“Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir”
08 Nov 2019
Asan iş olmur. Hər işin özünə görə məsuliyyəti və çətinliyi var. Lakin kim bilməsə də, metropolitençilər dəqiq bilirlər ki, onlarla sahəni, 140-dan artıq peşəni birləşdirən bir kəlmə – "metropolitençi" peşəsi nə deməkdir.
Cəmi bir şəhərin sərhədindən kənara çıxmasa da,
"metropolitençi" adını daşıyanların öz peşə gününü qeyd etməsi, yəqin,
tarixi ədalətdir. Bakının ağır geologiyasında yeraltı saraylar, yollar tikib qəhrəmanlıqlar
göstərən metro inşaatçılarının, sonra onu tikməkdən az əmək tələb etməyən metro
istismarçılarının peşə bayramını qeyd etməyə haqqı çatır.
Necə də maraqlı və tarixi hadisədir: «Bakı metropoliteni Azərbaycan
xalqının çoxəsrlik tarixində nadir bir hadisədir» deyən Ulu Öndər Heydər
Əliyevin «Çox vicdanlı, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən,
yorulmadan işləyən adamlar» adlandırdığı metropolitençilərin peşə bayramını
onun layiqli davamçısı cənab Prezident İlham Əliyev təyin edib və 2006-cı ildən
bu gün metropolitençilər üçün şərəfli, qürurverici və həm də hesabat məsuliyyəti
günüdür.
Gün ərzində orta hesabla 600 mindən artıq insanın, bir az
da dəqiqləşdirsək, tədris ili dövründə gün ərzində 700-800 mindən artıq sərnişinə
xidmət göstərmək, bu məsuliyyəti dərk etmək və nümunəvi xidmət göstərmək asan
deyil. Elə bu səbəbdən fəxr və qürurla deyirəm ki, bu gün hər bir paytaxt
sakininin bayramıdır.
2019-cu il - metropoliten tarixində xüsusi dövrün
başlanğıcı kimi qiymətləndirəcəyimiz hadisənin də hesabat ilindəyik. Məlumdur
ki, 2014-cü il fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni ilə «Azərtunelmetrotikinti» Səhmdar
Cəmiyyətinin birləşdirilməsi yolu ilə «Bakı Metropoliteni» QSC yaradıldı.
Bununla yeraltı saraylarımıza həyat verən iki qüvvə – inşaatçılar və
istismarçılar bir təşkilatda birləşdilər və indi bu sevinci, haqlı olaraq, birgə
bölüşürlər. Amma bu birlik ilində daha bir hadisəni də bu il yaşadıq:
inşaatçılar və istismarçıların birləşdiyi təşkilat ilk böyük tarixi hesabat
dövrünü – 5 ilini də bu ilin fevralında başa vurub – deməli hesabat üçün daha
bir əsasımız var.
Ötən 5 ildən danışsaq, çox uğurlarımızdan bəhs edə bilərik.
Bu dövrdə metropolitenin hər sahəsinə yenilik izi xüsusi ölçülərlə yazılıb. Cənab
Prezidentin səhmdar cəmiyyəti yaratmaqla verdiyi tarixi qərarın miqyası özünü
böyük mənada doğruldub. Sizinlə birlikdə 5 ildə çox nailiyyətlərimiz olub.
Lakin vaxtınızı onları sadalamaqla çox almayım. Elə ötən bir illik dövrün hadisələrinin,
sadəcə, yekunlarını bir daha xatırladım. Bu il 30 yeni vaqondan ibarət 6 qatar
tərkibi alındı. Yeni tipli vaqonlardan ibarət qatarların sayı 11-ə çatdırıldı.
Bunu yeniləşən metropolitenin sərnişinləri əyani hiss etməyə başlayıblar. Ən əhəmiyyətli
yeniliklərdən biri kimi ötən il Mingəçevirdə istilik elektrik
yarımstansiyasında baş verən qəzadan sonra metropolitenlə bağlı cənab
Prezidentin tapşırığı əsasında xüsusi layihənin həyata keçirilməsini -
dizel-generator stansiyalarının qısa müddətdə qurulmasını xüsusi qeyd edə bilərik.
Bu, sərnişinlərin metropolitenə inamını artıran daha bir hadisə sayıla bilər.
