Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans keçirilib
18 Oct 2018
Oktyabrın 18-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Komfederasiyasının (AHİK) təşkilatçılığı ilə «Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu» mövzusunda konfrans keçirilib.
Konfransda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas
Əliyev giriş sözü ilə çıxş edərək bildirib ki, konfransın müzakirə etdiyi
«Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər
və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu» mövzusu
müasir dövr üçün aktual olmaqla yanaşı bizim ölkə üçün xarakterikdir.
Məlumdur ki, qeyri-rəsmi sektorda çalışan işçilər sosial müdafiədən
məhrumdurlar. Onların məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən öz əsas
hüquqlarından tam həcmdə istifadə edə bilmirlər. Bu sahədə əmək şəraitinin, əmək
gigiyenasının və əməyin mühafizəsinin olmaması gəlirlərin azlığı və qeyri-müntəzəmliyi
ilə səciyyələnir. Bir qayda olaraq burada işçilərin çoxu böyük risklərə məruz qalır,
işəgötürənlər tərəfindən sosial hüquqları təmin olunmur və bu səbəbdən də onların
sosial müdafiəyə daha çox ehtiyacı olur.
Qeyd etmək lazımdır ki, qeyri-formal sektor yalnız zəif inkişaf
etmiş ölkələrdə deyil, eyni zamanda inkişaf etmiş ölkələrdə də mövcuddur. Məsələn
inkişaf etmiş 10-luq ölkələrindən Fransada ümumi daxili məhsulun 15 faizi, İtaliyada 27 faizi, Almaniyada 16 faizi, İspaniyada 22, faizi,Rusiyada isə 43,8 faizi gizli iqtisadiyyatın payına düşür. Qeyri-formal sektorun
hesabına hər il ABŞ-da 337,3 mlrd, Braziliyada
280 mlrd, İtaliyada isə 238,7 mlrd ABŞ dolları dövlət büdcələrindən yayınır.
Azərbaycanda da mövcud qeyri-rəsmi iqtisadiyyat və ona aid
hüquqi münasibət sosial partnyorlarımız kimi bizim də əhəmiyyətli dərəcədə narahatlığımıza
səbəb olubdur. Qeyri-rəsmi
iqtisadiyyat – zamanın reallığıdır və BƏT onu tam haqlı olaraq inkişafda olan ölkələrin
spesifik xüsusiyyəti kimi qiymətləndirib. Aşağı həyat səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər,
işsizlik, sosial maraqların müxtəlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın
kifayət qədər olmaması və sair amillər insanları qeyri-rəsmi məşğulluğa yönəldir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası
Prezidentinin 7 aprel 2016-cı il tarixli «Əhalinin özünüməşğulluğunun təmin olunması
sahəsində əlavə tədbirlər haqqında» və «Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin
qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında»
28 aprel 2017-ci il tarixli fərmanı da rəsmi məşğulluğa keçidə və bu sahədə çalışan
işçilərin sosial hüquqlarının müdafiəsinə yönəlib.
Qeyri-rəsmi
sektorun azaldılması sahəsində ən mühüm addım
isə ölkə başçısının, möhtərəm prezidentimiz İlham Əliyevin 9 oktyabr
2017-ci il tarixli sərəncam ilə «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər Planı»nın təsdiq edilməsidir. Bu tədbirlər
planının həyata keçirilməsində həmkarlar ittifaqları fəal iştirak edir. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası
Komissiyasının yanında yaradılan işçi qruplarında müxtəlif dövlət qurumlarının və
sosial tərəfdaşların, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquqşünasları təmsil olunurlar.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması
məqsədilə «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa bir sıra
dəyişikliklər edilməsi üçün nəzərdə tutulan təkliflər çox olduğundan, qanun yenidən
işlənərək Milli Məclisə təqdim olunub. Dəyişikliklər
əsasən qeyri-rəsmi məşğulluğunu qarşısının alınması sahəsində nəzarət mexanizminin
gücləndirilməsi məqsədi güdür.
