AZ | RU | EN
AZ | EN | RU

Əmək müfəttişlərinin vəzifələri müzakirə olunur

14 Sep 2017

Sentyabrın 14-də "Hyatt Regency” otelində Beynəlxalq Əmək Təşkilatının həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri üçün "İş yerlərinin əməyin mühafizəsi normalarına uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Həmkarlar İttifaqlarının rolunun artırılması" mövzusunda tədris seminarı keçirilib.

 Seminarda iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi, səmərəli sosial dialoqun təşkili, gender bərabərliyinin təmin olunması və ayrı-seçkiliyə yol verilməməsi məsələləri müzakirə olunub və uyğun plan və strategiyalar haqqında məlumat və tövsiyələr verilib.

Seminarda AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə keçirilən tədris seminarı işçilərin hüquq və mənafelərinin müdafiəsi, layiqli iş yerlərinin yaradılması, sosial dialoqun səmərəliliyinin artırılması, gender bərabərliyinin təmini və bazar iqtisadiyyatı şəraitində iş yerlərində ayrı-seçkiliyə yol verilməməsi sahəsində əmək müfəttişlərinin biliklərinin daha da genişləndirilməsi məqsədi daşıyır. O, qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları üçün bu məsələlər müstəsna əhəmiyyətə malikdir. Çünki biz yaxşı bilirik ki, əmək müfəttişliyinin fəallığı və işinin səmərəliliyi dövlətin sosial siyasətinin vacib tərkib hissəsidir. Azərbaycan həmkarlar ittifaqları dövlətin iqtisadi-sosial siyasətinin həyata keçirilməsində fəal iştirak edərək yarandığı ilk illərdən başlayaraq həmkarlar ittifaqının ictimai nəzarətinin formalaşdırılmasında öz yolunu axtarıbdır.Öz müdafiə funksiyalarımızı müəyyənləşdirərkən biz Beynəlxalq Əmək Təşkilatının əsas sənədlərinə – konvensiya və tövsiyələrinə istinad edirik.

Əmək Məcəlləsində geniş hüquqlar spektrinin təmin edilməsinə nail olmaqla, Azərbaycan həmkarlar ittifaqları ictimai nəzarət institutunun formalaşdırılması istiqamətini seçib.

AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə texniki və əmək müfəttişləri haqqında, etimadlı həkimlər haqqında, ilk təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində əməyin mühafizəsi komissiyaları və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər haqqında hüquqi aktlar təsdiqlənib.
Həmkarlar ittifaqları mərkəzi, sahə həmkarlar ittifaqları sosial tərəfdaşlarla birlikdə həmkarlar ittifaqı fəallarının mütəmadi olaraq təhsilləndirilməsinə, tematik zona seminarlarının, iclasların, konfransların, dəyirmi masaların, baxış-müsabiqələrin keçirilməsinə, istehsalat zədələnməsinin və xəstələnmələrin profilaktikasına ictimai nəzarətin həyata keçirilməsinə böyük diqqət yetirirlər.Bu işdə həmkarlar ittifaqları ÜHİK-in, BƏT-in və BMT-nin 28 Aprel Ümumdünya «Əməyin Mühafizəsi Günü»nə, 5 iyun «Ətraf Mühitin Mühafizəsi Günü»nə, 7 oktyabr «Layiqli əmək uğrunda hərəkat» gününə həsr olunmuş uğurlu beynəlxalq aksiyalardan geniş istifadə edirlər.

Təkcə cari ildə xüsusi hazırlanmış plan-qrafikə əsasən rayon, şəhər komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının 2 min nəfərdən çox nümayəndəsinin və əməyin mühafizəsi üzrə ictimai müvəkkilini iştirak etdiyi 114 zona seminarı keçirilib.

Seminar-müşavirə iştirakçıları sosial dialoqun inkişafına və işçilərin sosial müdafiəsinə yönəlmiş bir çox yeni, qabaqcıl fikirlər irəli sürmüşlər.Biz hesab edirik ki, bu sosial tərəfdaşlarla real dialoqun parlaq nümunəsidir və əmək münasibətlərinin optimallaşdırılmasına əhəmiyyətli töhfə verir.AHİK və sahə həmkarlar ittifaqı orqanları əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalat mədəniyyətinin və estetikasının yüksəldilməsinə, qəza, xəsarət və bədbəxt hadisələrə yol verilməməsinə stimul verən müxtəlif mövzulu baxış-müsabiqələrin keçirilməsinə böyük diqqət ayırırlar.