Əlbəttə, yeniləşən saraylaramızdan da bəhs edək. Bu il
iki stansiyamız tamamilə fərqli şəkildə əsaslı təmir olundu, modernləşdirildi.
Həm «Bakmil», həm də "Şah İsmayıl Xətai" tamamilə fərqli görkəmdə sərnişinlərə
xidmət edir. Amma və ən əsası bütün infrastrukturu yeniləşən bu stansiyalarda
metropolitençilərin yeni stansiyaların inşaatı qədər əziyyəti, zəhməti oldu.
Söz yox ki, xüsusi və biz həmkarlar üçün mühüm əhəmiyyət
kəsb edən məsələni də unuda bilmərik. Metropoliten tarixində 5 il əvvəl həyata
keçirilməsinə başlanılmış və kadr hazırlığını tənzimləyən təlim-tədris mərkəzi
məhz yaxınlarda mahityyətinə və adına layiq şəkildə qürurverici bir MƏRKƏZ
statusunu aldı. Bundan sonra kadrların hazırlığını da etibarlı şəkildə qurmaq
üçün hər bir əsasımız olacaq.
Yeniləşən yarımstansiyalar, süni və təbii havalandırma
sistemi, depodan qurulmasına başlanmış və gələcəyin işarəvermə, telekommunikasiya
anlayışını Yaşıl və Qırmızı xətlərə gətirəcək sistemlərin tətbiqinə
başlanılması heç də digər yeniliklərimizdən geri qalmır.
Ötən illər, Qapalı Səhmdar Cəmiyyət adı altında fəaliyyət
göstərdiyi 5 ildə təkcə bu qurum deyil, onun həmkarlar təşkilatı da yeni dövrün
tələblərinə uyğunlaşaraq dəyişib. Lakin tarixi ənənələri qorumaqla və onu daha
da zənginləşdirməklə.
Metropolitençi həmrəyliyinin, metropolitençi birliyinin,
metropolitençi fədakarlığının yaranıb formalaşmasında danılmaz rol oynamış həmkarlar
hərəkatının gördüyü işlərə nəzər salaq. Daim işçinin yanında olan, onun
qayğılarını fəaliyyətinin əsas prinsiplərinə çevirən təşkilatımız üçün əlamətadar
illəri geridə qoyuruq. Bu birliyimiz, həmfikirliyimiz, həmkarlağımızla qürur
duyuruq.
Məhz bunun sayəsində təkcə metropolitendə deyil, ölkənin
həmkarlar hərəkatında metropolitençilərin özünəməxsus möhkəm yeri formalaşıb və
ölkədə sosial və ictimai həyatda ən aparıcı rollardayıq. Bunun bir səbəbi qeyd
etdiyimiz BİRLİYİMİZDİRSƏ, digəri AHİK rəhbərliyi və QSC rəhbərliyi ilə tam
QARŞILIQLI HÖRMƏT əsasında qurulan münasibətləridir. Bu xüsusiyyətlər sıx
kollektivçiliyimizin təməlidir və həmkarlar təşkilatımızı birləşdirici böyük
qüvvəyə çevirib.
Ötən 5 ildə müəssisə rəhbəri cənab Zaur Hüseynovun təşəbbüsü
ilə atdığımız ilk təqdirəlayiq addımlardan biri işçilərin qrup şəklində ölkə
xaricində istirahətinin təşkilidir. Vəziyyəti araşdırarkən, belə yeniliyin
kollektivçiliyin möhkəmlənməsində rolu olacağını aşkar etdik. 2014-cü ilin yay
aylarında Gürcüstanın Kobuleti şəhərinə birhəftəlik turlardan sonra, Dubay və
İstanbul şəhərlərinə qüsamüddətli turist səfərləri təşkil edildi. İndi hər dəfə
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, daha sonra Novruz baryamı
ərəfəsində işçilərin bu tarixi və müasir İstanbula səfərləri ənənəyə çevrilib.
Həm də təşkialtçılıqda təyyarə ilə transfer, otel və s. seçimlərə diqqət etməklə
səfərin yaddaqalan olmasına çalışırıq.
