AZ | RU | EN
AZ | EN | RU

Müəlliflərə sertifikatlar verildi

08 Nov 2019

Təhsil sahəsində çalışan insanların elmi yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi həmkarlar ittifaqlarının fəaliyyətində xüsusi yer tutur. 

Noyabrın 8-9-da Türkiyənin Antaliya şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Eğitim-Senin müştərək keçirdikləri IV Mühəndislik və fənn bilimləri konfransı da bu amala xidmət məqsədi daşıyırdı. Konfransı giriş sözü ilə hər iki qurumun Genel başqanı Talib Qeylan açdı. Üzv təşkilatların elmə göstərdiyi diqqətdən, xüsusilə gənc alimlərin stimullaşdırılması istiqamətində həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərdən danışdı. Bu tədbirlərin uğurlu nəticələr verdiyini qeyd etdi. Əminliklə dedi ki, indiki konfransda da layiqli, elmi axtarışlarla zəngin əsərlərin təqdimatının şahidi olacağıq.
Sonra söz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəyə verildi. O, tədbir iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin salamlarını çatdırdı. Bildirdi ki, Azərbaycan və Türkiyə geniş siyasi, iqtisadi və mədəni əlaqələrə malikdir.
Minlərlə azərbaycanlı incəsənət, elm xadimi, təhsil, səhiyyə işçisi Türkiyədə, daha çox sayda türkiyəli qardaş və bacılarımız Azərbaycanda böyük məmnuniyyətlə çalışır. Öz bilik və bacarıqlarını ölkələrimizin inkişafına sərf edirlər.
M.Cəfərzadə hər iki ölkənin uğurlarının əsasında elmi tərəqqinin, yüksək texnoloji biliklərin, müasir texnologiya yaratmaq və ondan düzgün istifadə etmək bacarıqlarının durduğunu söylədi.
“Elə ona görə də, iştirakçısı olduğumuz konfrans böyük əhəmiyyət daşıyır”-dedi.
İki gün davam edən konfransda qruplarda 450 elmi iş, o cümlədən Azərbaycan Texniki Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri Akif Cahangirovun məqaləsi dinlənildi və onlara münasibət bildirildi.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olundu.
Noyabrın 9-da M.Cəfərzadə TRT radiosunda çıxış etdi, konfrans barədə müxbirin suallarını cavablandırdı.

 

FAYDALI KEÇİDLƏR