AHİK-də Azərbaycan Xalq Cumhuriyyəti yaranmasının 100 illiyi qeyd edilib
24 May 2018
2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib
Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev
geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin
mərhələdə belə demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq
və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır. Belə bir
dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə,
vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi
xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq
edir. Hazırda isə Azərbaycan dünya
miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə
uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər
Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli
dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin
təntənəsidir.
S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik
təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə
yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər
buraxmış, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə
respublikanın gələcək müstəqilliyi üçün
etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi
ki, ən qəddar müstəmləkə və repressiya reJimləri belə Azərbaycan xalqının
azadlıq ideallarını və müstəqil dövlətçilik
ənənələrini məhv etməyə qadir deyil.
Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur.
Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham
Əliyevin imzaladığı «Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında» 2017-ci il 16 may tarixli sərəncamı və 2018-ci ili
Azərbaycanda «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi oldu. Sözsüz ki, bu
çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı,
demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik
tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs
bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti
kimi dəyərləndirir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan
Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər
görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi
hadisə adlandırmış, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin
əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli
oyanışının məntiqi yekunu kimi dəyərləndirmiş,
müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini
yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu
qeyd etmişdir.
Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan
fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın
tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər
arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar
ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı.
AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə
dövrünün bir çox ölkələrini geridə qoyurdu.
Fərəhli haldır ki, AXC-nin müasiri olan Azərbaycan Həmkarlar
İttifaqları Cümhuriyyətin 100 illiyini uğurlarla qarşılayır. Bizim üçün əlamətdar
sayılan 2018-ci ildə AHİK-in 25 illik yubileyini və V qurultayını keçirmişik.
Ölkəmizdə həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olmuş, dövlətimiz
bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırmışdır. Həmkarlar
ittifaqına doğma münasibətilə ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq
davamçısı, ölkə Prezidenti İlham Əliyev qurultayımıza təbrik məktubunda qeyd
etmişdir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar
ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür. İ.Əliyev cənabları bir daha həmkarlar
ittifaqının qüvvəsinə inandığını, ona dərin etimad göstərdiyini vurğulamışdır.
Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları
əsl tərəfdaşa çevrilmişlər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da
təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi
dayanır.
AHİK sədri daha sonra deyib ki, bu gün Azərbaycanın dünya
birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin,
insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş
meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur.
100 il əvvəl, 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
öz üzərinə çətin tarixi vəzifə götürdü. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan
Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Məhəmməd Əmin Rəsulzadə
Milli Şuranın sədri oldu. Həsəy bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli
Şurasının tarixi iclası keçirildi.
28 may 1918-ci il tarixində qəbul edilən ilk normativ
hüququ akt 25 nəfərin daxil olduğu Azərbaycan
Milli Şurası tərəfindən qəbul edilən «Azərbaycanın İstiqlalı haqqında» Bəyannamə
idi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında və Şərqdə - ilk dəfə Azərbaycanda
demokratik respublika yaradılmasından xəbər verdi. Artıq mayın 30-da Milli Şura
Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. Dekabrın 7-də Parlamentin
ilk iclası oldu. Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev sədrin birinci
müavini, M.Hacinski baş katib seçildilər.
Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil
edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin
etməyi ən ümdə vəzifələrdən biri hesab edirdi. Qısa vaxtda ölkənin ərazi
bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi
hissələr yaradıldı, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın
sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir
baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə
demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi
quruculuq sahələrində atdığı mühüm addımları başa çatdırmağa imkan tapmasa da,
onun həyata keçirdiyi işlər xalqımızın tarixində silinməz iz buraxmış, ən
parlaq nailiyyətlərdən biri kimi yaddaşlarda qalmışdır.
Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş
ümummilli vicdanı oyatmışdı. AXC Milli Şurası, Parlamenti və Höküməti çoxlu
taleyüklü islahatlar həyata keçirmiş, müstəqil dövlətin formalaşıb möhkəmlənməsi
üçün misilsiz işlər görmüşdür. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir
şəraitdə fəaliyyətə başlamışdı. O zaman Bakıda S.Şaumyan başda olmaqla Bakı
Xalq Komissarları Soveti Azərbaycana qarşı düşmənçilik fəaliyyəti göstərirdi.
Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər
bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı
Kommunasının azərbaycanlı əhalinin arasında nüfuzu tamamilə itmişdi. Azərbaycanın
qəzalarında isə hərc-mərclik hökm sürürdü. Dağlıq Qarabağ ermənilərinin 1918-ci
ilin iyulunda Şuşada keçirilən I qurultayı Yuxarı (Dağlıq) Qarabağı müstəqil
elan etdi. Ermənistan hökuməti isə Qarabağda işğalçılıq planlarını həyata
keçirmək üçün oraya silahlı qüvvələrini yeritdi. Qarabağ torpağını ələ keçirməyə
can atan daşnaklar nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini
yer üzündən silməkdən çəkinmirdi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağın müdafiəsini
gücləndirmək üçün oraya hərbi qüvvələr göndərməli oldu.
Yeni yaradılan Qarabağ general-qubernatorluğu Yuxarı Qarabağda
və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm
rol oynamışdır. Qarabağı Azərbaycandan ayırmaq istəyən və daim azərbaycanlılarla
ermənilər arasında nifaq toxumu səpən erməni Milli Şurasının rəhbərləri Azərbaycan
hakimiyyətini tanımadıqlarını bəyan etdiklərinə görə Qarabağdan sürgün
edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qətiyyətli tədbirləri nəticəsində Azərbaycan
ərazisini qəsb etmək istəyən Ermənistanın Yuxarı Qarabağla əlaqədar ərazi
iddiaları puça çıxmışdı.
