beynəlxalq
aləmdə böyük rezonans doğurmuş, dövlətimizin başçısının həyata keçirdiyi müstəqil,
milli maraqlara uyğun, uğurlu xarici siyasətinin parlaq nəticəsi, onun bütün
dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisi kimi
qiymətləndirilmişdir.
Bu gün nəinki regionda lider mövqeyində olan, eləcə də
bütün dünyada öz nüfuzunu durmadan artıran müstəqil Azərbaycan dövləti qarşıda
duran bütün vəzifələri, o cümlədən öz qanuni ərazilərini işğaldan azad etmək
gücündədir və Qarabağda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda
deyildir. Xocalı soyqırımını törədənlər, xalqımıza və ümumən, insanlıq əleyhinə
yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətdə əli olanlar isə mütləq öz
layiqli cəzalarını alacaqlar!
Respublika qəzeti
17 fevral 2017-ci il