Göstərdikləri hünərə layiq qayğı görürlər
10 Oct 2019
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəmir yolu sektorunun inkişafı, yenidən qurulması və müasirləşməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr ardıcıl olaraq, yüksək keyfiyyətlə həyata keçirilir.
Dövlət proqramına uyğun olaraq yol təsərrüfatı
sağlamlaşdırılır, lokomotiv və vaqon parkları yenilənir, tikinti, quruculuq işləri
ildən-ilə daha geniş vüsət alır. Tutduğu mövqedən asılı olmayaraq, dəmiryolçular,
sözün həqiqi mənasında, ölkəmizin tərəqqisi naminə əsl hünər göstərirlər. Göstərdikləri
hünərə layiq də qayğı görürlər. Tərəfdaş olaraq deyim ki, “ADY” QSC-nin rəhbərliyi
dəmiryolçuların sosial-iqtisadi problemlərinin həllini öz fəaliyyətinin əsas
istiqamətlərindən biri hesab edir. “ADY” QSC ilə Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsi arasında imzalanmış sazişdə razılaşdırılmış öhdəliklər
də bunu təsdiq edir. Sazişdə istisnasız olaraq bütün öhdəliklər məhz işçilərin
maraqlarına hesablanıb. Artıq 2020-2022-ci illər üçün yeni saziş imzalamağa
hazırlaşırıq. Sazişdə işçilərin maddi rifah halının yaxşılaşdırlması, iqtisadi
problemlərin həlli istiqamətində yeni güzəşt və imtiyazlar əksini tapacaq.
Sazişə əsasən, həmkarlar ittifaqının qarşısında duran əsas məsələlər təhlükəsiz
iş şəraitinin yaradılması, işçilərə tutduğu vəzifəyə, peşəsinə, ixtisasına və əməyinin
nəticələrinə uyğun layiqli əməkhaqlarının, uzunmüddətli iş stajına görə aylıq
mükafatların verilməsi, ehtiyacı olan işçilərin mənzillə təminatı, işçilərin və
onların ailə üzvlərinin istirahətinin təşkili və sairədir. Vurğulayım ki, son
3-4 ildə “ADY” QSC-nin sədri Cavid Qurbanovun diqqət və qayğısı nəticəsində dəmiryolçular
ailəsinə 200-dən artıq yeni mənzil verilmişdir. Bundan başqa, orta aylıq əməkhaqqı
artırılaraq 526 manata çatdırılmışdır. Ötən yay mövsümündə “Lokomotiv” İstirahət
Mərkəzində yüzlərlə dəmiryolçu ailəsi ilə birlikdə dincəlmişdir. 300 nəfərə
yaxın dəmiryolçu respublikanın sanatoriyalarına yollayışlarla təmin edilib.
Hər il “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin
ən yaxşı mütəxəssisi”, F.Ağayev adına “İlin qabaqcıl maşinisti” adı altında
müsabiqələr keçirilir. Müsabiqələrə ilin sonunda yekun vurulur. Müsabiqələrin
qalibləri diplom, Fəxri Fərman və pulla mükafatlandırılırlar.
Əmək və müharibə veteranlarına, xəstələrə, əlillərə, məcburi
köçkün ailələrinə, maddi vəziyyəti ağır olan dəmiryolçulara yardımlar göstərilir.
Sentyabr ayında dəmiryolçuların peşə bayramına həsr olunmuş spartakiada
keçirilib. Proqramına minifutbol, voleybol, stolüstü tennis və sair idman növlərinin
daxil olduğu spartakiadanın final yarışlarında ümumilikdə 200-dən artıq dəmiryolçu
iştirak etmişdir. Rəyasət Heyətinin qərarına əsasən, 1-ci yeri tutmuş komandaya
kubok, diplom və 2000 manat pul, 2-ci yeri tutmuş komandaya diplom və 1800 manat
pul, 3-cü yeri tutmuş komandaya isə diplom və 1500 manat pul mükafatı
verilmişdir.
Diqqətinizə çatdırdığım qısa məlumatdan da göründüyü
kimi, təşkilatımız, imkanı daxilində, dəmiryolçuların həm yüksək istehsalat nəticələri
göstərməsi, həm müxtəlif tədbirlərdə iştirak etməklə işdən mənəvi zövq alması,
həm də şəxsi həyatını rifah içində yaşaması naminə səylərini əsirgəmir. Biz
bunu özümüzün vəzifə borcumuz bilirik. Sözümün sonunda qəhrəman sahə işçilərini
peşə bayramları münasibətilə təbrik edirəm.
Fəzail BAĞIROV,
Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri
"Ülfət" qəzeti 12 oktyabr 2019-cu il