AZ | RU | EN
AZ | EN | RU

Yüzdən çox tələbənin qatıldığı Qış Liderlik Məktəbi başa çatıb

12 Feb 2020

Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbənin qatıldığı “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbi başa çatıb.

Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən könüllülüyün təbliğinə töhfə vermək məqsədilə təşkil olunan tədbir üç gün davam edib.
Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilib.

Müzakirələr zamanı tələbələr könüllülüyün məqsəd və prinsipləri, ölkəmizdə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər və könüllülüyün inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, bu cür tədbirlər gəncləri könüllü fəaliyyətinə cəlb etmək, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək üçün əhəmiyyətlidir.

Tələbə gənclər Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif idman növləri üzrə yarışlarda və intellektual oyunlarda iştirak ediblər.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Qış Liderlik Məktəbinin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

FAYDALI KEÇİDLƏR