FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik Günü”
23 Sep 2019
Sentyabrın 17-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə məzun buraxılışı və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirdə
FHN-in rəhbər heyəti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Heydər Əliyev adına Ali Hərbi Məktəbin
rəisi, general-mayor Fizuli Salahov, DTX-nın Heydər Əliyev adına Akademiyasının
rəisi, general-mayor Allahverən İsmayılov, DİN Polis Akademiyasının rəisi
general-mayor Nazim Əliyev və DİN Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi
general-mayor İlqar Məmmədov, FHN-in Akademiyasının şəxsi heyəti, qonaqlar və
valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ulu
öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri
qoyublar.
Sonra FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik Günü”nə
həsr olunmuş geniş tədbir keçirilib. Dövlət himni səsləndirilib və Dövlət
bayrağı meydana gətirilib.
Sonra kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən Fövqəladə hallar nazirinin müavini
general-leytenant Etibar Mirzəyev məzunları və onların vaildeynlərini təbrik
edib. Nazir müavini qeyd edib ki, hərbi and içərək Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz bəbəyi kimi
qorumalıdırlar. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar
hərbçi kadrların yetişdirilməsi ideyasının daim diqqətdə saxlanıldığını və bu
müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə
davam etdirildiyini xatırladan E.Mirzəyev FHN-in gələcək əməkdaşları olacaq
Akademiya məzunlarının insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və
şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlmələrinin əhəmiyyətindən
danışıb.
Akademiyanın rəisi, general-mayor Baba Salayev də məzunları
təbrik edərək, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı
söhbət açıb, onlara uğurlar arzulayıb.
FHN-in Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş məzun
Fəxri Həsrətli kursant yoldaşlarının adından çıxış edərək Nazirliyin rəhbərliyinə
və Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.
Daha sonra Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərovun müvafiq əmri ilə Akademiyanın 2019-cu il məzunlarına “leytenant” hərbi
və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil
ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Anar Mahmudzadə
xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.
Sonra FHN-in Akademiyasının şəxsi heyəti orkestrin müşayiəti
ilə Akademiyanın himnini səsləndirib, dövlət bayrağı məzunlar tərəfindən IV
kurs kursantlarına təhvil verilib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə
yekunlaşıb.