İntellekt səviyyələrinin yüksək, məntiqlərinin güclü olduğunu sübut etdilər
13 Apr 2019
Aprelin 13-də Bakıdakı “Monolit Plaza” otelində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Respublika Komitəsinin üzv təşkilatları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyunun açılışında çıxış edən Respublika Komitəsinin sədri
Hikmət Osmanov bilik və məntiq yarışına hazırlaşan iştirakçılara uğurlu nəticələr
arzulayaraq deyib ki, ilk dəfədir bizim sahə üzrə belə kütləvi intellektual
oyun keçirilir. Bu təşəbbüsümüz Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) gənclər siyasətinin qarşımıza qoyduğu vəzifələrin
reallaşdırılması məsuliyyətindən irəli gəlir.
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev bizim bu təşəbbüsümüzü
bəyənmiş və xeyir-duasını vermişdir. Əgər oyun uğurlu alınsa, yəqin ki, gələcəkdə
digər sahələr də öz üzvlərinin intellektual səviyyəsinin daha da inkişafına təkan
verəcək belə yarışların keçirilməsinə təşkilatçılıq edəcək.
H.Osmanov oyunun mənəvi tərəflərinə də aydınlıq gətirib.
Deyib ki, həmkarlar ittifaqlarının mühüm missiyalarından biri də xalqımızın gələcəyinin
təminatçısı olan savadlı, vətənpərvər gənc nəsil formalaşdırmaq işində dövlətimizə
kömək göstərməkdir. AHİK sədri dəfələrlə çıxışlarında bunu sahə həmkarlar
ittifaqlarına xatırladıb, tövsiyələrini verib. Bu sahədə bizi təşəbbüskarlığa
çağırıb.
H.Osmanov sədri olduğu qurumun yarışların təşkili sahəsində
gördüyü işlərdən də söz açıb: “Bu, böyük tədbirdir. Biz hər şeyi dəqiqliklə
ölçüb-biçmişik. Çünki adi səhvimiz oyunun istənilən kimi alınmasına imkan verməzdi.
Biz bu yarışa ciddi hazırlaşmışıq. İndi söz sizindir. Göstərin görək siz necə
hazırlaşmısınız?”
Təxminən 4 saat
davam edən yarışda, hər birinin heyətində 6 iştirakçı olan, 32 komanda Azərbaycan
İntellektual Oyunlar Federasiyasının hazırladığı 48 suala cavab tapmağa çalışıb.
Əksər komandaların ilk dəfə belə yarışlara qoşulmasına
baxmayaraq, mübarizə gərgin keçib. Nəticələri göstərən elektron lövhədə sualdan
- suala yerlər dəyişirdi. Məhz sonuncu sual cavablandırılandan sonra məlum oldu
ki, “ASAN xidmət” komandası III, “İqtisadiyyat” komandası II yerləri tutublar.
Qalib adını isə “Kapital Bank” intellektləri qazanıblar.
Sonda qalib komandaya keçici kubok, 1000 manat məbləğində
pul mükafatı təqdim olunub. İkinci və üçüncü nəticə göstərmiş komandalara isə,
müvafiq olaraq, 600, 300 manat pul mükafatı və xatirə hədiyyələri verilib.