İ.Əliyev
deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası
Qanunu layihəsi, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi
barədə» Fərmanda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin
Fərmanının layihəsi hazırlanmış, baxılması üçün Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasına da göndərilmişdir. Biz bu qanun layihələrinə aid mövqeyimizi bildirmiş,
rəy və təkliflərimizi təqdim etmişik. Heç şübhə yoxdur ki, qeyri-rəsmi iqtisadiyyatın,
problemlərinin həllində vətəndaş cəmiyyətinin
bütün üzvləri iştirak etməlidir. Onlar ilk növbədə geniş ictimaiyyəti və xüsusi
ilə bu sahədə çalışanları məlumatlandırmalı və işçilərin təşkilatlanmasına kömək
etməlidirlər.
Ölkə
rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-rəsmi
sektorun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər
arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində
Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya sistemində (ƏMBEİS) artım
43 min 434 əmək müqaviləsi təşkil edib. Keçən ilin eyni dövründə isə bu göstərici
21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artımn
tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.
2017-ci
ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə bağlanıb. 2018-ci il yanvarın 1-i
vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri
üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub.
Qeyd
etdiyim nəticələrin əldə edilməsinə bizim son dövrlərdə Beynəlxalq Əmək Təşkilatının
dəstəyi ilə bu istiqamətdə, sosial tərəfdaşlarla, mövzu ilə bağlı respublikamızda
keçirdiyimiz tədbirlərin müsbət təsirini xüsusilə qeyd etmək istərdim. BƏT-in dəstəyi
ilə son illərdə qeyri-formal məşğulluğun azaldılması ilə bağlı Bakıda və regionlarda
keçirilən 11 konfrans və seminarda 1000-dən
çox həmkarlar ittifaqı fəalı iştirak edib.
Bütün
bunlara baxmayaraq etiraf edilməlidir ki, qeyri-rəsmi əmək münasibətlərinin aradan
qaldırılmasında hələ də çətinliklər mövcuddur.
Çıxışçı
bildirib ki, son beş ildə respublikamızda iqtisadi fəal və məşğulluğa cəlb olunmuş
əhalinin artmasına baxmayaraq qeyri-rəsmi sektorda hələ də kifayət qədər çalışan
vardır. Bəzi xarici ekspertlərin rəylərinə görə respublikamızda əmək qabiliyyətli
əhalinin təqribən 50-60 faizi qeyri-rəsmi məşğulluq sahələrində çalışırlar. Qeyd
etməliyəm ki, rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac vardır. Qeyri-rəsmi əmək münasibətlərində
olan işçilərin dəqiq statistikasının olmaması bu kateqoriyaya aid olanların dəqiq
müəyyənləşdirilməsinə imkan vermir: “Bildirməliyəm
ki, həmkarlar ittifaqları olaraq qeyri-rəsmi sektorda işçilərin əmək hüquqlarının qorunmasında
maraqlı tərəf kimi bu sahədə bütün imkanlardan istifadə etməyə qərarlıyıq. Qeyri-rəsmi
sektordan rəsmi sektora keçid üçün ilk növbədə bu sahədə fəaliyyət göstərən işəgötürənlər
öz bizneslərinin leqallaşdırılması üçün təşviq edilməlidirlər ki, bu da bir sıra
sosial-iqtisadi məsələlərin həlli baxımından olduqca vacibdir.”
Konfransda daha sonra BƏT-in Azərbaycan üzrə
əlaqələndiricisi Yaşar Həmzəyev, Avropa İttifaqı Layihəsinin Azərbaycan üzrə
rəhbərləri Audris Bitinas, Audra Mikalauskayte və digər qonaqlar çıxış ediblər.
AHİK-in şöbə müdiri N.Hüseynov “Qeyri-rəsmi sektorun
rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət
planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu” ilə bağlı təqdimatla çıxış edib. Mövzuya dair
sosial tərəfdaşların – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının
nümayəndələri də çıxış ediblər.
Konfransda Beynəlxalq Əmək
Təşkilatının “Qeyri-formal iqtisadiyyatda formal iqtisadiyyata keçid haqqında”
204 saylı Tövsiyyəsinin tələblərinin həyata keçirilməsində, qeyri-rəsmi
məşğulluğun qarşısının alınmasında həmkarlar ittifaqının rolu, qeyri-rəsmi
sektorun aradan qaldırılmasında pensiya təminatının rolu, qeyri-rəsmi sektorun
rəsmiləşdirilməsində tibbi sığortanın rolu, qeyri-rəsmi sekrorun
rəsmiləşdirilməsində vergi güzəştlərinin tətbiqi ilə əlaqədar islahatların rolu
mövzularında çıxışlar dinlənilib.