Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib
05 Dec 2019
Dekabrın 5-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin dördüncü plenumu keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ötən müddət ərzində keçirilən tədbirlərə toxunub.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
cari ildə imzaladığı fərman və sərəncamlar ölkə əhalisinin rifah halının
yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin,
müharibə veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət etməkdədir. Eyni zamanda həmin fərman və sərəncamlara əsasən, yüz minədək
tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının və pensiyaların 90
faiz artırılması dövlətin adıçəkilən sosial təbəqəyə diqqət və qayğısının əyani
təsdiqidir.
Tədbirdə xüsusi qeyd edilib ki, Azərbaycan Prezidentinin
18 iyun 2019-cu il tarixli sərəncamı ilə sentyabr ayının 1-dən ölkə üzrə minimum
əməkhaqqının 250 manat müəyyənləşdirilməsi mədəniyyət işçilərinin də hədsiz
sevincinə səbəb olub. Çünki bu, mədəniyyət sahəsində çalışan təxminən 10 min nəfərin
də əməkhaqqının 40 faiz artımı deməkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə
görüşünün əhəmiyyətini və tarixi hadisə kimi yadda qaldığını diqqətə çatdıran məruzəçi
onu da bildirib ki, əməyin mühafizəsi üzrə yerlərdə həmkarlar ittifaqı komitələrində
metodiki təlimlər keçirilib, bu istiqamətdə onlara kömək göstərilib. Son iki
ildə MİHİ-nin Saatlı, Sabirabad, İmişli, Neftçala, İsmayıllı və digər rayon
komitələri tərəfindən əməyin mühafizəsi ilə bağlı görülən işlər araşdırılıb.
Ümumiyyətlə, əməyin mühafizəsi MİHİ-nin fəaliyyət
sferasına daxil olan əsas məsələ kimi daim diqqət mərkəzində saxlanılıb.
"Əmək sferasının gələcəyi - iş yerində layiqli və təhlükəsiz əmək şəraiti”
mövzusunda "dəyirmi masa”lar, "Layiqli əmək - ədalətli sosial
iqtisadiyyata gedən yoldur” devizi ilə seminarlar təşkil edilib. Mingəçevir,
Yevlax, Ağdaşda pilot layihə kimi icbari tibbi sığortanın da tətbiq edildiyini
vurğulayan komitə sədri onu da bildirib ki, bu layihə özünü doğrultduğu üçün
2020-ci ildən başlayaraq bütün ölkədə tətbiq olunacaq.
Plenumda
MİHİ-nin Şamaxı, Sabirabad, Astara və digər rayon komitələrinin sədrləri çıxış
edərək, qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün bütün mövcud
potensialdan maksimum istifadəni vacib saydıqlarını bildiriblər.