Bu qəbildən olan layihələrimiz sırasında ölkəmizin dilbər
güşələrinə səfərləri unutmuruq. Bu 5 ildə Lerik, Nabran, Qəbələ, İsmayıllı, Şəki,
Qaxa və s. regionlara səfərlərlə əlamətdar olub. Onları bütün məişət
qayğılarından azad etməklə, istirahəti, asudə vaxtı tam dolğunluğu ilə keçirmələrinə
şərait yaratmağa çalışmışıq.
İşçilərimizin səhhəti, sağlamlığı, mənalı istirahəti,
asudə vaxtlarının təşkili bizim üçün xüsusi mövzudur. Respublika əhəmiyyətli
sanatoriyalara və istirahət məkanlarına yollayışların rolu zəhmətkeş
kollektivmimiz üçün az əhəmiyyətli deyil. Hər il 100-120 işçimiz bu imkanlardan
faydalanır.Bu şəraiti kollektivimiz üçün yaratdığına görə AHİK-in sədri, millət
vəkili cənab Səttar Möhbalıyevə öz təşəkkürümüzü bildiririk. Bununla yanaşı hər bir
metropolitençi üçün Bilgəh qəsəbəsində yerləşən sanataroiya-profilaktoriyamız və
istirahət zonamız bütün layihələrimizin təməlində dayanır. «Bakı Metropoliteni»
QSC rəhbərliyinin təşəbbüsü və iştirakı ilə burada böyük yenidənqurma layihələri
gerçəkləşdirilib. Məhz bu addımlar sayəsində sağlamlıq tədbirlərimiz və burada
dincələnlərin istirahəti və asudə vaxtının təşkilində kütləvi-mədəni, sosial
aksiyalarımız genişlənir.
Mərkəzin siması 2014-cü ildən bu yana tamamilə dəyişdirilib
və ən müasir istirahət güşəsinə çevrilib. Yeni kottec tipli müasir binalar
tikilib. Mənzillərdə hər bir şərait yaradılıb, yeni salınan parklarda istirahət,
idman meydançaları uşaqların və böyüklərin tam istirahətini məzmunlu edir.
Sanatoriya-profilaktoriyanın otaqları, mətbəxi, ən əsası, tibbi avadanlıqları
müasirləşdirilib. Xidmət mədəniyyəti yüksəldilib, peşəkar kadrlara üstünlük
verilib. Bütün bunlar hər bir metropolitençiyə yaxşı tanışdır. Lakin onu xüsusi
qeyd etməliyəm ki, hər il burada QSC sədrinin də xüsusi nəzarəti altında
müvafiq abadlaşma, yeniləşmə işləri davam etdirilir. Elə son mövsümü də ərazi
bir sıra yenilikləri, bir neçə kottecin əsaslı təmiri, məişət əşyaları, mətbəx
və mebellərin təzələnməsi ilə qarşıladı.
Bir məqama da diqqətinizi çəkim: bu xüsusda həyatının əhəmiyyətli
hissəsini metropolitendə keçirmiş, onun
inkişafına, nümunəvi xidmətinə bilik və bacarığını, əlindən gələn heç nəyi
əsirgəməmiş veteranalarımızı da unutmuruq. Bu xüsusda onların da «Bilgəh"
Sanatoriya-Profilaktoriyasında istirahətini təşkil edərək minnətdarlığımızı
ifadə etməyə çalışmışıq. Əlbəttə, bu xüsusda ənənələri və tarixi, irsiyyəti
unutmuruq. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş veteranlarımızı, qanlı
20 Yanvar hadisələrinin şəhidi olmuş işçilərimizin ailələrini, o hadisələrdə zərər
çəkmiş işçimizin də daim yanındayıq.
Təbii ki, hər bir metropolitençiinin ailəsindəki uğurlar
bizim fəxrimizdir. Bu mənada 600 və daha çox balla tələbə alını qazanmış metropolitençi
övvladlarına böyük qürur və gələcəyə ümid hissi ilə öz mükafatlarımızı təqdim
edirik. Bu il də istisna olmadı və onlar arasında biri hətta Prezident təqaüdçüsü
olmaqla hər birimizi daha da qürurlandırıb.
Qeyd etdiyim kimi ölkə üzrə sayılıb-seçilən təşkilatlardanıq.Bu,
ən mötəbər salonlarda, tribunalarda qeyd edilir. Ölkənin ictimai, sosial, mədəni
həyatında istər müəssisənin, istərsə də MİHİ-nin xətti ilə fəallıq göstəririk.
