Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq
13 May 2021
Bu gün məsuliyyətsiz və əsassız bəyanatlar verməklə özlərini erməni xalqının dostu kimi qələmə vermək istəyən dövlətlər, əslində, bu hərəkətləri ilə Ermənistanı daha böyük fəlakətə aparır, daha dərin uçuruma yuvarlayırlar.
Bu çağırışlar qətiyyən Cənubi Qafqazda sülhün və əmin-amanlığın
bərqərar olmasına, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına xidmət etmir
və birmənalı olaraq regionda sabitliyin pozulmasına hesablanıb.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Deputat bildirib ki, Azərbaycan Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll etdikdən
sonra regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün
bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan
sonra ona verilən şansı düzgün dəyərləndirib, yaxud da dəyərləndirə bilməyəcəyi
artıq bütünlüklə erməni xalqının iradəsindən və Ermənistan hökumətinin məsələyə
konstruktiv yanaşmasından asılı olacaq: “Azərbaycan Prezidenti İlham Əliyev, əslində,
bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün
yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan
asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində
olanlar hələ də konstruktiv mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan
hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq
iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Əgər belə olmasaydı, Ermənistanda
bəzi iqtidar və müxalifət qüvvələri hələ də Şuşanın qaytarılması ilə bağlı cəfəng
bəyanatlar verməz, revanşist fikirlər səsləndirməzdilər. Təbii ki, Ermənistanı
buna təhrik edən xarici qüvvələrin də bu məsələdə təsiri yox deyil. O cümlədən
Fransa və Kanada kimi ölkələrin xarici işlər nazirlikləri tərəfindən verilən bəyanatlar
da Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması işinə böyük təhdiddir.
Lakin bu ölkələr unudurlar ki, heç bir dövlət Azərbaycanla təhdid dilində
danışa bilməz. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində
Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dediyi kimi, bu gün artıq Azərbaycanda
nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda ərazi mövcuddur və Azərbaycan
hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata
keçirməklə məşğuldur. Ən qısa zamanda da Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur
dəhlizi açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim
torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və
Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.
Daha sonra Səttar Möhbalıyev bildirib ki, Prezident İlham
Əliyevin Naxçıvan Muxtar Respublikasına may ayının 10-da baş tutmuş səfəri həm
siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Deputat deyib:
“Heç şübhəsiz Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə inkişaf
edən bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə
müşahidə olunur. Prezident İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı
da bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət
başçımız həmin açılışlarda şəxsən iştirak edib. O cümlədən Ordubad şəhərində
içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi
artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və
Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Muxtar respublikanın bütün şəhərləri
artıq magistral yollarla bir-birinə bağlanıb və bu yollar çox yüksək keyfiyyətlə
tikilir. Bu gün Naxçıvanın sənaye potensialı sürətlə inkişaf edir. Muxtar
respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord nəticələr əldə
edib. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Həmçinin kənd təsərrüfatı ilə
bağlı görülmüş tədbirlər də öz müsbət nəticəsini verir. Naxçıvan özünü əsas ərzaq
məhsulları ilə təmin edir. Təbii ki, son illər ərzində xüsusi diqqət mərkəzində
saxlanılan məsələlərdən biri də Naxçıvanın müdafiəsi və hərbi potensialının
gücləndirilməsidir. O cümlədən mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi
aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, muxtar
respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət
şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi vardır. Məxsusi
olaraq hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin
təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, qeyd olunmalıdır ki,
Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə hər zaman böyük diqqət göstərilib.
O cümlədən möhtərəm Prezidentimizin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən,
Naxçıvanda Ümumqoşun Əlahiddə Ordusu yaradılıb və bu ordu ən müasir silah və
texnika ilə təchiz edilib. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun
döyüş qabiliyyəti də yüksək səviyyədədir. Beləliklə, Naxçıvanın hərbi
potensialının yüksəldilməsinin həm respublikanın hüdudlarının müdafiə edilməsi,
həm də ölkənin ümumi ordu potensialının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti
vardır. Məhz buna görə də Naxçıvanın müdafiəsi və hərbi potensialının daha da
gücləndirilməsi məsələsi daim ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində
saxlanır”.
Səttar Möhbalıyev bu gün ölkəmizdə bütün sahələrdə əldə
olunan uğur və nailiyyətlərin əsasında bilavasitə ulu öndər Heydər Əliyevin
ideyalarının durduğunu vurğulayaraq bunları deyib: “1993-cü ildə Ulu Öndərin müəllifi
olduğu milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın
mövcudluğunu və müstəqilliyini təmin etdi. Ümummilli Lider real həyati təhlükələrə
baxmayaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə
götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin
gündən sonra növbəti on il ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə
möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş
baş verdi, ordu gücləndirildi. Birmənalı olaraq demək lazımdır ki, bu gün də Azərbaycanda
bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bünövrəsi Ulu Öndər tərəfindən
qoyulub. Həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi
Qələbənin təməli də məhz həmin illərdə ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini
daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə
doğru inamla addımlayacaq”.