Beynəlxalq aksiyalardan və beynəlxalq təşkilatların sənədlərindən istifadə etməklə, milli qanunverici və normativ aktları əldə rəhbər tutaraq Azərbaycan həmkarlar ittifaqları texniki əmək müfəttişliiynin simasında iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında müəyyən uğurlar əldə ediblər. Onu da nəzərə almaq lazımdır ki, bu işə respublikada bütün sahələr üzrə cəmi 32 texniki əmək müfəttişi cəlb olunub.

26 sahənin texniki əmək müfəttişləri dövlət nəzarət orqanları və müəssisədaxili nəzarət xidməti ilə birlikdə 2015-ci il ərzində hər 17 nəfərdən bir işçi üçün iş yerlərində həyat və sağlamlıq üçün risk faktorunun aradan qaldırılmasına nail olublar. 2016-cı ilin yekunlarına görə isə bu göstərici hər 14 nəfərdən biri üçün olubdur.Aparılan iş müəyyən mənada istehsalat zədələnməsinin aşağı salınmasına şərait yaradıb.

Əgər AHİK-in yarandığı dövrdən keçən 24 ili götürsək bu dövr ərzində həmkarlar ittifaqlarının əhatə dairəsində olan müəssisə və təşkilatlarda xəsarət alanların sayı 3 dəfə, istehsalat xəsarəti nəticəsində ölənlərin sayı isə 2,2 dəfə azalıb.

Bununla yanaşı, son illər əməyin və sağlamlığın mühafizəsinin vəziyyəti, ayrı-ayrı illərdə istehsalat xəsarəti hallarının artması həyəcan doğurur.Belə ki, 2006, 2011, 2014 və 2016-cı illərdə həm ümumilikdə respublika üzrə, həm də həmkarlar ittifaqı mövcud olan təşkilatlarda işdə xəsarət alanların sayı artıb.Belə vəziyyət onu sübut edir ki, tam kompleks tədbirlərin yerinə yetirilməsinə baxmayaraq biz hələ respublika üzrə bütün səviyyələrdə daim fəaliyyətdə olan əməyin mühafizəsinin effektiv idarəetmə sisteminin həyata keçirilməsinə nail olmamışıq.
S.Alxasov deyib ki, AHİK əməyin mühafizəsi problemlərinin həllinə yeni yanaşma prinsiplərini müəyyən edibdir.Belə yanaşma formalarından biri də həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri ilə əməyin mühafizəsi üzrə mütəxəssislərin birgə tədris seminarlarının təşkil edilməsidir. Bu seminarların keçirilməsində məqsəd geniş biliklərin formalaşdırılmasına kömək, iş yerlərində əməyin mühafizəsi üzrə sosial təminatların, gender bərabərliyinin təmin edilməsi üçün plan, strategiya və siyasətin işlənib həyata keçirilməsində hər kəsin rolunun dərk edilməsidir. Bu məqsədlə də AHİK BƏT-lə əməkdaşlığa önəmli əhəmiyyət verir.

BƏT-lə 1993-cü ildən həyata keçirməyə başladığımız sıx əməkdaşlıq 2006-2009-cu illər və 2016-2020-ci illər üçün layiqli əməyə dair ölkə proqramının hazırlanıb qəbul etdirilməsinə kömək edib.

2016-2020-ci illərdə layiqli əmək üzrə ölkə proqramına əsasən həmkarlar ittifaqlarının fəaliyyəti əməyin mühafizəsinin milli sisteminin təkmilləşdirilməsinə, BƏT-in təməl prinsiplərini əks etdirən konvensiya və tövsiyələri nəzərə almaqla nəzarət profilaktika işinin gücləndirilməsinə yönəlib.

AHİK hesab edir ki, əməyin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi prosesində BƏT-in təməl konvensiyalarının tezliklə ratifikasiya olunmasında və icrasında həmkarlar ittifaqları davamlı iştirak etməlidir.

Bu Konvensiyalar aşağıdakılardır:
- № 155 «Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti barədə»
- № 184 «Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası barədə»
- № 187 «Əməyin təhlükəsizliyinə və gigiyenasına təsir edən əsaslar barədə»
Bu konvensiyalar işçilərin sağlamlığının qorunması üçün müvafiq şəraitin yaradılmasına, iş yerlərində sağlam mühitin formalaşdırılmasına xidmət edir və bizim təşəbbüsümüzlə, sosial tərəfdaşlar tərəfindən imzalanmış Baş Kollektiv Sazişdə əksini tapıb.

