Komissiyanın növbəti iclası keçirilib
25 Oct 2018
Oktyabrın 25-də Moskva şəhərində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) əməyin mühafizəsi, ekologiya, sağlamlıq və sosial təminat məsələləri üzrə Komissiyasının iclası keçirilib.
Tədbirdə əvvəlcə təşkilati məsələyə baxılıb. Komissiyanın
üzvlərinin sayı 44 nəfərdən 30 nəfərə qədər azaldılıb. 19 nəfər üzv yeniləri ilə
əvəz edilib. Azərbaycandan komissiya üzvlərinin sayı daha iki dəfə artırılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini
Cavanşir Alxasov, “Elektroprofsoyuz” Beynəlxalq Həmkarlar İttifaqları
Birliyinin sədri Vasiliy Bondarev və Əmək və Sosial Münasibətlər Akademiyasının
prorektoru Aleksandr Safonov komissiyaya həmsədr seçiliblər.
ÜHİK-in İcraiyyə Komitəsinin noyabırın 1-də keçirilməsi
nəzərdə tutulmuş iclasına “Region ölkələrinin vətəndaşlarının pensiya təminatı,
üzv ölkələrin qarşılıqlı fəaliyyət təcrübəsi, qanunverici orqanların icra
hakimiyyəti tərəfindən bu problemlərin həlli barədə” məruzə müzakirəyə çıxarılıb.
Sonra “Bir sıra MDB ölkələrində və Gürcüstanda pensiya islahatlarının aspektləri”,
“Rusiyada pensiya sisteminin inkişaf perspektivləri”, “Avroaziya iqtisadi
ittifaqı məkanında işçilərin pensiya təminatının inkişaf perspektivləri” mövzularında
məruzələr dinlənilib.
Gündəlikdə duran digər bir məsələ - “Müasir mərhələdə əməyin
mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti”nə dair təqdimat ətrafında
fikir mübadiləsi edilib. İclasda ÜHİK- in VII qurultayından ötən 5 il müddətində
aparılan işlər barədə də məlumat verilib.
İclasda Cavanşir Alxasov “Azərbaycan həmkarlar
ittifaqlarının strategiyası - sağlam və təhlükəsiz iş şəraitinin təkmilləşdirilməsinə
doğru” mövzusunda çıxış edib. O, əvvəlcə ÜHİK-in müvafiq departamentinin əməkdaşlarına
əməyin mühafizəsi və humanitar problemlərin həllində göstərdikləri informasiya
və metodiki dəstəyə görə minnətdarlığını bildirib. Deyib ki, 2016- cı ildə
AHİK-in təşəbbüsü ilə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya
yaradılıb. Komissiya sosial və iqtisadi problemlərin qanunvericilik səviyyəsində
həllinə yardımçı olur. İndiyə qədər bu qurum qanun və normativ aktlara çox
sayda düzəliş hazırlayıb. Nazirlər Kabinetinin və parlamentin müzakirəsinə
verib. Təkcə Əmək Məcəlləsinə edilən düzəlişlərin sayı 330-dan çoxdur. Bunların
da 12,7 faizi əməyin mühafizəsinə aiddir.
C. Alxasov çıxışında həmkarlar ittifaqının layiqli əməklə
bağlı dövlət proqramının müddəalarının həyata keçirilməsi istiqamətində gördüyü
işlərdən danışıb. Qeyd edib ki, təşkilatımız fəaliyyətində maarifləndirmə işinə
də geniş yer ayırır. Təkcə son 5 ildə həmkarlar ittifaqı təşkilatı 870 zona
seminarı keçirib. Seminarlara rayon, şəhər komitələrinin, ilk təşkilatların, əməyin
mühafizəsi üzrə komissiyaların sədrləri dəvət ediliblər. Bütövlükdə
iştirakçıların sayı 27090 nəfər olmuşdur.
Natiq əməyin mühafizəsi ilə bağlı digər məsələlərə də
toxunub və təkliflərini səsləndirib.
Sonda komissiya üzvləri müvafiq qərarlar qəbul ediblər.