Əlamətdar tarixi günlər, tarixi hadisələr,
o cümlədən qanlı 20 Yanvar tarixinin, Xocalı faciəsinin ildönümləri,
Respublika, uşaqların beynəlxalq müdafiəsi günləri, bir sözlə, digər dövlət və
ictimai əhəmiyyətli günlərdə tədbirlərimiz davamlı olaraq təşkil edilir, kütləvi
ictimai səviyyədə davamlı olaraq aparılır. Bu xüsusda gənc işçilərimizin mənəvi
dəyərlərimizə əsaslanan təcrübəsinin artırmasına da xüsusi diqqət edirik. Tək
bu il müxtəlif mədəniyyət ocaqlarına uşaq əyləncə mərkəzlərinə, bir sözlə, kütləvi-mədəni
tədbirlərə kollektiv səfərlərimiz də olub. Müxtəlif muzeylərə, teatrlara,
konsert, ədəbi-bədii gecələrə, metropolitençilərin bu layihələrdən zaman-zaman
bəhrələnməsinə şərait yaradılmasını əyani müşahidə edə bilərik.
Cəmiyyətin çağırışı ilə ölkəmiz üçün aktual məsələlər
metropolitençilərin daim diqqət mərkəzindədir. Qaçqın və məcburi köçkünlərlə, əlil
və kimsəsiz uşaqlarla bayramlaşmaq, talassemiyalı uşaqların qayğılarına diqqəti
cəlb etmək məqsədilə keçirdiyimiz ənənəvi qanvermə aksiyaları və başqa
aksiyalar davamlı olaraq təşkil edilir. Bunlar çoxminlik kollektivimizin, hər
bir metropolitençinin ölkəmizə töhfəsidir.
Bədən tərbiyəsi və idman da tədbirlərimizin tərkib hissəsidir.
Metropolitençilər ölkədə həvəskar idmanın fəalları cərgəsindədirlər. «Zenit»
İdman Cəmiyyətinin xətti ilə hər il Müstəqillik gününə həsr olunmuş
spartakiadanın daimi iştirakçısıyıq. Son 5 ildə 2 dəfə ümumi komanda hesabında
qalib gəldiymizi xüsusi vurğulamaq istərdim. Bu ilki spartakiada da başlayıb və
bütün yarışlarda metropolitençilər iştirak edirlər.
QSC rəhbərliyi ilə qarşılıqlı hörmət əsasında qurulan fəaliyyətmizdən
bəhs etdim. Bunun daha bir nümunəsi işçilərinin həyat şəraiti və sosial məsələləridir.
Müxtəlif məkanlarda təşkil edilən yeməkxanalardan və verilən nahar yeməyindən də
danışmalıyıq. Xüsusi güzəştlərin tətbiqini, həm də nəğd ödəniş olmadan həyata
keçirilməsini vurğulamalıyıq. Həm də bu məkanları seçərkən, daha çox
metropolitençinin bu imkandan faydalanmasını düşünürük. İdarə aparatı, Depo,
Bilgəh Sanatoriya-Profilaktoriyası, “Elmlər Akademiyası"ndakı Tikinti
Departamentinin İnzibati binası, Avtonəqliyyat Kolonu, Dəmir-Beton
Konstruksiyaları İstehsalat Sahəsindəki ərazilərdə daimi yeməkxanalar fəaliyyət
göstərir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara yaxınlaşdırmağı həmişə
diqqətdə saxlayırıq. Zənnimcə, "Şah İsmayıl Xətai" stansiyasında təmir
işləri getdiyi bütün dövr üçün təşkil edilmiş yeməkxananı elə son nümunə kimi
buna misal çəkmək də olar.
