Yol xəritələrini təsdiqləyən ilk dövlət - Azərbaycan
18 Oct 2019
Oktyabrın 18-də Şəki şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda növbəti seminar keçirilib.
Əvvəlcə seminarın məqsəd və vəzifələri haqqında
iştirakçılara məlumat verilib. Deyilib ki, Azərbaycan dövləti, eləcə də AHİK
BƏT-in bu təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Məqsədlərin daha yaxşı mənimsənilməsi
üçün Azərbaycan həmkarlar ittifaqları ölkəmizdə geniş maarifləndirmə işləri
aparır. Tərəfdaşları ilə birlikdə müxtəlif layihələr hazırlayıb həyata keçirir.
Bildirilib ki, respublikamızda Dayanıqlı İnkişaf Məqsədləri
üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Şura Milli Könüllü hesabatı
hazırlayarkən bütün maraqlı tərəflərlə görüşlər keçirib, Şuranın işçi qrupları
tərəfindən bir sıra təlimatlar hazırlanıb. Azərbaycan regionda bu məqsəd üçün
yol xəritələrini təsdiqləyən ilk ölkədir. Məhz buna görə də Azərbaycan Dünya
Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkələr sırasına
daxil olub.
AHİK-in şöbə müdiri Namiq Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsində əldə edilən nailiyyətlər haqqında danışıb. Beynəlxalq əlaqələr
şöbəsinin mütəxəssisi Röya Qarayeva seminar iştirakçılarını BMT-nin Dayanıqlı
İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan
hökumətinin ikinci milli könüllü hesabatı-əsas çağırışları ilə tanış edib.
Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin
müdir müavini Əli Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının
qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında
diskussiyalar keçirilib.
Seminarın işində Şəki şəhərinin və ətraf rayonların həmkarlar
ittifaqı fəalları iştirak edib.