AZ | RU | EN
AZ | EN | RU

Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisi keçirilib

06 Dec 2019

Dekabrın 6-da Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) IV Məclisi keçirilib. İclası giriş sözü ilə təşkilatın sədri Arif Mərdanov açıb.

2019-cu il ərzində işçilərin sosial-iqtisadi, sağlamlıq problemlərinin həllində MİHİ-nin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında əsas məruzəçi kimi MİHİ sədrinin müavini Əlisəfa Bağırov çıxış edib.
O qeyd edib ki, Azərbaycan həmkarlar hərəkatında metropolitençilərin özünəməxsus yeri formalaşıb. Bunun bir səbəbi ənənəvi metropolitençi birliyi, digəri isə AHİK rəhbərliyinin və "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin tam qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərdir. Cari ildə imzalanmış kollektiv müqavilədə razılaşdırılmış öhdəliklər də bunun əyani nümunəsidir. İşçilərin maddi rifahı, sosial-iqtisadi problemlərin həllində güzəşt, mükafat və imtiyazlar, təhlükəsiz əmək şəraiti, işçilərin və onların ailə üzvlərinin istirahəti, asudə vaxtının təşkili xüsusi nəzərə alınıb. Cari il noyabr ayının 18-də bütün işçilərin aylıq vəzifə maaşı 10% artırılıb.

Metropolitendə iş sahələrinin müxtəlifliyi və yüksək təhlükəli iş yerlərinin olmasını nəzərə alaraq baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə MİHİ-nin əməyin texniki müfəttişi ictimai müfəttişlərlə birgə vaxtaşırı olaraq iş yerlərində yoxlamalar aparıb, nəticələri barədə aktlar tərtib edilib və işəgötürənə və MİHİ-nin sədrinə təqdim edilib. Görülən işlərin və edilən nəzarətin nəticəsidir ki, 2019-cu ilin 11 ayı ərzində cəmi 1 istehsalat xəsarəti qeydə alınıb. Qarşıya qoyulan məqsəd isə istehsalat xəsarətlərinin sayının sıfıra endirilməsidir.
Müəssisədə ən böyük sosial xüsusiyətli layihə 7 daimi yeməkxananın fəaliyyət göstərməsidir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara yaxınlaşdırmaq diqqətdədir. Bu mənada, "Xətai" stansiyasında təmir işlərinin aparıldığı dövr xüsusi qeyd oluna bilər. Burada həmin müddət ərzində yeməkxana qurulmuşdu. İşçilər naharın təxminən yarısının qiymətini, həm də nəğdsiz ödəniş ediblər.  Bu tip tədbirlərdən bəhs edərkən, cari il Bilgəhdəki sağlamlıq mərkəzində 2 mindən artıq metropolitençi və ailə üzvlərinin dincəlməsi, profilaktik müalicə alması qeyd oluna bilər.  Həmçinin müəssisənin əmək və müharibə veteranlarına, əlillərə, maddi vəziyyəti ağır olan keçmiş metropolitençilərə xüsusi güzəştlərlə dincəlməyə şərait yaradılıb. Onlar da daxil olmaqla 114 nəfərə ölkədəki sanatoriyalara yollayışlar verilib. Torpaqlarımızın müdafiəsi və Azərbaycanın müstəqilliyinin əldə olunmasında xüsusi rol oynamış metropolitençilər və onların ailələrinin qayğıları diqqətdən kənar saxlanmayıb.  2015-ci ildən MİHİ metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik mükafatlar verir. Bu il də istisna olmayıb və 5 belə gənc təltif olunub. Bu xüsusda bir mükafatın çəkisi ildən ilə artmaqdadır. Artıq 5-ci ildir metropolitendə "İlin qatar maşinisti" seçilir, ona peşə bayramı günü təntənəli şəkildə mükafat və diplom təqdim edilir.

“Bakı Metropoliteni” QSC-nin və MİHİ-nin təşkilatçılığı ilə 119 nəfər metropolitençi İstanbul şəhərinə turist səfərində olublar. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı da istisna olmayacaq. Ölkənin tarixi və turizm regionlarına səfərlər isə daha kütləvi şəkildə müntəzəm təşkil edilib Mədəniyyət ocaqlarına, muzey, konsert və tamaşalara, kütləvi-mədəni tədbirlərə, uşaq əyləncə mərkəzlərinə kollektiv səfərlər də il boyu müntəzəm təşkil edilib.

Respublika əhəmiyyətli sosial layihələrdə də MİHİ fəaldır. “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə hər il AHİK-in xətti ilə keçirilən müsabiqədə davamlı olaraq, metropoliteninin əmək kollektivləri də fərqlənir. Bu dəfə nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonu qalib sayılıb. AHİK-in digər bir layihəsi "İlin peşəkar gənci" nominasiyasında fəxri ada 3 metropolitençi layiq görülüb. Elə tədbir zamanı bu layihə üzrə qaliblərə mükafatlar təqdim edilib. Məruzədə metropolitençilərin idman nailiyyətləri xüsusi qeyd olunub. Onlar “Zenit” İdman Cəmiyyətinin hər il keçirdiyi Respublika spartakiadasında fəal iştirak edir və yüksək nəticələr əldə edirlər. Son 4 ildə iki dəfə qalib, iki dəfə ümumi komanda hesabında 3-cü yeri tutublar. Cari ildə də yarışlar başa çatıb. 10 növ üzrə yarışlarda 70-dən artıq metropolitençi iştirak edib və ümumi komanda hesabında 2-ci yeri tutublar.
Məclisin iclasında AHİK sədrinin müavini Aqil Dadaşov iştirak və çıxış edib.

FAYDALI KEÇİDLƏR