Bir neçə məsələyə də xüsusi yer vermək istəyirəm. İşçilərin
stimullaşdırılması sayəsində tədbirlərimiz Respublika miqyaslı layihələrin tərkib
hissəsidir. Bununla həm fərqlənən sahələrimizi, işçilərimizi, gənclərimizi
xüsusi qeyd edir, həm də onların ölkə ictimaiyyəti arasında tanınmasına, bu əməyin
qürur mənbəyi kimi təbliğatına töhfəmizi verməyə çalışırıq. AHİK-in İK-nin qərarı
ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına MİHİ-də yaradılmış müvafiq
komissiya tərəfindən hər il 3 metropolitençi gənc seçilir. Onlara mükafat
verilir, adları ölkə üzrə fərqlənənlər arasında çəkilir. 28 Aprel - Ümumdünya
Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən Respublika müsabiqəsində “Bakı
Metropoliteni” QSC-nin müəssisəsələri ənənə üzrə qaliblər cərgəsində olurlar və
fərqlənən sahələrimiz qiymətli hədiyyələrlə mükafatlandırılıblar.Hər iki
mükafat AHİK-də AHİK-in sədri cənab Səttar Möhbalıyevin iştirakı və rəhbərliyi
ilə keçirilən toplantıda təntənəli şəkildə qaliblərə təqdim edilir. Bilirsiniz
ki, artıq daha bir gözəl ənənəmiz də var. Qatar maşinisti metropoliten üçün ən
mühüm peşələrdəndir. 2015-ci ildən 8 Noyabr – Metropoiten İşçilərinin Peşə
Bayramı Günü ərəfəsində “İlin ən yaxşı qatar maşinisti” müəyyən edilərək ona
minimum əmək haqqının 5 misli miqdarında birdəfəlik pul mükafatı ödənilir. Bu
il də istisna olmayacaq və “Bakı Metropoliteni” QSC-nin sədri cənab Zaur
Hüseynovla birlikdə mükafatın təqdim edilməsi mərasimini keçirəcəyik.
Sonda sıravi və rutin görünəcək, lakin bizim üçün xüsusi əhəmiyyət
kəsb edən məsələləri də qeyd etmək istərdim. MİHİ sədrinin, eləcə də yerlərdəki
təşkilatlarımızın timsalında metropolitenin istər kadr məsələləri, istər sosial
fəaliyyət, istərsə də işçilərin hüquqlarının təmin edilməsində xüsusi fəaliyyətimiz
var. Sosial komissiyalar, işçilərin attestasiyası və dövrü imtahanları, yeni
kadrların işə cəlb olunması, kadr və peşə hazırlığı kurslarının fəaliyyəti
baxımından görülən işlər xüsusi qeyd olunmalıdır. Bu məsələlərdə MİHİ xüsusi
rol oynayır və nəzarəti də kifayət qədər güclüdür. Məni sevindirən ildən-ilə bu
prosesin şəffaflıq, peşəkarlıq dərəcəsinin artırılması, yeni texnoloji münasibətlər
gəldikcə, bu işin əsaslı şəkildə dəyişməsidir. Yenidən qurularaq, ölkədə ən
nümunəvi mərkəzə çevrilmiş Təlim-Tədris mərkəzinə görə bir daha hər birinizi təbrik
edirəm. Burada yeni kadrların yetişməsində rolunun artacağına əminliyimi ifadə
edirəm. Həmkarlar təşkilatının sədri kimi bu məni sevindirməyə bilməz.
Çıxışımı
bir inam hissi ilə bitiirmək istərdim. Əminliklə deyirəm ki, 52-ci ildir ki,
metropolitendə ənənələr formalaşıb, böyük məktəb yaranıb. İndi bu ənənələr, bu
məktəb xüsusi templərlə inkişaf edir. Çıxışımın əvvəlində qeyd etdiyim və hələ
çox sadalaya biləcəyim yeniliklər metropolitenimizin simasını dəyişməklə
yanaşı, onun kollektivinə də yeni cizgilər, yeni dəyərlər, yeni ideyalar gətirir.
Vaxtilə uzaqgörənliklə metronun inkişafına təkan olmuş Ulu Öndərin daha bir kəlamını
xatırlatmaq istərdim:
“Metro bizim müstəqil dövlətimizə keçmişdən
çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu,
bizim hamımızın vəzifəsidir”.
Onilliklərlə
istər geoloji çətinliklərə, istər ölkədəki mürəkkəb dövrlərə sinə gərmiş və elə
bu səbəbdən çətinlklərdən qorxmayan kollektivimizin nümunəvi fəaliyyəti ilə
xalqımıza, şəhərimizə xidmət göstərəcəyinə əminliymi ifadə edirək,
metropolitenimizə layiq olduğu yüksəlişlər, nailiyyətlər, yeni-yeni uğurlar
arzu edirəm.
Bayramımız
mübarək, dostlar!
Arif Mərdanov,
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri