Xaricdə yaşayan həmvətənlərimizə qarşı erməni təxribatları ilə bağlı AHİK-in İcraiyyə Komitəsinin BƏYANATI
27 Jul 2020
Son günlər Ermənistan hərbi qüvvələri Azərbaycanın dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişlər.
Erməni silahlı qüvvələrinin
hücumu nəicəsində 12 hərbçimiz, o cümlədən yüksək çinli zabitlərimiz həlak
olmuş, mülki əhali və mülki obyektlər atəşə tutulmuş, beləliklə də, beynəlxalq
humanitar hüquq və insan hüquqları, o cümlədən əmək hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və
konvensiyaları kobud şəkildə pozulmuşdur.
Ermənistanın törətdiyi son
təxribatlarla bağlı xarici ölkələrdəki soydaşlarımızın öz Vətənlərini dəstəkləmək
üçün əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik
aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq,
aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Ermənistanın mənəvi dəstəyi ilə psixoloji və
fiziki zorakılığa əl atılan belə təxribatlar Fransa, Böyük Britaniya, İsveç,
Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada baş verib.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva baş vermiş təxribatlara qiymət
verərək həmvətənlərimizə müraciətində göstərir ki, «Bizim vəzifəmiz birləşmək və
son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsinin, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün
tribunalardan təkidlə tələb etməkdir. Baş verənlər Ermənistanın işğalçı siyasətinin
dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani
şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya
birliyinə çatdırmaqdır».
Bu çağırışa qoşulan Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası xarici ölkələrdə yaşayan yüz minlərlə həmvətənlərimizin
bu hadisələrlə əlaqədar keçirdiyi hiss və həyəcanı dərindən başa düşərək radikal ermənilər tərəfindən soydaşlarımıza
qarşı törədilən bu əməlləri qətiyyətlə pisləyir. Bu kimi təxribatların
qarşısının alınmasına məsul olan ölkələrin hüquq-mühafizə orqanlarının vəzifələrinə
tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Mehriban xanım Əliyevanın
çağırışında qeyd edildiyi kimi, harada yaşamağımızdan asılı olmayaraq hamımızın üzərinə düşən əsas vəzifə həssas
zamanda sayıqlıq, soyuqqanlılıq, həmrəylik nümayiş etdirmək, ermənilərin iç
üzünü dinc yollarla, təmkinlə ifşa etmək, təxribatlara yalnız hüquqi müstəvidə,
qanunvericilik çərçivəsində cavab verilməsinə nail olmalıyıq. Bütün vasitələrdən
istifadə etməliyik ki, ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ
probleminin həllinə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfəmizi
verək.
Əminliklə ifadə etmək istərdik
ki, xarici ölkələrdə yaşayan həmvətənlərimiz bu məsələdə də birlik və həmrəylik
nümayiş etdirəcək, dövlətimizin və Prezidentimizin Ermənistanın işğalçılıq
siyasətinin bütün dünyada ifşa edilməsinə yönəlmiş fəaliyyətinə öz dəstəklərini
əsirgəməyəcək, ermənilərin mənfur siyasətinin bütün istiqamətlərdə ifşa
olunmasına nail olacaqlar.
AHİK-in İcraiyyə Komitəsi