AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsində

21 Jul 2017

İyulun 21- də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirlib.

İclasın gündəliyinə keçməzdən öncə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Ağalar Vəliyevi İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Deyib ki, bu günlərdə Ağalar müəllimin 60 yaşı tamam olub. Ümumhəmkarlar İttifaqları Konfederasiyası A.Vəliyevin həm müəssisə rəhbəri, həm də deputat kimi işçilərin sosial problemlərinin həllində göstərdiyi xidmətlərə görə onu qurumun "25 illik" yubiley gümüş döş nişanına layiq görüb. S.Möhbalıyev həmin nişanı A.Vəliyevə təqdim edib.
Ağalar Vəliyev  mükafata görə AHİK sədrinə təşəkkürünü bildirib.
Sonra iclasın gündəliyində duran məsələlərə baxılıbş İclas iştirakçılarına "AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2017-ci ilin II yarımilliyi üçün iş planı" və "2016-cı il ərzində AHİK aparatına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə" arayışlar təqdim edilib. Arayışlarda deyilib ki, ərizə və şikayətlərin araşdırılmasında AHİK, üzv və ilk həmkarlar ittifaqı təşkilatları öz səlahiyyətlərinə uyğun olaraq məsələnin mahiyyətini öyrənir, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununu və AHİK-in "Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın aparılmasına dair tövsiyələri"ni əldə əsas tuturlar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparatına 2016-cı ildə həmkarlar ittifaqı üzvlərindən 1698 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 437 müraciət daxil olmuşdur ki,  bu da əvvəlki ilə nisbətən 0,9% artım deməkdir. Müraciətlərin təhlilindən aydın olur ki, daxil olan məktubların əksəriyyəti maddi yardım və yollayışlarla bağlıdır.
2016-cı ildə AHİK-ə 117 nəfər işdən qanunsuz azad edilmələri, 64 nəfər isə əməkhaqları barədə müraciət edib. Bu müraciətlərin böyük hissəsi müsbət həllini tapıbdır.
Ərizə və şikayətlərin  araşdırılmasına göstərilən diqqətin və həssaslığın nəticəsində təkrar ərizələrin sayı xeyli azalıbdır.
Həmkarlar ittifaqı üzvləri ilə işin mühüm hissəsi onların fərdi qəbulunun aparılmasına lazımi şəraitin yaradılmasıdır. AHİK-in qəbul şöbəsi xüsusi qrafik üzrə rəhbərliyin qəbul günlərini təşkil edir. Ötən il 262 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 183 nəfəri AHİK sədrinin qəbulunda olmuş və onların qaldırdıqları məsələlərin həllinə yardım edilibdir.
AHİK-ə müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə yardımçı olduğuna və obyektiv yanaşıldığına görə AHİK sədrinin ünvanına 2016-cı ildə 31 təşəkkür məktubu daxil olub ki, bu da əvvəlki illə müqayisədə xeyli  çoxdur.
Minnətdarlıq məktublarında həmkarlar ittifaqı üzvləri tələbələrə həmkarlar ittifaqının adlı təqaüdlərinin, güzəştlərin verilməsini, aztəminatlı ailələrə göstərilən qayğını və maddi yardımı yüksək qiymətləndirirlər. Minnətdarlıq məktubları göstərir ki, son illər istifadəyə verilən yeni istirahət  ocaqları həmkarlar ittifaqı üzvlərini və ailələrini sevindirir, onların sağlamlıqlarını möhkəmləndirir, fəaliyyətlərinin səmərəliliyini artırır.
AHİK və onun üzv təşkilatları həmkarlar ittifaqına üzv olmayan işçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, həmkarlar ittifaqlarının sıralarının artırılması, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, qanunvericilik aktlarının qəbulu zamanı onlara müvafiq təkliflərin verilməsi və ictimai nəzarətin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirirlər. Bu işlərə bir daha önəmli təkan verilməsi üçün işçilərin ərizə və şikayətlərinə diqqətlə yanaşılması, onların problemlərinin həllində hər bir həmkarlar ittifaqı işçisinin yaxından iştirakı təmin olunmalıdır.
"Müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində fərdi əmək mübahisələri üzrə komissiya haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" qərar layihəsində isə deyildi ki, Əsasnamə AHİK-in "2016-2017-ci illər üçün sahə (tarif) sazişlər və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən tövsiyələr"in III hissəsində nəzərdə tutulmuş və fərdi əmək mübahisələrinin araşdırılması üçün müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatları yanında məhkəməyə qədər orqanın yaradılmasına köməklik göstərilməsi məqsədi daşıyır.
Əsasnaməyə uyğun olaraq sahə həmkarlar ittifaqının respublika komitələri özlərinin əsasnamələrini qəbul edə bilərlər.
Qüvvədə olan Əmək Məcəlləsinin 294-cü maddəsi fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqanın yaradılmasını onun kollektiv müqavilədə nəzərdə tutulmasından asılı edir. Odur ki, işçilərin öz pozulmuş hüquqlarını müdafiə etməsi üçün kənar təşkilatlara - dövlət əmək müfəttişliyi xidmətlərinə və məhkəmələrə müraciət etmədən, vaxt itirmədən, operativ qaydada həll edilməsi məqsədilə bütün kollektiv müqavilələrdə Fərdi Əmək Mübahisələri Komissiyasının yaradılmasının nəzərdə tutulması məqsədə müvafiq hesab edilir.
Növbəti təqdimat "2016-cı il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə "İlin peşəkar gənci" Fəxri adının verilməsi haqqında AHİK İK-in 21.08.2015-ci il (pr. №8 b.4) tarixli qərarının icrası barədə" adlanırdı. Təqdimatda deyildi ki, "İlin peşəkar gənci" fəxri adı mənəvi stimul xarakteri daşıyaraq gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, peşəkar əmək fəaliyyətində özünü doğruldan gənclərin üzə çıxarılmasına, onlara müəssisə rəhbərliyi, həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılmasına istiqamətləndirilib.
İclasda  həmçinin 2015-ci ildə işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər və AHİK-in 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının konsepsiyalarının həyata keçirilməsinə dair əməyin mühafizəsi sahəsində əsas prioritet istiqamətlər üzrə tədbirlər planı müzakirə olunub.
Gündəliyə çıxarılan bütün məsələlər haqqında qərar qəbul olunub. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev sonda hər bir məsələyə dair fikirlərini söyləyib, tövsiyə və məsləhətlərini verib.

FAYDALI KEÇİDLƏR