Kulinariya müsabiqələrinin keçirilməsi ənənəyə çevriləcək
09 Jan 2019
Yanvarın 9-da “Abşeron” sanatoriyasında “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin Təşkilati-Metodik Şurasının təşəbbüsü ilə kurort-sağlamlıq ocaqları arasında “15-ci pəhriz” adı altında kulinariya müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə cəmiyyətin müalicə-profilaktika
şöbəsinin müdiri Çingiz Məmiyev açaraq müsabiqənin şərtləri, gedişi və qiymətləndirmə
qaydası barədə məlumat verib. Şöbənin aparıcı mütəxəssisi Nigar Nəzərli bildirib
ki, müsabiqə 5 nominasiya üzrə keçiriləcək. Hər nominasiyanın qalibləri müəyyənləşdiriləcək
və mükafatlandırılacaq. Nominasiyalarda ən çox bal toplayan komanda mütləq
qalib elan ediləcək.
Sonra yarışa start verilib. İlk nominasiya ev tapşırığı
adlanırdı. Təmiz, yaraşıqlı peşə geyimində olan aşpazlar, aşpaz köməkçiləri
böyük həvəs, yəqin ki, həm də qalib gəlmək istəyi ilə stolların üstündə
kulinariya möcüzəsi yaratmağa çalışardılar. Çox sürətlə və dəqiq hərəkətlərlə
işləyirdilər. Hiss edilmədən nominasiyalar bir-birini əvəz edirdi. Nəhayət, 5-ci
nominasiya da sona çatıb. Hər nominasiya üzrə birincilər seçilib.
Xeyli məsləhətləşmədən
sonra münsiflər heyəti qərara alıb ki, “Günəşli” sanatoriyasının aşpazları
birinci, “Şıx” sanatoriyasının aşpazları ikinci, “Qaranquş” sanatoriyasının
aşpazları üçüncü, “Bilgəh” sanatoriyasının aşpazları dördüncü, “Abşeron”
sanatoriyasının aşpazları beşinci nominasiyanın qalibi hesab olunsunlar.
Nominasiyalarda toplanmış ballar hesablanaraq mütləq
qalib elan edilib. Bu ada “Bilgəh” sanatoriyasının təmsilçiləri layiq görülüblər.
Mütləq qalibə mükafatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
sədrinin müavini, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev
təqdim edib. Əbil müəllim deyib ki, son illər AHİK-in sədri, millət vəkili,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar
Möhbalıyevin şəxsi diqqəti və qayğısı sayəsində “Kurort” QSC-nin tərkibində
olan sanatoriyaların siması xeyli dərəcədə dəyişib. İndi sanatoriyalarımız beynəlxalq
miqyasda rəqabət apara biləcək səviyyəyə çatdırılıb. Bu gün kulinariya müsabiqəsi
olduğu üçün mən yalnız sanatoriyalarımızın mətbəxlərinin vəziyyəti barədə bir
neçə kəlmə söz deməklə kifayətlənəcəyəm. Mətbəxlərdə, qida saxlanan anbarlarda
quraşdırılmış avadanlıqlar ən yaxşı xarici firmaların istehsalıdır. Onlar həm
keyfiyyət, həm sürət baxımından, yaxşı mənada fərqlənirlər. Təsəvvür edin ki, təkcə
“Bilgəh” sanatoriyasında 15 dəqiqəyə yeməklər bişirilib süfrəyə ötürülür. Bu da
sanatoriyanın yeməkxanasında birdəfəyə 450 nəfər insana gecikdirmədən xidmət
göstərməyə imkan verir.
Ərzaq məhsullarının keyfiyyəti, sağlamlığa yararlılığı da
diqqətdə saxlanılır. Gördüyünüz kimi, aşpazların da səriştəsi, peşəkarlığı qənaətbəxşdir.
Amma biz bu xidmət sahəsinin mütəxəssislərinin peşəkarlıqlarının daha da püxtələşməsini
istəyirik. Həm də istəyirik ki, onlar bir-birilərini yaxından tanısınlar,
ustalıqlarını, kulinariya sahəsində əldə etdikləri yenilikləri bölüşsünlər. Bu
istəklərimizə nail olmaqdan ötrü belə bir müsabiqə keçirməyi məqbul saydıq.
Düzdür, əvvəllər də bu tipli müsabiqələr təşkil edilirdi. Özü də tez-tez. Səmərəsi
də olurdu. Biz indi sizinlə birlikdə bu ənənəni bərpa etdik. Sizinlə birlikdə
onu ənənəyə də çevirəcəyik. Yəni davamlı edəcəyik.
Sonra qaliblərə mükafatlar təqdim olunub. Tədbir
iştirakçıları və qonaqlar süfrə arxasına dəvət olunublar.