Biz öz işimizin forma və metodlarının yenilənməsi məsələsinə baxmalı və öncə həmkarlar ittifaqının ictimai nəzarətinin gücləndirilməsi məsələsinə diqqəti cəmləməliyik.Öz növbəsində AHİK sahə həmkarlar ittifaqı orqanlarına kömək məqsədilə, ştatdankənar texniki əmək müfəttişləri institutunun yaradılması fikrindədir.Bu barədə normativ sənəd hazırlanıb və yaxın zamanlarda sahə həmkarlar ittifaqı orqanlarına göndərilməsi nəzərdə tutulub.

AHİK sədrinin müavini bildirib ki, biz həmçinin sosial tərəfdaşlarla texniki əmək müfəttişliyi tərəfindən həyata keçirilən nəzarət-profilaktika işinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, işçilərin səhhətinə və təhlükəsizliyinə real təhlükə mənbəyi olan avadanlıq və istehsalatların fəaliyyətinin dayandırılmasına sərbəst şəkildə göstəriş verməsi hüququnun verilməsi məsələlərini müzakirə etməliyik.

Qanunverici və normativ bazanın gələcəkdə təkmilləşdirilməsi məqsədilə biz əməyin mühafizəsi xidmətinin müəssisə, təşkilat, baş idarə və nazirliklərdə əsas struktur bölmələri siyahısına daxil edilməsinə nail olmaq fikrindəyik.Bu seminarda əldə olunmuş bilikləri də nəzərə almaqla işlərin təhlükəsiz yerinə yetirilməsinin təbliğini, həmkarlar ittifaqı kadrlarının tədrisinin yeni formalarının tətbiqini fəallaşdırmaq vacib məsələlərdəndir.Əmək prosesinin bütün iştirakçılarının təhsilləndirilməsinə və təhlükəsiz əmək şəraitinin yaradılmasının stimullaşdırılmasına xüsusi diqqət yetirilməlidir.İşəgötürənlərlə əməyin mühafizəsi üzrə mütəxəssislərin birgə təhsilləndirilməsi mexanizmi təklif olunmalıdır.

İşəgötürənlər üçün bütün aspektlərdə əmək qanunvericiliyinə dair biliklərin əldə olunması üçün məqsədli və davamlı kursların təşkil edilməsi və mütəmadi attestasiya və yenidən attestasiya prinsiplərinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Çıxışçı diqqətə çatdırıb ki, hazırda sahə həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki kampaniyası yekunlaşmaq üzrədir.
İlkin məlumata görə 01 sentyabr 2017-ci il tarixinə həmkarlar ittifaqı orqanlarında əməyin mühafizəsi üzrə 6 mindən yuxarı komissiya formalaşdırılıb. Bu komissiyaların işinə 18 minə yaxın əməyin mühafizəsi üzrə ictimai müvəkkil cəlb olunub ki, bunların hamısının biliklərinin təkmilləşdirilməyə ehtiyacı var.

İşçilərin bilavasitə iş yerlərində sosial müdafiəsinin təmin edilməsi məqsədilə AHİK həmkarlar ittifaqı komitələrinə, əməyin mühafizəsi üzrə komissiyalara, ictimai əmək müvəkkillərinə kömək məqsədilə metodiki vəsait hazırlayıb ki, hazırda bu çapa hazırlanır. Bu yeni seçilmiş həmkarlar ittifaqı fəallarının təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Seminarda əldə olunan biliklər iş yerlərində ayrı-seçkiliklə mübarizədə, gender bərabərliyinin təmin olunmasında əməyin və sağlamlığın mühafizəsinə dair beynəlxalq standartların tətbiq olunmasında, əməyin mühafizəsinə dair həmkarlar ittifaqlarının aksiyalarında səriştəli surətdə istifadə edilməlidir.

Şübhə etmirəm ki, seminarda əldə olunan biliklər həmkarlar ittifaqı fəallarının, mütəxəssislərin layiqli əmək uğrunda, iş yerlərində sağlam və təhlükəsiz şərait yaradılması sahəsində fəaliyyətində əlavə impuls olacaq.

Daha sonra BƏT-in əmək müfəttişliyi, sağlamlıq və təhlükəsizlik üzrə mütəxəssisi Valentin Mokanu “Əmək müfəttişliyi, onun rolu və funksioanllığı”, “Kimlər əmək müfəttişləri hesab olunur və onların işi nədən ibarətdir”, “Yoxlama səfərləri necə aparılır”, BƏT-in işçilərin fəaliyyəti üzrə baş mütəxəssisi Sergius Qlovaskas “Sosial müdafiənin təmin olunmasında dövlət siyasətinin və qurumlarının qarşılaşdıqları problemlər” haqqında təqdimat nümayiş etdiriblər.

Sentyabrın 15-də seminarda növbəti müzakirələr keçiriləcək.


FAYDALI KEÇİDLƏR