AZ | RU | EN
AZ | EN | RU

“Məqsədimiz üzvlərimizin təhlükəsiz iş şəraitində çalışması, evinə sağlam qayıtmasıdır”

15 Nov 2019

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin noyabrın 15-də keçirilmiş plenumunda “Müasir şəraitdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu” məsələsinə baxılmışdır. 

İclasa sədrlik edən Respublika Komitəsinin sədri Seymur Orucov giriş sözü söyləmişdir. O, dövlətimizin yeritdiyi, xüsusilə son aylarda inqilabi islahatlarla yadda qalan sosial siyasətinin digər sahələr kimi rabitə sistemində çalışan insanların və onların ailələrinin rifah halına da müsbət təsir göstərdiyini deyərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyev vətəndaşlarımızın gəlirlərinin artması ilə yanaşı, onların təhlükəsiz əmək şəraitində, layiqli əməyin tələbləri səviyyəsində yaşamaq və işləmək hüquqlarının da qayğısına qalır.
Bu, həm də həmkarlar ittifaqının öndə olan missiyalarındandır. Biz plenumda bir daha ilin əvvəlindən bəri əməyin mühafizəsi ilə bağlı gördüyümüz işləri nəzərdən keçirəcək, yeni hədəflər müəyyənləşdirəcəyik.

 Gündəlikdə duran məsələ barədə Respublika Komitəsi sədrinin müavini Rəşad Səfərov məruzə ilə çıxış edib.O, çıxışında ilk növbədə diqqəti Respublika Komitəsinin və üzv təşkilatların tərəfdaşları ilə bağladıqları kollektiv sazişə və kollektiv müqavilələrə çəkib. Deyib ki, həmkarlar ittifaqı məhz bu sənədlərə əsaslanaraq əməyin mühafizəsi sahəsində maddi-texniki və maliyyə təminatı üzrə tədbirlər görülməsinə nail olmuşdur. Respublika Komitəsinin texniki-əmək müfəttişinin müntəzəm apardığı yoxlamalar, reydlər, baxışlar göstərir ki, əksər rabitə müəssisələrində müasir texnoloji avadanlıqlar quraşdırılıb. İşçilər üçün təhlükəsiz, rahat iş şəraiti yaradılıb. Hər bir təşkilata əməyin mühafizəsinə dair təlimatlar paylanıb. Yeni işə qəbul olunanlar mövcud avadanlıqlarla işləmək, alətlərdən istifadə qaydaları ilə tanış edilir, təlimatlandırılırlar. Bundan sonra onlara fərdi qaydada işləməyə icazə verilir. İşçilər xüsusi, mühafizə geyimləri ilə təchiz olunurlar. Bütün bunlar həmkarlar ittifaqı təşkilatlarının nəzarəti altında həyata keçirilir.
R.Səfərov bildirib ki, Respublika Komitəsinin texniki əmək müfəttişinin son üç ildə keçirdiyi 230-dan artıq yoxlamanın nəticələri Rəyasət Heyətində müzakirə olunub. Daha 4 yoxlama isə dövlət nəzarət orqanları ilə birlikdə aparılıb. Təqdim edilən arayışların hamısı ciddi şəkildə təhlil olunub. Aşkara çıxarılmış problemli məsələlər barədə müvafiq müəssisə rəhbərlərinə yazılı məlumat göndərilib. Məlumatda nöqsanların aradan qaldırılması üçün lazım olan vaxt da göstərilib. Həmin məsələ həmkarlar ittifaqının nəzarətində saxlanılıb.

R. Səfərov əməyin mühafizəsi işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyini xüsusi diqqətə çatdıraraq deyib ki, sahə Hİ AHİK-in əməyin mühafizəsi, layiqli əməklə bağlı hər il keçirdiyi ənənəvi silsilə seminarlarda, müsabiqələrdə fəal iştirak edir. “Dediklərimizdən də gördüyünüz kimi, biz üzvlərimizin təhlükəsiz iş şəraitində çalışması, evinə sağlam qayıtması naminə, səlahiyyətlərimiz daxilində, nə lazımsa etmişik. Amma bu o demək deyil ki, bütün problemlər həllini tapıb. Bəzi müəssisələrdə istismar müddətini başa vurmuş, az da olsa, avadanlıq qalmaqdadır. İdarədaxili nəzarətin zəif olduğu müəssisələr də yox deyil. Təbii ki, biz bu nöqsanların da aradan qaldırılması üçün lazımi tədbirlər görəcəyik”, - deyə bildirib.
Məruzə ətrafında çıxışlar dinlənilib. Sonra nizamnaməyə dəyişiklik və təşkilati məsələlərə baxılıb.
Tədbirdə AHİK sədrinin müavini    Cavanşir Alxasov çıxış edib.
Sonda bir qrup qabaqcıl rabitəçiyə mükafatlar təqdim olunub.

FAYDALI KEÇİDLƏR