Tarixi həqiqət olaraq qeyd etmək lazımdır ki, Azərbaycan
üçün çətin və təhlükəli olan 1918-ci ildə
yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin
qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Qızğın
döyüşlər nəticəsində 1918-ci il sentyabr ayının 15-də Nuru paşanın komandanlıq
etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olundu. Sentyabrın 17-də isə Fətəli
xan Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin
paytaxtı elan olundu. Bu yardım erməni millətçilərinin və onların havadarları
olan bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata
keçirilməsinə mane olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini
və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən
parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. Parlamentin fəaliyyəti dövründə
145 iclası keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış və
onlardan 230-a yaxını qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlardan
biri də parlamentin 11 avqust 1919-cu il tarixində qəbul etdiyi «Azərbaycan vətəndaşlığı
haqqında» Qanun idi. Qanunun 1-ci maddəsinə görə milli və dini fərqlərə
baxmayaraq, özləri və ya valideynləri AR-nın ərazisində doğulmuş keçmiş Rusiya
imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşı hesab edilirdilər. Sovetlərin
tarix, hüquq və siyasi ədəbiyyatlarında isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
demokratik mahiyyəti bilərəkdən təhrif olunmuş, quldur, xan-bəy hökuməti kimi təqdim
edilmişdir. Bu fikirlərin heç biri həqiqətə uyğun deyildi. Təəssüf ki, uzun illər
tarix kitablarında cümhuriyyətin adı çəkilmirdi. Yalnız müstəqilliyimiz bərpa
olunduqdan sonra tariximizin qapalı səhifələri açılmağa başladı.
S.Möhbalıyev öz
çıxışında vurğuladı ki, ilk milli hökumətin fəaliyyəti dövründə xalqımızın
milli mənlik şüuru özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir
olduğunu əyani şəkildə bütün dünyaya numayiş etdirdi. 1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında
müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı.
Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın
siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin
sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də
vardı. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir
tarixi nailiyyətə imza atmaq kifayət qədər cəsarətli bir addım idi. Lakin
xalqımız özünün müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, böyük
dəyərlərə malik olduğunu təsdiqləmiş, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni,
imkanları son həddə çatanadək, şərəflə yerinə yetirmiş, kiçik zamanda böyük işlər
həyata keçirmişdi.
Parlamentdə əhalinin konkret təbəqələrinin maddi-sosial
müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul etmişdir. 1919-cu
ildə «Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında», «Əmək
nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi
haqqında» və d. qanunlar qəbul etmişdir. Həmin Xüsusi Müşavirənin tərkibinə
daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət
xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi
Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən,
inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov
AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olmuş, Mərkəzi Həmkarlar
İttifaqının sədri vəzifəsində çalışmışdır. Həmişə çıxışlarında sadə zəhmətkeş
xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid etmiş, fəhlələrin müstəqil
Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini
yüksək qiymətləndirmişdir.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti öncülləri
Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları mətbuatdakı çıxışlarında XX əsrin
əvvəllərində ictimai-siyasi hüquqsuzluqdan soz açır, millətin oyanmasına, işçilərin
hüquqlarının qorunması üçün güclü təşkilatın qurulmasına, xeyriyyəçilik cəmiyətlərinin
yaradılmasına çalışırdılar. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir
adamları, ziyalıları xalqımızda milli azadlıq, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini
yaymışlar.
S.Möhbalıyev biıdirib ki, Xalq Cümhuriyyətinin qurucuları
– Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin
təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin
sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görmüşlər. İstiqlal
hərəkatının fədailəri milli mənlik şüurunun, milli ruhun və ideologiyanın gücləndirilməsi
sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli
rol oynamışlar. Azərbaycanın istiqlal ideyası əksər ziyalıları bir amal altında
birləşdirmişdi. Bu ideya Azərbaycanda siyasi, sosioloci və fəlsəfi istiqamətə
yönəlmişdi. Vətənə, millətə xidmət missiyasında onları vahid bir amal – milli mənafeyin
hər şeydən üstün tutulması birləşdirirdi. Zəngin və keşməkeşli mübarizələrlə
dolu, nəsillərə nümunə olan ömür yaşamış bu insanlar Azərbaycanın milli
istiqlal hərəkatının iştirakçıları olmuş, xalqa sədaqətləri ilə fərqlənmiş,
dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşlar.
Xüsusilə belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək
görkəmli mütərəqqi xadimlərin, ziyalılar təbəqəsinin yetişməsi Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasında müstəsna rol oynamışdır. Azərbaycan dövlətçiliyi ilə birgə tarixə
düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsi ən böyük ehtiramla daima
xalqımız tərəfindən yad edilir.
XX əsrin əvvəllərində dövlət müstəqilliyi yolunda ilk dəfə
böyük addım atmış xalqımız XX əsrin sonlarında yenidən milli azadlığa, dövlət
müstəqilliyinə tam nail olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi
olduğunu sübut etmişdir.
Şərqdə ilk demokratik Cümhuriyyəti qurmaqla azərbaycanlılar
böyük, istedadlı və azad xalq olduqlarını, dünyanın ən mütərəqqi ənənələrini öz
həyatında təcəssüm etdirdiyini bir daha bütün dünyaya göstərmişlər.
Daha sonar tədbir
iştirakçıları tarix elmləri doktoru Vəkil Həsənovun AXC-nin yaranma tarixi
haqqında çıxışını dinləyiblər.